Bakıya səfəri zamanı Heydər Əliyevin məzarı önünə əklil qoyduğuna görə Yozef Maskatdan hesabat tələb olunur
«The Malta Independent»: «Azərbaycanın iqtisadi sahədə səylərinin əhəmiyyətli hissəsi Əliyevlər ailəsinin rifahının yaxşılaşdırılmasına yönəlib»
Maltanın baş naziri Yozef Maskat təxminən bir həftə əvvəl Azərbaycana səfər etmişdi, amma hələ də ölkəsində jurnalistlər ondan Əliyev rejimilə əməkdaşlığa görə hesabat tələb edir. Bir həftədir ki, Malta mətbuatında Azərbaycanda avtoritarizmin hökm sürməsi, bu ölkədə insan haqlarının acınacaqlı vəziyyətindən bəhs olunan məqalələr yayımlanır. Indi isə məlum olur ki, sən demə, Maltanın baş naziri Azərbaycana səfərini uzun müddət gizlətməyə çalışıb.
“The Malta Independent”də yayımlanan “Malta və Azərbaycan arasındakı sövdələşmələr suallar doğurur” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Şübhəli səfər
Maltanın baş naziri Yozef Maskatın Azərbaycana rəsmi səfərinin əsas məqsədi, deyəsən, enerji sahəsində strateji əməkdaşlığa dair razılaşma idi. Amma bu razılaşmanın nəticələrilə bağlı bir çox məsələlər qeyri-müəyyən qalıb.
Bir çox baxımdan bu səfər qeyri-adi oldu. Baş nazir adətən rəsmi səfər edəndə riayət olunan qaydalara, prosedurlara əməl olunmadı.
Təcili səfərlər istisna olmaqla, adətən rəsmi səfərlər barədə əvvəlcədən məlumat verilir. Mətbuat orqanlarına da səfər barədə məlumat əldə etmək üçün öz nümayəndələrini göndərmək təklif olunur.
Lakin Azərbaycana səfər Maskatın gedişinə bir neçə saat qalmışa qədər gizli saxlanılıb: bu fakt yalnız səfər baş tutan gün “The Sunday Times” tərəfindən üzə çıxarılıb. Bu xəbərdən sonra hökumət kiçik bir bəyanat yaydı: “Baş nazir Yozef Maskat, energetika və səhiyyə naziri Konrada Mizzi Azərbaycana rəsmi səfər üçün bu gün günorta saatlarında ölkəni tərk edəcək. Onların enerji və ticarət sahəsində rəsmi danışıqlar aparacağı, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin müzakirəsi gözlənilir”.
Nümayəndə heyətini müşayiət etmək üçün jurnalistlər dəvət olunmamışdı. Nümayəndə heyəti də cəmi dörd nəfərdən ibarət idi – baş nazir Maskat, hökumət aparatının rəhbəri Keyt Şembri, dövlət əlaqələrinin rəhbəri Kurt Farruqiya və nazir Mizzi.
Bu qeyri-adi hadisə ilə əlaqədar müxalifət lideri Saymon Busuttilin öz narahatlığını ifadə edib. O bildirib ki, bu səfər zamanı gerçəkdən nələrin baş verdiyinə dair şübhələr var.
Bu səfərlə bağlı indiyədək hökumət tərəfindən mediaya verilən yeganə informasiya bir neçə iddiadan ibarətdir. Bazar ertəsi yayılan 127 sözlük açıqlamada bildirilir ki, səfərin əsas hadisəsi nazir Mizzi ilə azərbaycanlı həmkarı Natiq Əliyev arasında enerji sahəsində strateji əməkdaşlığa dair qarşılıqlı anlaşma Memorandumunun imzalanması olub. Mizzi həmçinin razılaşmanın planlaşdırılması və həyata keçirilməsinə dair daha bir Memorandumu Azərbaycan Dövlət Neft Şirkətilə imzalayıb.
Azərbaycanda biznes maraqları olan Maltadakı mənbənin “Independent”ə verdiyi məlumata görə, dövlətin neft şirkətini Azərbaycana 100 milyon avroya satmaq istəyiblər, lakin bu cəhd uğursuz alınıb. Amma Maliyyə Nazirliyi bu haqda deyilənləri inkar edir.
Baş nazir isə detalları dəqiqləşdirmədən Azərbaycan Dövlət Neft Şirkətilə əlavə investisiya müqaviləsi bağlanacağının nəzərdə tutulduğunu deyir.
“Kürü diplomatiyası”
Azərbaycanın neft sənayesinin tarixi kifayət qədər qədimdir. Bu ölkə əvvəlki kimi, yenə də əhəmiyyətli neft istehsalçısıdır. Lakin ölkənin qaz sənayesi bu yaxınlarda irimiqyaslı qaz yataqlarının kəşf olunması ilə əhəmiyyət kəsb etməyə başladı. Bu baxımdan Azərbaycanın strateji əhəmiyyəti də son illər artdı. Azərbaycana bir sıra hallarda Rusiyaya alternativ qaz təchizatçısı kimi baxılır. Rusiya Avropa Birliyi, xüsusi Şərqi Avropa üçün çox vacib qaz mənbəyi idi. Lakin Krımın işğalı ilə Rusiya ilə Qərb arasında diplomatik toqquşmadan sonra münasibət dəyişdi.
Vəziyyəti qəlizləşdirən faktorlardan biri Azərbaycanın qaz yataqlarını Avropa ilə birləşdirən qaz kəmərlərinin olmamasıdır. Amma yaxın bir neçə il ərzində iki kəmərin çəkilməsi nəzərdə tutulub ki, onların hesabına bu problem həllini tapacaq. Trans-Anadolu kəməri (TANAP) Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədlərinə qədər gətirib çıxarmalıdır. Trans-Adriatik kəməri isə qazın Italiyanın cənub-şərqinə çatdırılması üçün nəzərdə tutulub ki, oradan da Qərbi Avropaya daşınacaq. SOCAR hər iki kəmərin çəkilişində aktiv şəkildə iştirak edir.
Azərbaycan tərəfi son illərdə dünya arenasında layihələrdə iştirak üçün çox böyük səylər göstərir. Məsələn, 2012-ci ildə “Eurovision”ın qalibi olarkən Azərbaycan digər iştirakçı ölkələrdən daha çox cəhd göstərmişdi.
Malta ilə sıx əlaqələr Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycanın marağındadır.
Azərbaycan insan haqlarının vəziyyətinə görə tənqidlərə məruz qalır. Tənqidçilər arasında Avropa Parlamenti də var. Avropa Parlamenti qətnamə qəbul edərək, Avropa Birliyi ölkələrini Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı sanksiya tətbiq etməyə çağırmışdı.
Avropa Birliyi Şurası hələ ki, həmin çağırışa cavab verməyib. Malta hökumətinin də Azərbaycana münasibətdə tənqidlərinin şahidi olmadıq.
Bu ölkə ilə bağlı tənqidləri yumşaldan başqa bir faktor da var. Həmin faktoru tənqidçilər şərti olaraq, “kürü diplomatiyası” adlandırırlar. Söhbət siyasətçilərin bahalı hədiyyələr, o cümlədən Xəzərin qara kürüsü ilə ələ alınmasından gedir.
“Avropa Stabillik Təşəbbüsü” adlı təşkilat iddia edir ki, Azərbaycan hökuməti məhz bu cür hədiyyərlə Avropa Şurasını susdurub. Təşkilat xüsusən, Avropa Şurası Parlament Assambleyasının Maltadan olan üzvü Joze Debano Qrexin hərəkətlərini yada salır. Qrex həm də AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisidir.
Əliyevlərin biznesi
Əliyevlər ailəsi təxminən yarım əsrdir ki, Azərbaycanda hakimiyyətdədir. Hazırkı prezident Ilham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci illərdə ölkəyə rəhbərlik edib. Daha sonra SSRI baş nazirinin birinci müavini olub. 1987-ci ildə Mixail Qorbaçov onu istefaya getməyə məcbur edib. Azərbaycan müstəqillik əldə edəndən sonra Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələrək, bu ölkənin üçüncü prezidenti olub. O, bu vəzifədən 2003-cü ildə ölümünə bir neçə həftə qalmış istefa verib.
Ilham Əliyev atasının varisidir. Onun qələbəsilə yekunlaşan üç seçkinin hamısı kütləvi qanun pozuntuları və siyasi repressiyalarla müşayiət olunub.
Bu ölkədə keçmiş prezident Heydər Əliyevin şəxsiyyətinə pərəstiş mühiti yaradılıb. “AzərTAc” dövlət informasiya agentliyi onun adını çəkərkən “ümummilli lider” ifadəsindən istifadə edir. Bu, Şimali Koreyalıların hazırkı prezidentin babası Kim Ir Seni adlandırdıqları ifadəyə bənzəyir.
“AzərTAc” başqa bir materialında daha da irəli gedərək bildirir ki, “ümummilli liderin Fəxri Xiyabandakı məzarı Azərbaycan xalqının sitayiş yerinə çevrilib”.
Maltanın baş naziri Maskat da bu məzarı ziyarət edib. “AzərTAc”ın məlumatına görə, o, “ümummilli lider, müasir Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin” məzarı önünə əklil qoyub.
Qəribədir ki, Maskat hazırkı prezidentin anası, oftolmoloq-alim Zərifə Əliyevanın da məzarı önünə güllər qoyub.
Avropa demokratik dövlətlərinin liderləri həmkarlarına müraciət edə bilərmi ki, get, mənim valideynlərimin məzarını ziyarət elə?
Malta və Azərbaycan arasında Memorandum Heydər Əliyevin böyük büstünün altında imzalanıb. Orada Heydər Əliyevdən belə bir sitat var: “Iqtisadi sahədə bütün səylərimiz xalqımızın rifahının yaxşılaşdırılması üçündür”.
Amma müxtəlif hesabatlar göstərir ki, ölkənin iqtisadi sahədə səylərinin əhəmiyyətli hissəsi əslində, Əliyevlər ailəsinin rifahının yaxşılaşdırılmasına yönəlib.
Rəsmi məlumata görə, Ilham Əliyevin illik gəliri 200 min avrodur. Azərbaycan qanunvericiliyə prezidentin bizneslə məşğul olmasını qadağan edir. Lakin bu qadağa prezidentin qohumlarına aid deyil. Onların da dünya boyunca bizneslə məşğul olması bəllidir.
Hələ 2010-cu ildə “The Washington Post” yazırdı ki, Əliyevin üç övladının Dubayda 75 min dollarlıq mülkləri var. Bunlardan 44 milyonluq 9 imarət o zaman 11 yaşı olan oğluna məxsus idi.
Bu, eləcə də Əliyevlər ailəsinin biznes maraqları ilə bağlı üzə çıxarılmış digər faktların nəticəsi olaraq, Ilham Əliyev “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi”nin illik hesabatında “Ilin korrupsioneri” elan olunmuşdu.
“The Washington Post” eyni zamanda, Azərbaycanın müxalifət liderindən də sitat gətirmişdi. O bildirmişdi ki, ölkədə müstəqil sistemi yoxdur, korrupsiyaya qarşı mübarizə aparmalı orqanlar, mətbuat da hökumətin nəzarəti altındadır. Bu baxımdan Əliyev narahat deyil.
Lakin 2009-cu ildən yayımına qadağa qoyulmuş “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı Xədicə Ismayıl bu tendensiyanı pozdu və dövlət səviyyəsində korrupsiya faktları ilə bağlı araşdırmalar yazdı. Lakin o, bu ayın əvvəlində həbs olundu. Xədicə Ismayıla qarşı keçmiş həmkarını özünü öldürmə həddinə çatdırma ittihamı irəli sürülüb. Lakin “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı onun həbsinin siyasi motivli olduğunu bildirir. Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Xədicə Ismayılı “xəyanətkar” kimi ittiham edəndən bir gün sonra o, həbs edildi.
“Sərhədsiz reportyorlar”ın söz azadlığının durumu ilə bağlı illik hesabatında Azərbaycan 180 ölkə arasında 160-cı yeri tutur. Hesabatda o da vurğulanır ki, Avropada Azərbaycan jurnalistlər üçün ən böyük həbsxanadır.
Bəlkə də Malta nümayəndə heyətinin səfər zamanı jurnalistləri aparmaması onların təhlükəsizliyinin qayğısına qalmaqdan irəli gəlib…
Siyasət şöbəsi



