“Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edənlərin ardı-arası kəsilmir. Müxtəlif səbəblərdən hazırda xaricdə yaşayan soydaşlarımız da qəzetə təbrik göndərirlər. Onlardan bir neçəsini təqdim edirik:
***
“Azadlıq” qəzetinin şərəfli kollektivi!
Sizi Ukraynada yaşayan azadlıqsevər insanlar adından və şəxsən öz adımdan 25 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Bütün bu 25 il ərzində “Azadlıq” öz fədakarlığı və əzmi ilə Azadlığın heykəlini yaratmışdır. Mübaliğəsiz olaraq deyirəm ki, onun indiki və bu qəzetin bayrağını uca tutmaqda davam edən bütün keçmiş əməkdaşları sözün həqiqi mənasında əsl qəhrəmandırlar.
Biz sizinlə fəxr edirik. İnanırıq və fərqindəyik ki, siz Azərbaycan xalqının azadlığı naminə heç bir təmənnasız bu fədakar fəaliyyətinizə davam edirsiniz. İnanırıq ki, sizin və bizim hamımızın arzusu olan o Azadlıq ideyaları bu cür fədakarlıqların sayəsində xalqımızın nəsibi olacaqdır. Azərbaycanlıların gerçək azadlığı millətin ən dəyərli insanlarının inadlı mübarizəsinin nəticəsi olaraq yetişəcəkdir. Siz bu yoldasınız və sizə uğurlar.
Yalçın Qəhrəmanoğlu (Milli Şuranın üzvü), Ukrayna
***
“Azadlıq” azadlıqsevərlərin tək müstəqil fikir çatdırmaq vasitəsi, söz azadlığının axırıncı dirəyidir. 25 ildir bu çap orqanı hansı çətinliklərə, sifarişli məhkəmə çəkişmələrinə, bərkimə-təkmilləşmə imtahanlarına sinə gərmədi ki?! İllər əvvəl dediyim bir fikrin sərrastlığına getdikcə əminliyim çoxalır : “Azadlıq” Məktəbinin tələbəsi, məzunu olmadan praktiki jurnalistikaya vəsiqə qazansan da, sonda həmin vəsiqən ya kompestə olunacaq, ya da jurnalist şərəfi imtahanından “qeyri-kafi” alacaqsan. “Azadlıq” ictimai-siyasi həyatla, müstəqillik və dövlətcilik dəyərləri ilə 25 ildir birgə Yol gedir. Bu günlər (elə dünəni də belə olub) böyük zor və şər maşınının çoxtonlu asfalt bərkidəcək arabaları üstünə sürülür, amma əzilmir, yenə qalxır, önə keçir, oxucularının yanında olur… Əminəm, necə ki, qürurla “milli mətbuatımızın tarixi “Əkinçi”dən başlayır”, – deyirik, yaxın zamanlarda “Azadlıq” demokratik Azərbaycan Respublikasının müstəqilliik qazanmasında xüsusi yeri-funksiyası, bugünkü depressiya-repressiya illərində hər zaman xalqın tribunası olduğu üçün dərsliklərə salınacaq. 25 yaşını təbrik edirəm, “Azadlıq”ım – insan və şəxsiyyət azadlığımın mənə hopmuş hissəsi!
Elxan Nur Qubadlı (GUAM Jurnalistləri Birliyinin sədri), Ukrayna
***
“Azadlıq” qəzetinin 25 yaşı tamam olur. O, azadlıq üçün yarandı, azadlıq üçün çalışdı və bu gün də sözün düzünə mənasında azadlıq üçün vuruşur. Sözlə vuruş ən çətin vuruşdur. Hərbin roluna və hərbçilərin vuruşuna kölgə salmaq fikrim yoxdur. Amma sözlə vuruşun ondan bütün mənalarda yüksəkdə dayanmasına da şübhə etmirəm. “Azadlıq” onu bacardı.
“Azadlıq” qəzeti bu gün Azərbaycanda azadlığın son qalasıdır. O, əli hər yerdən üzülən qara camaatın da, şərin düşərgəsini tərk edən dünənin bərk gedən məmurunun da son ümid yerinə, haqın və ədalətin son instansiyasına çevrilib.
Müasir Azərbaycanda bu qəzetdə çalışmaq hər an narkobaron, xuliqan və hətta Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin neçə-neçə ölü maddələrində nəzərdə tutulan cinayətlərin sübyekti olma təhlükəsilə üz-üzədir. Bu insanlar dövrümüzün fədakarlıq nümunələridir.
25 yaşın uğrunda mübarizə apardığın idealların Azərbaycanda təntənəsinə start verisn, “Azadlıq”! Bu, Sizin ən böyük mükafatınız olardı!
Ataxan Əbilov, Hollandiya
***
“Azadlıq”ımın 25 yaşı tamam olur. Bu 25 il necəd də tez gəlib keçdi. Eziz qəzetim, səni və sənin keçmiş və indiki əməkdaşlarını ürəkdən təbrik edirəm! Hər işiniz uğurlu olsun, qələminiz isə iti.
Tanrıdan Nəcəf Nəcəfova və “Azadlıq”ın dünyasını dəyişən başqa əməkdaşlarına rəhmət diləyirəm…
Biz sizi unutmayacağıq.
Bayramın mübarək, “Azadlıq”ım!
Güllü Cahangirova, İsveç
***
“Azadlıq” qəzeti Azərbaycanın ictimai-siyasi həyatında çox önəmli hadisədir. Bu 25 il ərzində qəzet və orada çalışan insanlar vaxtilə sovet totilatar rejimin təzyiq və təqibləri ilə üzləşmişdir. Lakin çox təssuf ki, bu gündə müstəqillik dövründə cəmiyyətdə baş verən prossesləri oldugu kimi insanlara çatdırdığı üçün qəzetə və onun kollektivinə qarşı təqib və təzyiqlər davam edir.
Bu gün “Azadlıq” qəzetinə qarşı edilən təzyiqlər yalnız azad sözə qarşı deyil, eyni zamanda, azərbaycan xalqının şərəfli müstəqillik və demokratiya uğrunda mübarizə tarixinə qarşı edilən bir qəsddir.
“Azadlıq” qəzeti yalnız Azərbaycan mətbuatının deyil, bütövlükdə Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu tarix alternativ fikirlilik, insan haqları və demokratiya uğrunda mübarizə səhifələri ilə zəngindir.
“Azadlıq” qəzeti dedikdə, bir çox insanlarda xoş xatirələr, gözəl nostalji hisslər və demokratik gələcəyə inam yaranır. Azad sözün alınmaz qalası olan “Azadlıq” qəzetinin təmannasız, fədəkar kollektivini təbrik edir və uğurlar arzu edirəm. İnanıram ki, bu fədəkar insanlar tezliklə istəyində olduqları və uğrunda mübarizə apararaq çox sayda qurbanlar verdikləri demokratik və ədalətli Azərbaycan dövlətinə nail olacaqlar.
Surxan Lətifov, İsveçrə