Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov da “Azadlıq»ın 25 yaşında qəzetimizə ürək sözlərini deyən ziyalılarımız sırasındadır:
– 1920-ci ilin aprelin 28-də Üzeyir Hacıbəyovun redaktor olduğu Xalq Cümhuriyyətinin mətbuat orqanı «Azərbaycan» qəzetinin son nömrəsi çıxdı. Cümhuriyyət yaradanların, müsavatçıların estafetini 1989-cu il dekabrın 24-də «Azadlıq» qəzeti davam etdirdi. 1918-ci ildə yaranan cumhuriyyəti də cavanlar idarə edirdi, «Azadlıq» qəzetini də gənclər ərsəyə gətirdi. «Azadlıq» qəzeti istiqlalımızın ilk müjdəçisi idi. Mən «Azadlıq»ın ilk nömrəsini bu gün də saxlayıram. Çünki 1918-ci ildəki «Azərbaycan» qəzetindən sonra ilk istiqlal müjdəçimiz «Azadlıq»dır. Ona görə mən «Azadlıq»ın 25 yaşını təbrik edirəm. O vaxtı Nəcəf Nəcəfov, Xaliq Bahadır qəzetə toplaşmışdılar. Qəzetin çapa getməsində rolu olanlardan Ağamalı Sadiq mənim tələbəm olub. Onlar «Azadlıq»a sədaqətli qələm ordusunun ilk qvardiyaçıları idi. Dünyasını dəyişənlərə rəhmət diləyirəm. Rəsulzadə yazırdı ki, aazdlıq olmayan yerdə millətin daim yaşaması mümkün deyil.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili millət yaşa, var ol !!!
1918-ci ildə «Açıq söz» qəzeti də bu şüar altında çıxıb, 1989-cu ildə «Azadlıq» da. Mən sizin qəzetin 25 illiyini ürəkdən təbrik edirəm. Qoy azadlıq həmişə bizim şüarımız olsun, istiqlal yolumuzu işıqlandırsın.