ALP-dən “Azadlıq”a təbrik

Dekabrın 24-də “Azadlıq” qəzetinin 25-illik yubileyidir. Bu əlamətdar gün münasibətilə “Azadlıq” qəzetini, onun yaradıcı kollektivini, bu illər ərzində onun inkişafında xidməti olan hər kəsi Azərbaycan Liberal Partiyaının bütün üzvləri adından təbrik edir, onlara milli maraqlar naminə mübarizələrində və şəxsi işlərində hər cür uğurlar diləyirəm.
Xalqımızın Milli Yaddaşının, Milli Azadlıq Əzminin və Hərəkatının formalaşmasında, təbliğatında və dövlət müstəqilliyimizin uğurlu bərpasında “Azadlıq” qəzetinin rolu danılmazdır.
Müstəqillik illərində “Azadlıq” qəzetinin fəaliyyəti cəmiyyətimizdə söz və iradə ifadəsi azadlığının, demokratiya təməlinin qoyulmasına, korrupsiyanın və rüşvətxorluğun, məmur özbaşıanlığının prinsipial və ardıcıl ifşasına yönəlmişdir.
“Azadlıq” qəzetinin əməkdaşı olmaq özünü və ailə üzvlərini təqiblərə və böhtanlara məhkum etmək deməkdir. Lakin, bu insanlar şüurlu şəkildə bütün təhlükələrin üstünə getmiş və mübarizliklərini bu gün də fədakarcasına nümayiş etdirməkdədirlər.
Əsassız tənqidlər, təhqirlər, bir çox hallarda isə sağlamlığı və həyatı üçün təhlükəli təqiblər və repressiayalar  “Azadlıq”ın əməkdaşlarının mübarizə əzmini qıra bilməmiş, onları ruhdan salmamışdır.
Bütün bunlara baxmayaraq, “Azadlıq” həqiqətən müxalif mövqedə duran və xüsusən son illərdə öz müstəqiliyini qorumuş azysaylı KİV-lərdən biri, bəlkə də birincisidir. Mübaliğəsiz demək olar ki, “Azadlıq” qəzeti Azərbaycanda Azad Sözün son qalasıdır.
Əminəm ki,  xalqımızın demokratita uğrunda mübarizəsi “Azadlıq” qəzetinin də böyük töhvəsi nəticəsində yaxın zamanlarda öz bəhrəsini verəcək, ölkəmizdə vətəndaş cəmiyyəti qurulacaq və Azərbaycanın inkişaf yolunda yeni era açılacaq.
“Azadlıq”ı və “Azadlıq”sevərləri yubiley münasibətilə təbrik edirəm.

Dərin hörmətlə ALP sədri Əvəz Temirxan