Aslan İsmayılov
Səhv etmirəmsə deyirlər ki, insanın adı ilə mahiyyəti üst-üstə düşməyəndə bu faciə olur. Bu gün “Azadlıq” qəzeti Azərbaycanda adı ilə məzmunu üst üstə düşən tanıdığım yeganə qəzetdir. Bu gün Azərbaycan vətəndaşları üçün “Azadlıq” qəzeti yeganə azadlıq adasıdır desək səhv etmərik. Fəaliyyətimlə bağlı son dövrlər “Azadlıq” qəzetində çalışan şəxslərlə bağlı münasibətlərimdən asılı olmayaraq yazılarımda tənqid olunmuş şəxslərin kimliyindən asılı olmayaraq, təqdim etdiyim yazılar heç bir düzəlişsiz çap olunub. Bu gün hamımız, hakimiyyət strukturlarının var gücü ilə bu qəzetin çapının, satışının dayandırılması üçün çalışdığının şahidiyik. Bəlkə çoxlarımız da hələ də dərk etmirik ki, bu informasiya mənbəyi hər birimizə lazımdır və orada maaşsız çalışan, həbslərə, təqiblərə məruz qalan insanlar sözün əsl mənasında, fədakarlıq edirlər. Əminəm ki, içində haqq duyğusu olan hər kəs, o cümlədən iqtidar nümayəndələri Sizin əməyinizin qədrini bilir. Gələcək nəsillər isə Sizin Vətənimiz üçün apardığınız mübarizəni lazımınca dəyərləndirəcəklər.
“Azadlıq” qəzetini 25 illik yubileyi ilə bağlı orada çalışan bütün əməkdaşları göstərdikləri fədakarlıqlarına görə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hələ ki, “Azadlıq” qəzeti dünya üzü görür hesab edirəm ki, amansız mübarizə şəraitində də olsa, Azərbaycanda söz azadlığı var deyə bilərik. Gəlin hər birimiz bu mübarizədə öz azadlığımıza dəstək olaq.