Mətbuat Şurası “Azadlıq”ı təbrik etdi

Azərbaycan Mətbuat Şurası “Azadlıq”ın 25 illiyi münasibətilə qəzetə təbrik məktubu göndərib. Təbrikdə deyilir: 

Xalqımızın milli istiqlal mücadilələrində müstəqil mətbuatımız, istedadlı jurnalistlərimiz və fədakar qələm sahiblərimiz daim aparıcı rol oynayıblar. İstər ötən əsrin 20-ci illərində, istərsə də 90-cı illərinin astanasında baş verən ictimai-siyasi prosesləri incələyərkən fikrimizi təsdiqləyə biləcək kifayət qədər sanballı nümunələrə rast gəlirik. İlkin istiqlalımızın bəyan olunması ilə nəticələnən Azərbaycan Demokratik Respublikasının yaradılmasında dövri mətbuat nə dərəcədə möhtəşəm xidmətlər göstərmişdisə, xalqımızı ikinci müstəqilliyinə qovuşduran tarixi zaman kəsiyində də eyni missiya dəyişməz qalmışdı. «Azadlıq» qəzeti də mübarizə meydanına məhz həmin dövrün tələbindən, ruhundan qidalanaraq atılmışdı. 

«Azadlıq» qeyri-leqal yaradılmışdı. İlk sayını ehtiyatla mütaliə edənlər sonradan yolunu intirazla gözləyirdilər. Qəzet başqalarının deyə bilmədiklərini, çəkinə-çəkinə söylədiklərini cəsarətlə təqdim edirdi. Çünki azad sözə, müstəqil fikrə ehtiyac cəmiyyətin sosial sifarişindən irəli gəlirdi. Bu sifariş millətin azadlıq eşqindən qaynaqlanırdı. «Azadlığ»ın qısa zamanda görünməmiş populyarlıq əldə etməsinin kökündə məhz bu amil dayanırdı. Xalqın tribunasına çevrilən nəşrin 25 illik tarixinin səhifələri beləcə yazılmağa başlayırdı. 

Bu gün «Azadlıq» qəzetinin 25 yaşı tamam olur. Nəşrin yaradıcı potensialı, ən əsası isə böyük tarixi ənənəsi var. Azərbaycan Mətbuat Şurası «Azadlıq» qəzetini yubiley münasibətilə təbrik edir, nəşrin jurnalist kollektivinin hər birinə yeni-yeni uğurlar, möhkəm sansağlığı arzulayır.