Acından ölməyənlər yoxsulluq siyahısından çıxarılır
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, hazırda dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya üzrə ölçülür və gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, həmçinin 1 dollardan aşağı gəliri olanlar ifrat yoxsul hesab edilirlər:
“Əgər 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, bu gün dünyada gündəlik gəliri 2 dollardan az olan 2,5 milyard nəfər arasında Azərbaycan əhalisi yoxdur. Çünki ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği (hazırda 100 manat) ayda 128 ABŞ dolları səviyyəsindədir və bundan aşağı gəlirlərlə həmin səviyyə arasında yaranan fərq yardım şəklində dövlət hesabına ödənilir”.
Nazir deyib ki, sosial rifah halının yüksəlməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan BMT-nin son hesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-cı yerdə qərarlaşıb və yüksək inkişaf səviyyəsi olan ölkələr qrupuna daxil olub.
Bilirəm, Səlim Müslümovun bu “təsəlli”si hamınızı şoka salıb. Bəli, nazirimiz bizə başa salmağa çalışır ki, gündəlik qazancınız 2 dollardan çoxdursa, yoxsul deyilsiniz. Yəni hər gün 1 manat 60 qəpik qazanırsansa, yoxsulluğun daşını atmısan. Hökumətimiz bu qənaətdədir ki, acından ölməyən adam yoxsul deyil. Məsələn, 85 yaşlı kişi hər gün dilənərək dolanırsa, bu, yoxsulluğun məhv edilməsidir.
Səlim Müslümov bu nəticəni uğurlu iqtisadi inkişaf kimi təqdim edir. Bunların düşüncəsinə görə, vətəndaş digər zəruri ehtiyaclarını ödəməsə də olar.
Qeyd edək ki, dünyada qəbul olunmuş qaydaya görə, ailə büdcəsinin 35 faizi ərzağa xərclənirsə, bu, yoxsulluq sayılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzağa xərclənən vəsait əmək haqqının 60-65 faizini təşkil edir.
Orta aylıq əmək haqqı 3 min dollardan artıq ABŞ-da istehlak səbətinə 300 adda məhsul və xidmət daxildir. Bütün bunlara isə aylıq gəlirin cəmi 10 faizi xərclənir.ÿAvropa ölkələrində də vəziyyət oxşardır. Fransada 250, Böyük Britaniyada 350, Almaniyada isə 475 adda məhsula əhali aylıq gəlirlərinin cəmi 10-11 faizini xərcləyir. Lüksemburq və Belçikada da ərzağa xərclənən vəsaitlər əmək haqqının 11 faizini təşkil edir. Orta hesabla bu ölkələrin vətəndaşları bu məqsəd üçün ayda 200 avro xərcləyir. Bu ölkələrin hər birində minimum əmək haqqı 2500-3000 avro civarındadır.ÿ
Araşdırmalar göstərir ki, Azərbaycan nəinki Avropa, hətta MDB dövlətlərindən də geri qalır.
Məsələn, Belarusda bir ailənin ərzaq xərci aylıq gəlirin 37 faizindən artıq olmur. Ancaq son iki ildə bu xərclər bir qədər azalıb. Ukraynada da vəziyyət oxşardır. Bu ölkədə bir ilə ərzağa 2 min dollar sərf olunur. Moldovada ərzağa çəkilən xərclər bir qədər artıq, aylıq gəlirin 40 faizini təşkil edir.ÿ
Rəsmi statistikaya görə, ABŞ-da əhalinin 14,3%-i, (43,6 mln adam) yoxsulluq həddində yaşayır. Bu ölkədə aylıq gəliri 1000 dollar olanlar artıq yoxsul sayılır. Amma! Rəsmən yoxsul hesab edilən amerikalıların 90%-nin evi, yaxud mənzili var. ABŞ-ın bütün yoxsullarının avtomobili var.
27 ölkənin üzv olduğu Avropa Birliyində yoxsulların sayı ABŞ-da olduğundan bir qədər artıqdır: 17%, bu da 85 mln adam deməkdir. Avropa Birliyi ölkələrində gəliri yaşadığı dövlətdəki orta əmək haqqının 60%-dən az olanlar yoxsul sayılır. AB ölkələrində əmək haqqı fərqlidir. Lüksemburqda yoxsul sayılmaq üçün illik əmək haqqın 18,5 min avrodan aşağı olmalıdır. Danimarkada yoxsulluq səviyyəsi 14,5 min, Irlandiyada 13,7 min, Böyük Britaniyada 13,1 min, Isveçdə 12,1 min, Finlandiyada 11,9 min, Almaniyada 10,9 min avrodur. Ən aşağı səviyyə Rumıniya (1,1 min) və Bolqarıstandadır (1,3 min).ÿ
Bu siyahını uzatmaq da olar. Amma sadaladığımız faktlar göstərir ki, dünyanın heç bir ölkəsində acından ölməməyi varlılıq kimi qələmə vermirlər.
Onu da qeyd etmək lazımdır ki, hökumət yoxsulluq səviyyəsinin 5 faizə endiyini desə də, əslində vəziyyət xeyli fərqlidir. Hətta rəsmi statistika gəlirləri 75 manatdan aşağı olan 500 min adamın yoxsulluğa görə müavinət aldığını deyir. 2.2 milyon insan zəruri ehtiyacları ödəyə bilmədiyinə görə kredit borcu ödəyir.
Əslində, Səlim Müslümovun da dediklərindən aydın olur ki, Ilham Əliyev “yoxsulluğun kökünü kəsmişik” deyəndə, 2 dollarlıq baryeri nəzərdə tuturmuş. Həqiqətən də analoqu olmayan ölkədə yaşayırıq.
Akif


