Səid Nuri: “Azərbaycanın müstəqillik qazanmasında, ölkədə demokratiyanın müdafiəsində “Azadlıq”ın müstəsna xidmətləri var”
ABŞ-da yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlı fəal Səid Nuri də “Azadlıq”ın 25 illiyini təbrik edib. Respublikaçılar Partiyasında məsləhətçi postunu tutan Səid Nuri qəzetimizə ünvanladığı təbrik məktubunda Azərbaycanın müstəqillik qazanmasında, ölkədə demokratiyanın, söz və fikir azadlığının müdafiəsində “Azadlıq”ın müstəsna xidmətləri olduğunu yazıb. Amerikalı həmyerlimiz əlavə edib ki, Azərbaycan hakimiyyətinin amansız basqıları nə qədər çox müstəqil və müxalifyönlü medianı sıradan çıxarsa da, “Azadlıq” bu təzyiqlər qarşısında duruşu gətirməyi bacarır.
“Müasir dünya təcrübəsində alternativ fikir və media həyati əhəmiyyət kəsb etsə də, Azərbaycan hakimiyyəti bu reallığı qəbul etmək istəmir. Ölkədəki alternativ fikrə, müxalif mediaya basqıları hər gün artıran Azərbaycan hakimiyyəti “Azadlıq”ı məğlub edə, onu yolundan döndərə bilmir və inanıram ki, bundan sonra da döndərə bilməyəcək. “Azadlıq” uzun illər dünyaya təhdid yağdıran amansız Sovet maşınını durdurmağı bacarıb. Corc Vaşinqtonun belə bir fikri var: “Əgər söz azadlığı olmazsa, bizləri qurbanlıq qoyun kimi səssiz və sakit idarə edəcəklər”. “Azadlıq” bizim hamımızın layiq olduğu dəyərləri qorumağı özü üçün ümdə vəzifə seçib”, – deyə Səid Nuri təbrikində yazıb.