Nemət Əliyev: «Bu fərmanı kommersiya banklarının əhaliyə verdiyi kreditlərin faiz dərəcəsini aşağı salacağı kimi qəbul etmək yanlışdır»
Mərkəzi Bank kredit faizlərinin aşağı salınması istiqamətində tədbirlər görməli olacaq. “Media forum” saytının məlumatına görə, bu tələb dövlət başçısı Ilham Əliyevin fərmanında – 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə sənəddə yer alır. I.Əliyev Mərkəzi Banka kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasını, həmin dərəcələrlə Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görməyi tapşırıb.
Mərkəzi Bankının uçot dərəcəsi 3,5 faizdir. Ancaq ölkə üzrə kreditlərin orta illik faiz dərəcəsi 14,3, istehlak kreditləri üzrə faiz dərəcələri illik 18, təminatsız kreditlərin orta illik faiz dərəcəsi isə 35 faiz təşkil edir.
Bəs belə bir qərar əhaliyə verilən kredit faizlərinə təsir edə bilərmi?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, dövlət başçısının imzaladığı bu sənədi ilk baxışdan gəlişi xoş gələn qərar kimi qəbul etmək mümkündür. Amma bunu o zaman demək mümkündür ki, qəbul olunan qərar kommersiya banklarının əhaliyə verdiyi kreditlərdə özünü göstərsin: “Sənəddən məlum olur ki, bu fərman Mərkəzi Bank ilə kommersiya bankları arasındakı münasibətləri tənzimləyir. Bu, əslində kommersiya banklarının vəziyyətini yaxşılaşdıran bir qərardır. Bu fərmanı kommersiya banklarının əhaliyə verdiyi kreditlərin faiz dərəcəsini aşağı salacağı kimi qəbul etmək yanlışdır. Çünki əhaliyə verilən kreditlərin faiz dərəcəsini müəyyənləşdirmək kommersiya banklarının üzərinə qoyulur. Əgər kommersiya bankları Mərkəzi Bankın bu addımını əsas götürüb, faiz dərəcərələrini aşağı salacaqlarsa, bunu iqtisadiyyatın stimullaşması üçün görülən tədbir kimi qiymətləndirmək olar. Amma yaxşı xatırlayıram, bir müddət bundan əvvəl analoji addım atılmışdı. Mərkəzi Bank oxşar qərar vermişdi. Amma təcrübə göstərdi ki, bu praktika özünü doğrultmadı”.
N.Əliyev hesab edir ki, I.Əliyevin fərmanının da MB-nin qərarının taleyini təkrarlanması daha çox realdır. Azərbaycanda kreditlərə görə faiz dərəcələrinin çox yüksək olduğunu deyən N.Əliyev vurğuladı ki, xüsusilə regionlarda faiz dərəcələri pik həddə çatıb.
Xəyal


