“Azadlıq” – müasir mətbuat tarixi

Haqqıyla Azərbaycanın ilk müstəqil ümummilli qəzeti adlandıra biləcəyimiz “Azadlıq” qəzeti 25 illiyini qeyd edir. Bu qəzetin keçdiyi yolu ümumilikdə bütün Azərbaycan mətbuatına aid etmək olar və bir qəzetin tarixini başlanğıcını sovet Yenidənqurmasından və Açıqlığından götürən bütünlükdə müasir jurnalistikanın tarixi adlandırmaq olar.

 

“Azadlıq”ı, əlbəttə ki, jurnalistika etalonu adlandırmaq olmaz və qəzet bu ada iddia etmir. Amma bu qəzet Azərbaycan mediasının  və jurnalistlərin düşünmək və faktları şərh etmək müstəqilliyini əlindən alan problemlərini aşmağı bacaran azsaylı mətbuat orqanlarından biridir.

Qəzet 25 illik yubileyinə Azərbaycan üçün heç də xoş olmayan bir şəraitdə gəldi: 16 həbs edilmiş jurnalist və bloger, qeyri-azad ölkənin beynəlxalq reytinqlərdə nüfuzlu yeri, bütün növ KİV-lərin (qəzetlərin, TV-radio, onlayn medianın) hökumətdən, demək olar ki, 100%-lik asılılığı.

Vəziyyət jurnalistikanın sovet dövrünə çox bənzəyir, amma onunla fərqlənir ki, Qorbaçov açıqlığı dövründə və müstəqilliyin ilk illərində jurnalistlər həbsxanalara düşmürdü, qəzetlərin inkişaf təmayülü olan sabit gəlirləri var idi və özünüsenzura səviyyəsi indikindən xeyli aşağı idi. Məsələn, həmin illərdə tirajlar 200 minə çatırdı. Digər qəzetlərdə də vəziyyət eyni idi. Media biznesi öz xərclərini qarşılayan və gəlirli sahə hesab olunurdu, bu da qısa müddət ərzində onlarla öz xərclərini ödəyən qəzetlərin, informasiya agentliklərinin meydana çıxmasına imkan verdi.

Bu dövrü Azərbaycan jurnalistikasının “qızıl” dövrü adlandırmaq olar. “Azadlıq” günün çalarını, gündəliyini müəyyən edirdi. Onun rəhbərliyi həmin vaxtlar nüfuzlu sayılan illik “Media Açarı” jurnalist mükafatına layiq görülürdü. Qəzet və onun reportyorları bu mükafat üzrə reytinqlərdə ilk yerləri tuturdular.

90-cı illərdə “Azadlıq” Bakı Mətbuat Klubunun təsisçilərindən biri olur, formalaşmış Redaktorlar Şurasının   iclaslarının çoxunu “Azadlıq” qəzetinin binasında keçirilir. Bu illərdə mətbuatın birləşməsim vüsət alır, bu da ölkədə söz azadlığının dərəcəsinə və keyfiyyətinə nəzərəçarpan təsir göstərir. Amma 1998-ci il hələ möhkəmlənməyə müvəffəq olmamış müstəqil jurnalistikanın həlakı üçün əsas, başlanğıc ili olur. Qəribədir ki, hər şey 1997-ci ilin avqust ayında KİV-də dövlət senzurasının ləğvindən başlayır. Bu zaman gözlənilən yeni özünüifadə imkanları yerinə KİV-in iqtisadi və mənəvi cəhətdən boğulması dövrü başlayır.

İlk növbədə mətbuatın iqtisadi əsaslarına zərbə endirilir. Bir anda dövlət nəşriyyatları tərəfindən çap məhsullarının qiyməti, qəzetlərin paylanması qiymətləri bahalaşdırılır, reklam verənlərə təzyiqlər başlayır, onlar KİV-ə reklam verilməsinə son qoymağa məcbur edilir. Eyni zamanda jurnalistlər arasında həbslər aparılır, mətbuatın məhkəmə təqibi mexanizmi işə salınır.

“Azadlıq” da digər KİV-lər kimi kollapsın qarşısını almaq üçün əlindən gələni edir. Qəzetlər etiraz aksiyalarında fəal iştirak edir, amma həm də vəziyyəti xilas etmək üçün KİV və hakimiyyət arasında müxtəlif kompromiss formatlarının yaradılmasına çalışır. Mətbuat Şurasının təsis edilməsi belə güclü addımlardan biri oldu. Bu qurumun yaradılmasında “Azadlıq” qəzetinin kollektivi mühüm rol oynayıb. MŞ öz sıralarında müxtəlif istiqamətli hökumət mətbu orqanlarından müxalifət qəzetlərinə qədər müxtəlif istiqamətli redaksiyaları birləşdirən kompromiss təşkilatı kimi müstəqil mətbuatın problemləri ilə bağlı məsələləri həll etməli idi. Lakin kompromiss cəhdləri tezliklə hakimiyyət tərəfindən rədd edildi, bu, daha sərt iqtisadi, məhkəmə təqiblərində və fiziki təqiblərdə özünü göstərdi. Elmar Hüseynovun qətli, “Azadlıq” qəzetinin öz qərargah-mənzilindən çıxarılması, bunun ardınca redaktordan reportyorlara qədər qəzet əməkdaşlarının döyülməsi, həbsləri, çoxsaylı məhkəmə iddiaları və s. bunun kulminasiya nöqtəsi oldu. Bu mənada çətin ki, belə böyük itkilər vermiş bir KİV tapılsın.

Qəzet çox cüzi şəkildə qorunub saxlanmış informasiya azadlığı adasının bir hissəsi kimi mürəkkəb tarixi addım atır və Söz Azadlığına çox az yaxşı şeylər vəd edən 2015-ci ilə daxil olur. Dünən Azərbaycan Parlamenti KİV haqqında qanuna qeyri-azad məhkəmə sisteminin bir neçə dəfə məhkəmədə uduzan nəşrləri bağlamaq hüququ verən növbəti sərtləşdirmə etdi. Bu növbəti “Damokl qılıncı” redaksiyalarda qorxunu daha da artırmaq və özünüsenzura dərəcəsini yüksəltmək məqsədi daşıyır. Amma hökumətin belə mürtəce tədbirlərinin ölkənin söz azadlığı və müstəqilliyi uğrunda 25 illik tarixi mübarizə təcrübəsi olan “Azadlıq” jurnalistləri sıralarına vəlvələ sala bilmək ehtimalı yoxdur.

Turan agentliyi