Arif Hacılı ”Azadlıq”ı təbrik etdi

Müsavat başqanı Arif Hacılı “Azadlıq” qəzetini 25 illik yubileyi münasibətilə təbrik edib. Arif bəy təbrikini facebook səhifəsində yayıb:

“Bu gün “Azadlıq” qəzetinin 25 yaşı tamam olur. İlk sayı 200 min tirajla çıxmışdı. Belə böyük tirajla çıxsa da, köşklərdə tapılmırdı. Hər kəs bu qəzeti oxuyurdu, bu qəzetin varlığına sevinirdi.

O dövrdə AXC-nin əsas siyasi tribunası olan “Azadlıq” qəzeti siyasət və mətbuat tariximizdə ilk gündən mühüm rol oynadı.

“Azadlıq” qəzeti bu illər ərzində çox ağır sınaqlarla üzləşdi. Daim təziq altında olsa da, 25 ildir ki, fəaliyyət göstərir. Müəyyən etdiyi siyasi xətti müxtəlif istiqamətlərdən olan fərqli münasibətlərə baxmayaraq, dönmədən davam etdirir. Mətbuat tariximizə yeni səhifələr yazır.

Qənimət Zahid başda olmaqla, “Azadlıq” qəzetinin bütün kollektivini, bu illər ərzində qəzetdə çalışmış hər bir jurnalist həmkarımı əlamətdar gün, fəaliyyətin 25 illiyi münasibəti ilə təbrik edirəm.

“Azadlıq” qəzetinin qurucusu mərhum dostumuz, çox dəyərli Nəcəf Nəcəfovun ruhu şad olsun!”.