Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bernard Şounun ən məşhur pyeslərindən birində – “Piqmalion”da belə bir dialoq var:
– Qulaq asın, məgər sizdə mənəviyyat hissi yoxdur?
– O, mənim cibimə görə deyil, ağa.
Indi biz bunu real həyatda yaşayırıq. Bəli, mənəvi olan hər şey dəyərsizləşib, cib maddi və mənəvi hər şeyin yeganə ölçü vahidinə çevrilib. Bəzən deyirik ki, artıq Azərbaycan yalnız ağ və qara rənglərdən ibarətdir. Amma dərindən düşündükdə görürsən, heç belə də deyil. Azərbaycanda indi sanki hər şeyin bir rəngi var, o da valyutanın rəngidir.
Bilmirəm, bu ölkədə pul nə vaxtsa, indiki qədər hegemon olubmu? Bəlkə də hə, bəlkə də yox. Amma fakt odur ki, hazırda pulun toplum üzərində intəhasız, hüdudsuz üstünlüyü var; o, bir ovuc adamın əlində cəmləşsə də, əslində, hamının taleyində rol oynayır. Nəhəng mənəvi kölələr ordusu yaradır, ən ağlagəlməz situasiyada ən ağlagəlməz adamları belə çox asanlıqla müdafiəçisi olduqları qutsal dəyərlərdən, ideyalardan əl çəkməyə sövq edir, sındırır, susdurur, satın alır.
Mən bir dəfə də bu haqda yazmışam, yenə də o fikirdəyəm ki, əlbəttə, yaranmışam belə vəziyyətə görə pulu suçlamaq doğru deyil, hətta gülməlidir. Hə, xatırladım, “Pulu söyənlər” adlı həmin yazıda elə beləcə də yazmışdım: “Bəyəm bıçağın günahıdırmı ki, o, hansısa zalımın, cinayətkarın əlində başqasının ürəyinə saplanır, axı bıçaq bir cərrahın əlində kiminsə həyatının xilaskarına da çevrilə bilir. Elə isə bıçağı, yoxsa onu tutan əli qınamalı?
Həqiqət də qələmlə yazılır, yalan da. Elə isə qələmi, yoxsa onu tutan əli günahlandırmalı?
Daşla baş da yarırlar, daşla ev də tikirlər. Elə isə daşı, yoxsa onu tutan əli ittiham etməli?
Pulla bağlı da belədir. O kimin üçünsə başqalarını əzmək, alçaltmaq, tabe etmək, öz pisliklərini yaymaq, həyata keçirmək vasitəsidir, ya da kimin üçünsə bütün yüksək mənəvi dəyərlərdən yuxarıdadır, həyatın ali məqsədidirsə, yenə həmin sual: buna pul neyləsin?”
Görün vəziyyət nə yerə çatıb ki, insanlar ancaq pulsuzluğu özlərinə ən böyük dərd edirlər. Kimdir ədalətsizlik, ya da Qarabağsızlıq haqqında düşünən? Hüquqsuzluğu, ya da həqiqətsizliyi faciə kimi qəbul edən nə qədər adam var ölkədə? Kimi dindirsən, ilk növbədə pulsuzluqdan şikayətlənəcəklər.
Əlbəttə, pulun gücünü heç kim inkar etmir. Heç mən “pul əl çirkidir” zəvzəkliyinə haqq qazandırmaq da istəmirəm. Ancaq bu da bir reallıqdır ki, artıq əksəriyyət üçün pula görə əlini bulaşdıracağı çirkab, ruhunu təslim edəcəyi üfunət yoxdur. Axı nə qədər doğrudur ki, pul bir toplumda mütləq çoxluq üçün həlledici gücə çevrilsin, başlıca meyar, ali məqsəd rolu oynasın; əksəriyyət düşünsün ki, pulu varsa, yerdə qalan heç nəyi dərd etməyə dəyməz; adamlar fikirləşsinlər ki, hər şeyin başı puldur – həqiqət də puldur, hüquq da, ədalət də, əxlaq da, azadlıq da. Pulu bütün mənəvi dəyərlərin yerinə qoymaq indiki Azərbaycanın ən ağrılı, ən kədərli faktıdır. Belə davam edərsə, biz hansı ləyaqətli gələcəyə ümid edə bilərik?
Indi müəllifini unutduğum bir söz var: “Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çətindir”. Lap bu gün bizim ölkəmizdə olduğu kimi! Yaptokratlar çoxlu pulları ilə öyünürlər, natəmizlik isə baş alıb gedir. Yalan, yaltaqlıq, riyakarlıq, saxtakarlıq, işverənlik, üzəduranlıq artıq həyat normasına çevrilib. Səhər evdən həqiqətin dostu kimi çıxanların axşam evə yalanın qohumu – yeznəsi, qayını, kürəkəni, bacanağı… kimi qayıtmayacaına heç bir təminat yoxdur.
Indi böyük hədəflərə, onillərdir xəyalını qurduğumuz, uğrunda bacardığımız nələrisə etməyə çalışdığımız gələcəyə doğru yürüməkdən daha vacib olan, bu natəmizlikdən qorunmaqdır. Bu gələcək gəlmirsə, gecikirsə, heç olmasa, çalışıb həmin natəmizliyə bulaşmamaq lazımdır.
Bir də…
Bir də arzulamaq lazımdır ki, nə vaxtsa ölkəmizə baxıb, bir-birimizə “Həmişə təmizlikdə!” deyə bilək.