Tarixin şərəf səhifələrini yazan adamlar haqqında

Mühacirədə yaşayan polkovnik İsa Sadıqov qəzetimizin 25 illik yubileyini təbrik edib. Təbrikdə deyilir:

«Azadlıq» qəzetinin 25 yaşı tamam olur. Mən, bu qəzetin yarandığı o qaynar hadisələr zamanı Azərbaycanda olmamışam. Bu hadisələr haqqında sonralar, Azərbaycana gələndə eşitmişəm, oxumuşam və vətənim Azərbaycanın, millətimizin, məhz, həmin enerjisi, qüdrəti ilə qürurlanmışam. Buna görə də, mən həmişə elə hesab etmişəm ki, «Azadlıq» həmin enerjinin və qüdrətin doğurduğu qəzetdir.

Sonrakı proseslər də mənim yanılmadığımı göstərib. Azərbaycanın müstəqillik əldə etdiyi zamandan üzü bəri, yalnız bir il ölkədə demokratik idarəçilik mövcud olub. Bütün yerdə qalan illərdə avtoritarizm meydan sulayıb, diktatorluq millətiə və ölkəyə müstəqilliyi, azadlığı haram edib. Belə ağır şəraitdə söz demək, həm də, gerçək həqiqətlərin ifadəsi olan söz demək, yazmaq, böyük cəsarət, dirəniş gücü, dözüm tələb edir. Real vəziyyət də bunu sübut edir ki, az qala tam 20 il ərzində ölkədəki avtoritar rejim həmin o bircə ildə yaranan demokratik institutları, ənənələri, arzuları məhv etməklə, onları sradan çıxarmaqla məşğul olub. Avtoritarizm öz istəklərinin çoxuna nail olub. Amma «Azadlıq» istisnadır. «Azadlıq» o enerjini qoruyub saxlayıb. Bütün məhrumiyyətlərə,əzablara baxmadan qoruyub saxlayıb.

Uzun illərdir ki, biz hamımız bu qəzetin başına gətirilən fəlakətlər haqqında eşidirik, oxuyuruq. Hərdən adamda belə təəssürat yaranır ki, bu qədər təzyiqin qarşısında duruş gətirmək, başqalarının qəbul etdiyi şərtlərdən imtina edib öz varlığını, simasını qoruyub saxlamaq hansısa mistik mülahizələrə bağlı ola bilər. Amma orada çalışanları, onların müqavimətini, onların qatlaşdıqları və dəf etdikləri gerçək əzabları və işgəncələri gördükcə insanın azadlıq istəklərinin ən böyük təbii güc olduğunu müşahidə etməmək olmur.

«Azadlıq» qəzeti Azərbaycana azadlıqları necə qorumağı öz nümunəsində göstərir və öyrədir. Mən fəxr edirəm ki, mənim Vətənimdə insan azadlıqları, söz azadlıqları uğrunda mübarizə aparan belə insanlar var, belə bir kollektiv var və belə bir qəzet var.

«Azadlıq» bütün dünyanın gözləri qarşısında belə bir mübarizə simvoluna çevrilib.

Bu qəzetin kollektivini təbrik edirəm!

Azərbaycanın mətbuat tarixinə yazılmış bu şərəf səhifələrinə görə onlara təşəkkür edirəm.

Polkovnik İsa Sadıqov, NATO-Qafqaz Alyansının prezidenti