AXCP-dən 2 milyon səs itkisinə reaksiya

Həsən Kərimov: «Iki qurum arasındakı kəskin say fərqi onu göstərir ki, hakimiyyət növbəti seçkiləri də saxtalaşdırmaqda israrlıdır»

Bugünlərdə Demokratik Təşəbbüslər Institutu “Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparıb. Araşdırmanın mövzusu Azərbaycanda seçicilərin qeydiyyatının kəmiyyət və keyfiyyət göstəricilərinin vəzyyəti, iki dövlət qrumu olan MSK və Dövlət Statistika rəqəmləri arasında ciddi rəqəm fərqinin analizi barədədir.

Belə ki, Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərinin sayını 5 milyon göstərib. Dovlət Statistika Komitəsinin öz saytında göstərdiyi məlumata əsasən, 2014-cü il yanvarın 1-nə qədər ölkənin yaşı 18-dən yuxarı olan əhalisinin sayı təxminən 6,8 milyondan çoxdur. Nəticədə məlum olur ki, yekun seçici siyahısında seçicilərin sayı Dovlət Statistika Komitəsinin məlumatında seçki huququ olan şəxslərin sayından 1,8 milyon azdır.

Qeyd edək ki, MSK ilə Statistika Komitəsi arasında fərqli rəqəmlərin ortaya çıxması ənənə halını alıb. Azərbaycanda seçkilərin hansı meyarlar əsasında keçirilməsi heç kimə sirr deyil. Hətta dünyasını dəyişmiş adamların səs verməsi təcrübəsi də var. Seçki vaxtı məlum olur ki, xeyli sayda vətəndaşın adı seçici siyahısına salınmayıb. Hakimiyyət səs ala bilməyəcəyi təbəqəni müəyyənləşdirir və bu adamların seçkidə iştirakına məhdudiyyət yaradır. Büdcə təşkilatlarında çalışanların qarşısına şərt qoyulması da, “karusel” əməliyyatları da seçki reallığıdır.

Qarşıdan isə parlament seçkiləri gəlir. Real vəziyyət onu göstərir ki, hakimiyyətin şəffaflıqla bağlı addım atmaq fikri yoxdur və yenə də milyonlarla insanın səsinin yoxa çıxması müşahidə olunacaq.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, MSK-nın istinad etdiyi rəqəmlər seçkiləri saxtalaşdırmaq üçün şərait yaradır: “Əvvəla qeyd etmək lazımdır ki, əhalinin siyahıya alınması prosesi dəqiq aparılmır. Ötən il guya əhalini siyahıya aldılar. Amm heç kimin qapısı döyülmədi, real rəqəmlərə istinad edilmədi. Bu mənada həmişə 2 qurum arasında seçicilərin sayı da fərqli rəqəmlərlə ifadə olunur. Indiki səslənən rəqəmlər də onu göstərir ki, hakimiyyət gələcək seçkiləri də saxtalaşdırmaq istəyir və hansısa müsbət addım atmaqda maraqlı deyil”.

Həsən Kərimov onu da əlavə etdi MSK istinad etdiyi rəqəmlər vasitəsilə dairələr və məntəqələr üzrə istədikləri namizədə, istədikləri səsi yaza bilir: “2015 və 2018-ci ildə keçiriləcək seçkilərdə bu məqamlara diqqətlə yanaşmaq lazımdır. Hakimiyyət bugünə qədər olan yanlışlığı etiraf etməlidir və siyasi partiyalar da bu prosesi diqqətdə saxlamalıdır. Müxalifət alternativ siyahıyaalma prosesi aparmalıdır və dairələr üzrə seçicilərin sayı müəyyənləşməlidir. Yəni seçicinin ölkədə olması, dünyasını dəyişməsi və digər məqamlar dəqiqləşməlidir”.

Akif