Zahir Əmənov, “Cənub xəbərləri” qəzetinin baş redaktoru
Hələ uşaq vaxtı böyük həvəslə və dəfələrlə izlədiyim bu filmin həm adı, həm məzmunu çox xoşuma gəlirdi. Zaman keçdikcə “Azadlıq” adına çox yerlərdə rast gəldik. Əsil azadlığı isə “Azadlıq” qəzetinin səhifələrində gördük.
25 yaş çox maraqlı bir ildönümüdür. 15 yaşda insan bu yaşın fiziki gözəlliyi ilə çox öyünür, 35-45 yaşında insan ömrün yetkinlik dövrünü yaşadığı ilə qürur duyur, amma gəncliyinin də əldən getdiyi ilə barışır. 25 yaş isə gözəlliyin və yetkinliyin daha dolğun təcəssümüdür.
“Azadlıq” qəzeti də 25 yaşın qeyd edir. Bu yaşda o, mübarizəsinə görə daha gözəl, peşəkarlığına görə daha mükəmməl görünür. Lakin bu yaşın məsuliyyəti də az deyil. Necə deyərlər, artıq bu yaşda səhv etmək, “bilməmişəm” deyib, onun arxasında gizlənmək olmur. Qəzet bu yaşdan sonra əsil azadlıq aşiqlərilə azadlıq adı ilə hoqqabazlıq edənlər arasında daha ciddi sərhədlər müəyyənləşdirməlidir.
Bu bayram günündə ”Azadlıq” qəzetinə arzum odur ki, ideallarına qovuşsun, bu günlərdə gördüyü ağrı-acılar, təzyiqlər, təqiblər bir xatirəyə dönsün, azadlıq eşqi ilə çırpınan və ona qovuşan insanlar o qədər çox olsun ki, qəzet bu mövzuda problem yazıların qıtlığı ilə üzləşsin.