Arif Əliyev
Gəmilərin də, insanlar kimi, öz taleyi olur. Ona görə dünyanın ən fatalist, hər əlamətə inanan adamları, bəlkə, elə dənizçilərdir.
Qəzetlər də informasiya “sularında” üzən gəmilərə oxşamırlarmı? Təsəvvür edin ki, media aləmi gerçək okean, qəzetlər, jurnallar, televiziyalar, saytlar isə irili-xırdalı gəmilərdir. Aralarında yükdaşıyan tankerlər də, sualtı qayıqlar da, balıqçı traulerləri də, silah-sursatlı kreyserlər də, əyləncə üçün gəzinti katerləri, hətta balaca «lödkə»lər də var. Və uzaqda reyddə bir buzqıran gəmi dayanıb. Bax bu buzqıran – «Azadlıq»dır.
«Azadlığ»ın «gəmi taleyi» əvvəldən, hələ «suya salınmamışdan» çox ağır olub. İnanın ki, Zərdabi «Əkinçi»nin şriftlərini uzaq-uzaq yerlərdən daşıyıb gətirdiyi kimi, «Azadlığ»ın da ilk nömrəsinin bəzi materialları fotoplyonkalardan söz-söz, cümlə-cümlə kəsilib yığılıb. Qəzetin mənimlə bərabər ilk redaktor müavini olmuş Vaqif Səmədoğlu və ilk məsul katibi Ədalət Tahirzadə bunu yaxşı xatırlayırlar. İlk redaktoru Nəcəf Nəcəfov xatırlamır. Əvəzində biz onun özünün işıqlı xatirəsini daim ürəyimizdə gəzdiririk.
Dəfələrlə bu cəmiyyətdə kəskin «soyuqlar» düşəndə «Azadlıq» «ətalət buzlarını» qırmaq, «fikir aysberqlərini» parçalamaq üçün önə çıxıb. Onun da fərqindəyik ki, «Azadlıq» – şıltaq gəmidir, bəzən hətta göyərtəsində qiyam baş verir, bəzən dumana düşüb istiqaməti itirdiyini zənn edirsən. Sularda qaldığı 25 ildə içərimizdə, mən qarışıq, nə zamansa ondan ummamış, nə zamansa küsməmiş çox az adam tapmaq olar. Amma bütün hallarda sonuncu arqument hər cür incikliyə üstün gəlib: «Azadlıq» bizim media donanmamızın buzqıran gəmisidir, qarşıda isə yenə buzlaqlar olacaq. Nə yaxşı ki, ən çətin məqamlarda bu arqumenti ölkənin hər üç keçmiş prezidentindən tutmuş, çox fərqli dünyagörüşə, düşüncə tərzinə malik siyasətçiləri, görkəmli din, elm, mədəniyyət adamları dəyərləndirə biliblər. Və bunun belə də olacağına inanıram.
Axı dənizçilər əlamətə inanan olurlar. Bu yaxınlarda bir əlamət duydum.
BBC-nin çəkiliş qrupu Azərbaycana gəlmişdi. I Dünya müharibəsi haqqında silsilə verilişlərdən birini general Əlağa Şıxlinski haqqında Bakıda çəkirdilər. Aparıcı – Londonda yaşayan Leyla adlı gözəl, qarayanız azərbaycanlı qızı idi…
Nəcəf Nəcəfovun qızı!