(Özgürlüyümüzün Özgürlüyü)
Xaliq Bahadır
Çox-çox illər öncə Azərbaycanda dünyaya yeni bir qəzet gəldi – “Azadlıq” qəzeti. Gerçəkdən yeni qəzet – yeni gerçəkliyin yeni qəzeti. Ilkin yaranış cücərtilərindən indiyədək bu qəzetə bağlı kimsə olaraq Azadlıq adına bildiyim çox nəsnələr var. Indi onlardan danışmyacam; onlar tarix üçün, gələcək soylarımız üçün detallarınadak yazılıb qalmalıdır. Yazarıq. Indilikdə bir neçə qaranlıq epizoda ötəri aydınlıq gətirmək yetər. Indilik…
“Azadlıq”ın ilk redaktoru Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru idi. Mən Teleradio Verilişləri Komitəsində redaktor idim. 3500 adamlıq jurnalist kollektivində mən ipə-sapa yatmayan, özbaşına kimsə olaraq tanınırdım. “Qorxulu” Puşkinin senzoru çar I Nikolay özü olduğu kimi, mənim verilişlərimin də baş senzoru Komitə sədrinin Radio üzrə yardımçısı idi. Verilişlərim tez-tez senzura yasaqı ilə üzləşərək birbaşa arxiv materialına çevrilirdi. Gerçək jurnalist-yazar üçün bunlar çox pis, ürəyi yaralayan faktlardandır. Ürəyim dopdoluydu, sözümü deməyə, ürəyimi boşaltmağa tribuna axtarırdım. Sovet rejimində mənim kimi yurdsevərlər üçün bütün qapılar qapalı idi.
Moskva mediasında ermənilər Azərbaycana qarşı açıq informasiya savaşı aparır, Azərbaycan nomenklaturasının xəyanəti, satqınlığı üzündən biz onlara Bakının özündə belə cavab verə bilmirdik. Ara getdikcə qızışır, ermənilər informasiya savaşından yaraqlı savaşa keçir, “Ermənistan”da, Qarabağda bizi qırırdılar. Bir yandan respublika hökumətinin, o biri yandan qəzetlərin, teleradionun çoxsaylı yalanlar içində SUSQUNLUĞU üzündən sinirlər tarıma çəkilmişdi. Bu arada gözlənilmədən Nəcəf Nəcəfovun “Molodyoju” səsini çıxarmağa başladı. Tezliklə biz Xalq Hərəkatını yaratdıq. Xalq Hərəkatı “Azadlıq” qəzetini doğurdu. “Azadlıq”dan qabaq biz üç bülleten çıxardıq. Bülletenlər respublikanın bu başından o başına əldən ələ gəzirdi. Bülletenlərin necə sevgi, necə coşqu doğurduğunu görüncə, yubanmadan qəzet çıxarmağı kəsdirdik. Beləliklə, “Azadlıq” doğuldu. Qəzetə “Azadlıq” adını mən verdim. Qəzetlə bağlı ilk yığıncaqlar Ağamalı Sadiqin evində keçirilirdi.
“Azadlıq”ın başladığı, getdiyi, tutduğu yol başqa yoldur. Bu yolda əyintilər, yanlışlar olub (çağındaca o əyintilərə, yanlışlara qarşı çıxmışam), ancaq bu yolda toplumsal, ulusal ideallardan dönmə, sapıntı, o ideallara qarşı çıxma olmayıb. Qəzet olsa belə, keçmiş keçmişdə qalıb, bugünlər baş verənlər hamının gözünün qabağındadır: “Azadlıq” bu gün də jurnalistika ideallarına, toplumsal, ulusal ideallara bağlı qəzet olaraq yaşamaqda, var olmaqdadır. Rejimin KIV-ə dəstək fondu adı altında jurnalistləri satınalma siyasətləri; “Azadlıq” adasını yox etmək üçün çoxsaylı, çoxçeşidli repressiyaları; “Azadlıq” jurnalistlərinin izlənmələri, tutulub dustaq edilmələri; qəzet satışının metrodan yığışdırılması, əl yayımına qoyulan yasaq, qəzet köşklərinin bir çox yerlərdən yığışdırılması, dolanışıq dözülməzliyi içində jurnalistlərin çörəklə sınağa çəkilməsi faktları – bütün bunlar ölkədə sonuncu AZADLIQ qalasını – “Azadlıq” qəzetini sudurmaqla Azərbaycanı yenib MƏNIMSƏMƏK üçündür!
Ortada Azadlıq adına tapıntı yoxdur. Ortada Azadlıq adına əl çəkilməyən, vaz keçilməyən jurnalistika prinsipləri var: doğru-gerçəyi yazmaq, doğru-gerçəyə bağlı qalmaq. Oğru rejim ortamında doğru-gerçəyi yazmaqdan, doğru-gerçəyə bağlı qalmaqdan çətin nə ola bilər?! Azadlıq yaranışından belə bir çətin yükü daşımaqdadır. Rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopolyanın DÖVLƏT SIYASƏTINƏ dönüşdüyü ölkədə jurnalist olsan da, olmasan da tək elə özgür-azad düşüncəli olmağın, özgürlük-azadlıq idealına bağlı qalmağın özü dözülməzdir, onda qalmış özgürlük-azadlıq carçısı jurnalist-qəzet olasan! Bu yolda yürümək çətindir-ağırdır, ancaq Ulusuna, Ölkənə, Dövlətinə bağlı qalaraq onların bütövlükdə uğursuzluğa-yoxluğa sürükləndiyini görmək, anlamaq, düşünmək, sonra da susmaq daha çətin, daha ağırdır.
Yazdıqlarımızın indilikdə böyük etkisi olmadığını biz özümüz hamıdan yaxşı anlayırıq. Anlayırıq, ancaq yolumuzdan dönmürük. Yolsuzluq yolundakı bolluq yüksəlişindən YOL yolundakı saya yürüməni üstün tuturuq. Azların getdiyi Yol yolların üstünü olduğu üçün! Bizi tez-tez qınayanlar olur: sizin yazdığınıza baxan kimdir? Doğrudur, ancaq… “Azadlıq” qəzetinin başına gətirilənlər – rejimin Azadlıqla yağıcasına barışmaz savaşı – “sizin yazdığınıza baxan kimdir?” sorğulu söyləmələrin, baxışların qarşısında dağ kimi dayanan danılmaz faktdır! Bundan başqa, ən azı, analitik düşüncəli kimsələr olaraq bizim borcumuz Ulusumuzun, Ölkəmizin, Dövlətimizin başına gətirilənləri konkret faktlarla açıb ortaya qoymaq, bizi nələr gözlədiyini açıq bildirməkdir. Bir sıra media qurumlarının etdiyi kimi, bizim missiyamız gerçəkləri gizlətmək deyil, bütün çılpaqlığıyla açıb göstərməkdir. Dünyada nələr baş verir, qlobal gəlişmələrin, sürəclərin bizə hansı etkiləri ola bilər, bizim durumumuz necədir, bu durumdan çıxmaq üçün nələr etməliyik – bunlarla bağlı bilgilərin verilməsi jurnalustikanın görəvi, vazkeçilməz borcudur. Biz “Azadlıq” olaraq bu sayaq jurnalistika yolunun yolçularıyıq. “Azadlıq” yaranışından gerçəkdən-gerçəyə DÖRDÜNCÜ HAKIMIYƏT görəvlisi olub, DÖRDÜNCÜ HAKIMIYƏT funksiyasını yerinə yetirib (AXC hakimiyətində də!), bu gün də belədir. Dördüncü hakimiyətsə, bəlli olduğu kimi, diktatorların – oğru hakimiyət adamlarının, korrupsiya-repressiya rejimlərinin ən böyük, ən qorxunc düşmənidir.
…Bir gün “Azadlıq” redaksiyasına mitinqlərdən tanıdığım gizli polis əməkdaşı gəlmişdi. Xalq hərəkatı başlayandan o bizimlə çarpışma aparmış, Hərəkatın aktiv öncüllərindən biri olaraq mənim özümlə dönə-dönə toqquşmuşdu. O, dediyinə görə, indi hüquqları pozulduğu üçün “Azadlıq”dan kömək umurdu. 1991-ci il idi. Bundan bir neçə il öncə, 1988-ci il dekabrın 5-də, Meydan hərəkatının son günü, o məni tutub ruslara tanıtmış, ruslarsa məni Bayıl türməsinə salmışdılar. Mən “Azadlıq”dakı otağıma girəndə o mənim yerimdə oturub hüquqlarının pozulması ilə bağlı başına gələnləri danışırdı. Onunla uzun-uzadı baxışdıq. Barmağımı Azadlıq meydanına tuşlayıb soruşdum: “Yadındadı?” – “Yadımda deyil”, – deyib başını aşağı saldı. “Azadlıq”ın istər keçmişində, istərsə də indisində belə faktlar yetərincədir.
Biz bu gün jurnalist-qəzet olaraq öyünə də bilərik, öyünməyə də. Öyünə bilərik: olduqca çətin, ağır bir durumda jurnalistika ideallarından geri çəkilmədiyimiz, doğru-gerçək yol yolçusu olduğumuz üçün. Öyünməyə bilərik: bizdən qabaqda Həsən bəy Zərdabi, Mirzə Cəlil, Məhəmməd Əmin Rəsulzadə kimi (eləcə də adını çəkmədiyim bir çox başqaları) azmanlar var. Onlar – o böyük Azərbaycan Ərləri – 20-ci yüzilin başlanğıc çağlarında böyük çətinliklər içində sonədək çarpışma, dönməzlik sərgiləməklə alınıb-satılmazlıq, əyilib-yenilməzlik örnəyi yaratdılar. Onlar yolaçanlar, bizsə, açılmış yolu gedənlərik. Burasını da demək gərəkir: bu gün bizimlə birgə onların da bayramıdır; getdikləri, göstərdikləri YOL qalır, yolçuluqlar qalır. O YOL gec-tez uğura varacaq Özgürlük – Azadlıq yoludur. Yolumuza uğur!