Vəfa Quluzadə: «Rusiya artıq həyat qabiliyyəti olmayan bir imperiyadır»
Oqtay Haqverdiyev: «Rusiya iqtisadiyyatı siyasətin əsirliyində, girovundadır»
Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanları günü ilə bağlı Kremldə keçən təntənəli tədbirdə çıxış edərkən xarici kəşfiyyat xidmətlərinin fəallığının artdığını deyib. O bildirib ki, yalnız əks-kəşfiyyat xəttilə bu ildə xarici xüsusi xidmətlərin 230-dan artıq əməkdaşı və agentləri ifşa olunub. O, Rusiyanı qoxutmaq, saxlamaq və təcrid etməyin mümkün olmayacağını söyləyib: “Bu, indiyədək alınmayıb və alınmayacaq. Eyni zamanda, biz müəyyən çətinliklərdən keçməyə hazır olmalıyıq və suverenliyimizə, sabitliyə və cəmiyyətimizin birliyinə yaranan hər hansı təhlükələrə adekvat cavab verməliyik”.
Rusiya prezidenti həmçinin bildirib ki, 2014-cü ildə Rusiya xüsusi xidmətlərinin fəaliyyəti nəticəsində 8 terror aktı daxil olmaqla, 60-dan artıq terror istiqamətli cinayətlərin qarşısı alınıb.
Xatırladaq ki, aprel ayında Krımın ilhaqından sonra Rusiya ilə Qərb ölkələri arasında əlaqələr gərginləşib. Qərb Moskvanı Ukraynanın şərqindəki separatçılara hərbi dəstək göstərməkdə suçlayır. Rusiya isə ittihamları rədd edib. Eyni zamanda, şənbə günü Ukrayna böhranı ilə əlaqədar Avropa Ittifaqının Krıma qarşı növbəti sanksiyaları qüvvəyə minib. Cümə günü yarımadaya qarşı öz sanksiyalarını ABŞ elan edib.
Belə olan halda, onsuz da ağır olan vəziyyəti bir qədər də çətinləşən Vladimir Putin ölkənin 40 ən nüfuzlu iş adamı ilə görüşərək, oliqarxlardan ölkə iqtisadiyyatının yenidən qurulmasını istəyib: “Bu çətin dövrdə iqtisadiyyatın yenidən qurulması vəzifəsini sizə əmr edirəm. Iqtidarla əl-ələ verərək iqtisadiyyatda yaranan indiki çətinliklərin öhdəsindən gəlmək lazımdır. Biz rəhbərlik olaraq əvvəlki illərdə etdiyimiz kimi, indi də sizin fikirlərinizi nəzərə almağa hazırıq. Enerji qiymətlərinin sürətlə aşağı düşdüyünü və bir sıra digər mənfi xarici faktoru nəzərə alaraq, son 15-20 ildə başlaya bilmədiyimiz Rusiya iqtisadiyyatının yenidən qurulması işlərində sizin üzərinizə əhəmiyyətli vəzifələr düşür. Sizin Rusiyanın neft və təbii qaz kimi enerji-narkoz iynəsindən ölkəmizi yeni fəaliyyətlərlə qurtarmağınız lazımdır”.
Rusiyanın düşdüyü durumu şərh edən politoloq Vəfa Quluzadə deyir ki, Putin və Rusiyanı əslində, heç kim qorxutmur. O, Putinin Ukraynada apardığı müharibəyə dünya göz yumacağı halda, üçüncü dünya müharibəsinə başlayacağını bildirir. Politoloqun fikrincə, bu, Putinin siyasətidir: “Rusiyanın Avropanı, Amerikanı qorxutması özünün əleyhinə işləyir. Ona görə ki, bu, Amerikaya NATO-nu daha da gücləndirməyə imkan verir. Eləcə də Amerikanın Baltik və Balkan ölkələrində, Avropanın özündə mövcud olan qüvvələrini, bazalarını daha da artırmağa imkan verir. Proses belə gedir. Sanksiyalar Krımın ilhaqına və Ukraynada müharibə aparmağa reaksiyadır. Qərb Rusiya ilə iqtisadi və ticari əlaqələri kəsib. Bu isə Rusiyanı qorxutmaq demək deyil. Rusiyanın 230 nəfəri zərərsizləşdirməsi məsələsi isə ümumi sözlərdir və mahiyyətinin nə olması hələ bəlli deyil”.
V.Quluzadə qeyd edir ki, oliqarxiya heç vaxt ölkəni xilas edə bilməz. Oliqarxların ölkəni talan edənlər olduğunu deyən politoloq, onların vəsaitlərinin hamısının xarici banklarda saxlandığını bildirir. Vəfa Quluzadənin sözlərinə görə, Rusiyanın rezervində hələ trilyonlar var: “Rusiya imperiyadır. Pulla Rusiya kimi ölkəni qaldırmaq mümkün deyil. Bu imperiya çöküb. O, çar və sovet imperiyasının varisidir və ikisi də bitib. Onun bu cür çökməsində heç Putinin də bir o qədər günahı yoxdur. Putin gələrək çökmüş imperiyanın başında oturub. Bu imperiyanın nəyini qaldırsın?! Yalnız bir qədər ordunu qaldıra bilib. Amma ölkənin infrastrukturu batıb, kənd təsərrüfatı yoxdur, texnologiyalar və hər şey də Qərbdən asılıdır. Ölkə həyat qabiliyyəti olmayan bir imperiyadır. Putinin onu xilas etmək istəyi onun imkanlarıyla üst-üstə düşmür”.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev də hesab edir ki, Putin artıq əlacsız qalıb. Bunu prezidentin son mətbuat konfransındakı çıxışı da sübut edir. Ekspert deyir ki, Putin öz komandasından çox şey gözləyirdi. Lakin onun arxayın olduğu komandadan gözləntiləri puç çıxıb: “Idarəetmədə hansısa dönüş yaratmağı Putinlə bərabər Medvedev də deyirdi. Orada iqtisadiyyat siyasətin girovluğunda, əsirliyindədir. Belə olan halda, deklarasiyar və heç nə xilas edə bilməyəcək. Bizim qızıl valyuta ehtiyatlarımız adambaşına 8 min dollardır. Rusiyanın əhalisi isə bizdən çox olmasına baxmayaraq, adambaşına qızıl valyuta ehtiyatı 3500 dollardır. Yəni, bu qədər böyük ölkənin belə nəhəng nemətləri var. Onun bu cür vəziyyətə düşməsi bir sıra məqamlardan xəbər verir. Heç bir imperiya sonacan davam edə bilməyib. Rusiyanı da belə aqibət gözləyir. Putinin son çıxışı da onun deməyə bir sözü qalmadığını göstərir”.
O.Haqverdiyev qeyd edir ki, hətta Putinin dediyi kimi, iki il gözləsələr də, yenə heç nə dəyişməyəcək. Bu vəziyyətin illərlə çəkəcəyini deyən ekspert, Krımın qaytarılmayacağı və sanksiyaların götürülməyəcəyi təqdirdə, mövcud vəziyyətin davamlı olacağını düşünür.
Nigar


