Dünya bu hakimiyyətə niyə “paxıl”lıq edir?

Bərbad təhsili, keyfiyyətsiz səhiyyəni, kütləvi korrupsiyanı dünyanın gözü götürmür

Azərbaycan hakimiyyəti müasir dünyaya adaptasiya oluna bilmir. Ya da elə düşünürlər ki, ölkə vətəndaşları dünyada baş verənlərdən xəbərsizdi. Çünki, 20 ildən artıq bir müddətdə gülünc arqumentlər, qeyri-real yanaşmalar, biabırçı müdafiə taktikası hökm sürür.

Artıq ölkə və dünya ictimaiyyəti  başa düşür ki, bu gün “ermənipərəst”, “vətən xaini”, “narkoman” ittihamları ilə həbs olunmuş adamlar, hakimiyyəti tənqid etməyin, həqiqəti söyləməyin cəzasını çəkirlər. Yəni hakimiyyətin mahiyyəti  tam aydınlaşıb və insanlar rejimin hansı dəyərin daşıyıcısı olduğunu dərk edir.

Bir qayda olaraq ölkə başçısı Ilham Əliyevdən tutmuş, millət vəkillərinə qədər “dünyanın gözü Azərbaycandakı inkişafı götürmür” arqumenti “at oynadır”.

Bu gülünc arqumentlə vətəndaşları nəyəsə inandırmağa çalışırlar. Bu adamlar başa düşmür ki, indi informasiya əsridir və dünya ölkələri ilə müqayisə aparmaq çox sadə biliklər tələb edir.

Ümumiyyətlə, dünya Azərbaycandakı hansı sahənin inkişafına paxıllıq edə bilər?

Əvvəla,  hakimiyyətdən demokratiya və insan haqlarına hörmət tələb edən dövlətlərə nəzər salsaq, müqayisəolunmaz fərqi görəcəyik. Belə ki, bu ölkələrdə ÜDM trilyonlarla ölçülür,  bu ölkələrdə dövlət büdcəsi 600, 700, 800 milyardlarla ölçülür. ABŞ-da, Avropada elə şirkətlər var ki, illik dövriyyəsi Azərbaycanın dövlət büdcəsindən 10 dəflərlə çoxdur. Yəni bugün hakimiyyətin “bizi gözləri götürmür” deyərək ittiham etdiyi ABŞ və Avropa Birliyinin Azərbaycana qibtə etmək üçün heç bir əsasları yoxdur.

Başqa hansı sahələrdə Azərbaycana qibtə etmək olar?  Hakimiyyətin ən yuxarı pilləsində oturan adam etiraf edir ki, elm və təhsil sahəsi bərbad vəziyyətdədir. Millət vəkilləri etiraf edirlər ki, bank sistemi, kredit siyasəti  iflic durumdadır, evsizlik, işsizlik yüksək səviyyədədir.

Təhsilin, səhiyyənin, hüququn məhv edildiyi, insan haqlarının tapdandığı, iqtisadiyyatın yalnız neftdən asılı olduğu, 2 milyondan artıq vətəndaşın dolanışıq səbəbindən ölkəni tərk etdiyi bir reallıqda, dünya nəyə qibtə etməlidir?

Milyonlarla vətəndaşın müalicə üçün Irana, Türkiyəyə getməsinəmi? Müəllimin, həkimin, təqaüdçünün dilənçi puluna möhtac olmasınamı? Hər il 10000 ailənin dağılmasınamı,  intiharların artmasınamı, ölkənin 20 faizinin Ermənistanın əsarətində qalmasınamı paxıllıq edirlər?

Bəlkə, dünya Azərbaycandakı qondarma həbslərə, ölkənin sərvətlərini bir qrupun talamasına, korrupsiya layihələrinə, monopoliyaya görə bizi gözləri götürmür.

Canablar, bunu bizdən əsirgəməyin, bizə də deyin. Deyin, bilək ki, dünyanın gözü Azərbaycanı niyə götürmür?

Xatırlatdıq ki, təhsil, səhiyyə, elm, hüquq sistemi, sosial vəziyyət, vətəndaşa hörmət Azərbaycanda sıfır həddindədir.  Bəs, hansı inkişafdır ki, dünyanı qıcıqlandırır.

Tamam unutmuşduq. Yəqin, Ziya Məmmədovun kövrək körpüləri, yerlatı keçidləri, yol qovşaqları, asfalt “fenomen”i dünyanı narahat edir. Yəqin, bu “yol xəritəsi”nə görə dünya bizi qısqanır.

Belə çıxır ki, hökumətimizi bütün dünya ilə Ziya Məmmədov düşmən edib. Onun bu “ildırımlı yollar”ı dünyanı lərzəyə salıb. Indi bütün dünya “o yollardan bizdə niyə yoxdur” deyərək Azərbaycana qarşı ikili standartlarla yanaşır.

9 milyonu gözdən çıxarmış hakimiyyəti, dünyanın gözü götürmür. Göz dəyməsin, bu inkişafın pikidir.

Reallıq isə budur ki, müasir dünyada belə “inkişaf” etmiş ölkələrə yer yoxdur. Özlərini dünyanın gözünnən salandan sonra, dünyanın gözündə problem axtarırlar.

Akif