Ax, Qubad.., Qubad!

“Bəri başdan deyim ki, bu yazı ”sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” ritorikasından çox-çox uzaqdır. Hətta dəxli yoxdur belə…

…Yadınızdadırsa, lap bu yaxınlara qədər, iqtidar müxalifətə, vətəndaş cəmiyyətinə, eləcə də azad mətbuata qarşı cib müxalifəti və ona yaxın mətbuatla hücum edirdi. Təkmandat partiya lideri (ağlınıza başqa şey gəlməsin – X.Ə.), eləcə də mandat həsrətində olan biri çıxıb deyirdi ki, mən bunların dabbaqda gönünə bələdəm, bunların hakimiyyətə gəlməsi təhlükədir. Daha sonra adam hərəkatdan gəldiyini və vaxtilə Elçibəy komandasında olduğunu xatırladaraq, sanki bir növ biyət edirmiş kimi elə o vaxtdan narazı olduğunu sübut etməyə çalışırdı. Bu qəbildən olan açıqlamaların əksəriyyətində “bütün bunları o vaxt rəhmətlik Əbülfəz Elçibəyə demişdim!” ifadəsi yer alırdı. Və sübut kimi, adətən, Pənah Hüseynin adını çəkirdilər, deyirdilər ki, “Pənah da orada idi”. Inanmırsınız gedin özündən soruşun. Vəssalam… 

Bir neçə “dostumuz” beləcə özünə gun ağlaya bildi. Mandat alan da oldu, QHT qeydiyyatdan keçirən də, biznes quran da və s. 

Hazırda vəziyyət dəyişib – iqtidar artıq belə nağıllara qulaq asmaq istəmir, çünki böyük ümidlərlə mandat verdiyi, dəstək olduğu şəxslər ümidləri doğrultmadı. AXCP-dən qalmaqalla ayrılıb, iqtidara “partiyanı iki yerə böləcəyəm” mesajı verənlər buna parlaq nümunədir. Son nəticədə isə, ortaya xalaoğlu NTK sədri, əmioğlu sədr müavini, bibiqızı partiyanın qadınlar şurasının sədri olan bir partiya lideri çıxırdı və YAP növbəti “halal” mandatından olurdu. 

Mandat almaq və şərait qurmaq məqsədi ilə yaranan bu partiyaların adları da “çox yekə” səslənirdi, belə ki, onlar təşkilatın adının qabağına həvəslə Böyük, Bütöv kimi sözlər artırırdılar. Yəni bu yeni yaranan partiya ondan da böyük olacaq… 

Diqqət edirsinizsə, hazırda rejim heç kimə mandat sözü vermir. Lakin çox güman ki, bir bildiyi var və yəqin ki, yuxarıda bəhs etdiyimiz ampluada fərqli isimlər görəcəyik. 

Hazırda bu siyahıda rejimin və prezident Ilham Əliyevin bir nömrəli opponenti olan AXCP və onun liderinə, eləcə də “Azadlıq” qəzetinə “səlib yürüşü” elan edən qələm sahibləri, siyasilər və digər ictimailəşmiş şəxslərin adları hallanır. Lakin nə qədər qəribə görünsə də, mən başqa fikirdəyəm. Bu, rejim üçün sadəcə bir manevr idi. Diqqət edin, şantaj, qarayaxma ilə bərabər həbslər də ara vermir. Futbol dili ilə desək, qapıya qolu hücumçular yox, müdafiəçilər vurur. Bu o deməkdir ki, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı qara piar effekt vermədi, əksinə, müxalifətin xeyrinə işlədi. Cəmiyyətin bu ittihamlara reaksiyası sıfıra bərabər oldu. 

Iqtidar da artıq “çörəyi qulağına yemir”. Qapısına dünən “müxalifətdə idim, haqlıydım, bu gün sizinləyəm, yenə haqlıyam” deyə pənah gətirənlərin cəmiyyətdə sürətlə çəkisinin itməsinin fərqindədir. Doğrudan da qəribə məntiqdir, deyilmi? Dünənə qədər yanımızda olanlar (imitasiya edənlər – X.Ə.), indi bizi mövqeyimizdə qaldığımıza görə ittiham edirlər. Dünənə qədər rejimin hüquq mühafizə işçilərini, ifadəmə görə üzr istəyirəm, “it” adlandıranlar, bu gün bizi şərəfli polisi tənqid etdiyimizə görə az qala çarmıxa çəkmək istəyirlər…

Bunlar doğrudan da mandat xəstəliyinə tutulublar. Ona görə mandat deyirəm ki, onlar maddi cəhətdən təmin olunmuş adamlardır. Kiminin məmurlara “meydan oxuyan” qəzeti var, kiminin rejimdən qrant qoparan QHT-si var, kiminin də iqtidardan aylıq alan partiyası var və s. 

Onlar üçün fəht edilməmiş bir “zirvə” o da, hansı yolla olur olsun, Milli Məclisə düşməkdir. 

…Yazının başlığına gəldikdə… Bu, Qubad bəylə “Azadlıq” əməkdaşları arasında olan “sirr”dir.

Mən nə vaxtsa məlum kampaniyaya Qubad Ibadoğlunun da fərqli formada qoşulacağını təxmin edirdim, amma bunun bu sürətlə, özü də uğursuz bir şəkildə olacağını gözləmirdim. Qurultaydan sonra Müsavat partiyasını “o tay – bu tay”a bölməyi bacaran “narazı”ların başçısı, “kimə qarşı müxalifətdəsiniz” sualına dolayı yolla “AXCP və onun lideri” cavabını verdi. 

Bir az əvvəl isə, qanuni… başqan Arif Hacılı da “yumşaq” şəkildə uydurma “AXCP-”Yeni Müsavat” konfliktində tərəfləri(?) sülhə çağırmışdı. Lap ATƏT həmsədrləri kimi…  

Tələsməyin, bəylər!. Parlament seçkilərinə hələ çox var. Dünya dəyişiklik ərəfəsindədir. Hər şey ola bilər…