Gültəkin Hacıbəyli: «Bu, beynəlxalq təşkilatlarda Azərbaycandakı seçki institutuna etibarın itməsinin təzahürüdür»
Azərbaycanda daha bir bələdiyyə seçkisi arxada qaldı. Amma budəfəki seçki də əvvəlkillərdən bir o qədər də fərqlənmədi. Əksinə, 23 dekabrda keçirilən seçkini ən sönük seçki adlandırsaq, yanılmarıq. Çünki ölkədə seçki ab-havası hiss olunmadı. Bir neçə hakim mətbu orqanı istisna olmaqla KIV-lərdə də seçki nəzərə çarpmadı. Hətta iş o yerə çatıb ki, MSK-nın müraciətinə rəğmən Avropa Şurası seçkini izləməyə nümayəndə heyəti göndərmədi. Düzdür, MSK bunu Qərbdəki Yeni Il tədbirləri ilə izah etsə də, bunun səbəb olmadığı məlum məsələdir.
Əslində Avropa Şurası kimi nüfuzlu qurumun belə bir reaksiya sərgiləməsi təsadüfi deyil. Görünür, bundan əvvəlki seçki müşahidələrindən çıxış edən Qərb təşkilatları hakimiyyətin seçki taktikasında elə bir dəyişikliyin olmadığını bildiklərindən belə qərar qəbul ediblər.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Avropa Şurasının bu münasibəti beynəlxalq təşkilatlarda Azərbaycandakı seçki institutuna etibarın itməsinin təzahürüdür. Avropa qurumları, o sıradan Avropa Şurası kimi bir təşkilat Azərbaycanda seçki institutunun iflasa uğradığını etiraf edir və bu üzdən də seçkilərdə iştirak etmir. Digər tərəfdən, bu, bələdiyyə institunun iflasa uğradığını, bələdiyyənin bir idarəetmə mexanizmi kimi funksionalığının itirilməsinin etirafıdır. Heç də təsadüfi deyil ki, hətta parlament səviyyəsində belə bələdiyyələrin öz funksionalığını itirməsi vurğulanıb. Bələdiyyələrin icra hakimiyyətlərinin səlahiyyətsiz struktura çevrildiyi dəfələrlə vurğulanıb. Sentyabr ayından artıq kimlərin bələdiyyə üzvü seçildiyi parlament səviyyəsində belə qeyd edilib. Avqust-sentyabr aylarından kimin bələdiyyə üzvü olacağı bəllidirsə, belə olan halda həm bələdiyyə, həm də seçki institutuna etimad itir. Avropa Şurasının da seçkiləri müşahidə etməsindən imtinası Yeni Il tətilləri ilə bağlı deyil. Bu, Azərbaycandakı seçki institutuna etimadın tükənməsiylə bağlıdır”.
G.Hacıbəyli vurğuladı ki, Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın seçki qanunvericiliyi ilə bağlı təkliflərini irəli sürüb. Lakin buna baxmayaraq seçki mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində heç bir addım atılmayıb. Nəinki müxalifət, hətta iqtidar mətbuatının belə bu seçkilərə maraq göstərmədiyini deyən G.Hacıbəyli vurğuladı ki, insanların bir çoxu, ümumiyyətlə, ölkədə seçkinin olduğunu bilməyib. Seçkinin keçirilməsi ilə bağlı paylaşılan səs-küylü videolar da seçkinin hansı atmosferdə keçirildiyini sübut edir.
Xəyal


