Putinin müttəfiqləri Kiyevə niyə getdi?
Razi Nurullayev: “Lukaşenko və Nazarbayev Avrasiya Ittifaqının perspektiv vəd etmədiyini anlayırlar, ona görə də Qərblə körpüləri yandırmaq istəmirlər”
Kiyevdə səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynaya hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. O bildirib ki, iki ölkə indiyədək olduğu kimi, bundan sonra da birlikdə hərəkət eədcək. “Bu qədər açıq danışıram. Fərqi yoxdur, Poroşenko nə istəyir istəsin, 24 saat ərzində həyata keçirməyə hazıram. Biz həmişə birlikdə addım atmışıq, bir-birimizə doğma insanlarıq və irəliyə getmək üçün bundan sonra da belə olacaq.
Istəyirəm ki, Ukraynada hər şey yaxşı olsun. Bir çoxları bunu oyun zənn edir. Bilirəm ki, Poroşenko belə düşünmür. Mən Ukraynaya kömək etmək üçün əlimdən gələni etməyə hazıram”, – deyə Belarus prezidenti bildirib.
Ötən gün isə Qazaxıstan prezidenti N.Nazarbayev Ukraynaya səfər edib. P.Poroşenko Ukraynanın ərazi bütövlüyü məsələsində tutduğu aydın mövqeyə görə N.Nazarbayevə təşəkkür edib: “Mən Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verilən qəti və ardıcıl dəstəyə görə sizə çox minnətdaram”.
Qazaxıstan prezidenti isə Ukraynanı uğurlu demokratik seçkilərin keçirilməsi və yeni hökumətin formalaşması münasibətilə təbrik edərək bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın bərpası və Donbas probleminin həlli üzrə sülh prosesinin sürətlənməsinə hər cür dəstək verəcək. O, sülh prosesinə qoşulmağa hazır olduğunu vurğulayıb.
Rusiyanın yaxın müttəfiqi sayılan, onunla eyni ittifaqda olan Belarus və Qazaxıstan prezidentlərinin Ukrayna səfəri Moskvaya meydan oxumaq kimi də dəyərləndirilir.
Bəzi ekspertlər hesab edir ki, Rusiyanın getdikcə zəifləməsi belə bir addımı zəruri edir. Yəni hər iki prezident demokratik dünyaya jest edir.
Siyasi ekspert Razi Nurullayev hesab edir ki, hər iki prezident Qərblə körpüləri yandırmamaq üçün belə siyasi gedişlərə üstünlük verirlər: “Əgər Rusiyanın Ukrayna ilə yaxınlaşmaq istəyi olsaydı, bu səfərləri vasitəçilik kimi qiymətləndirmək olardı. Indiki halda isə Rusiya Qərbə və Ukraynaya qarşı aqressivdi. Təbii ki, bu səfərlər Putini qane edə bilməz. Ancaq reallıq budur ki, Qazaxıstan və Belarus prezidentləri dərk edir ki, Putinin yaratdığı Avrasiya Ittifaqı vəd olunan perspektivi gətirməyəcək. Avrasiya Ittifaqının iqtisadi gücü nə Avropa Birliyinin, nə də ABŞ-ın iqtisadi gücü ilə müqayisə oluna bilməz. Ona görə də Qazaxıstan və Belarus prezidentləri milli maraqlardan çıxış edirlər və demokratik dünya ilə körpüləri yandırmaq istəmirlər. Digər tərəfədən, bugün Ukraynaya hücum edən Rusiya, sabah heç bir vicdan əzabı çəkmədən Belarusa və Qazaxıstana da hücum edə bilər”.
Akif


