Polkovnikdən “Azadlıq”a dost təbriki

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov “Azadlıq” qəzetinə 25 illik yubileyi münasibətilə təbrik göndərib. Təbrikdə deyilir:

“Azadlıq” qəzetinin bütün kollektivini və oxucularını ürəkdən təbrik edirəm. Mənim üçün bu mətbu orqan Azərbaycan müstəqil mətbuatı yaranan gündən daim izlədiyim və əməkdaşlıq etdiyim qəzetlərdən biri olaraq qalır.
Bütün tənqidlərə və təhdidlərə, təzyiqlərə baxmayaraq, “Azadlıq” qəzetinin yazdıqlarını iqtidarlı-müxalifətli hamı oxuyur və orada yazılanlardan özü üçün lazim olan məlumatı götürür. Müstəqil mətbu orqanlar arasında ən çox maddi sıxıntı keçirən qəzet məhz “Azadlıq”dır desəm, səhv etmərəm. Qəzetdəki fədakar və vicdanlı jurnalist dostlarımı ürəkdən təbrik edirəm, onlara bol-bol yaradıcılıq uğurları arzulayıram. Ruhdan düşməyin, daim maraqlı mövzularınız ilə biz oxucuları sevindirin. İnanıram ki, çətinlikləriniz tezliklə başa çatacaq və siz rahat şəkildə Azərbaycan mətbu orqanları arasında yenə də öz öncül yerinizi tutacaqsınız. Zatən indi də elədir. Amma, bir sıra obyektiv və subyektiv səbəblər öz həllini tapandan sonra “Azadlıq”sevərlərin sayı daha da çoxalacaq. Uğurlar sizə, dostlar!