İstefada olan polkovnik Yaşar Cəfərli “Azadlıq” qəzetini 25 illiyi münasibətilə təbrik edib. Baş redaktor Qənimət Zahidin adına göndərilən təbrikdə deyilir:
“Hörmətli Qənimət bəy, “Azadlıq” qəzetinin 25 illik yubileyi münasibətilə sizi və bütün kollektivi səmimi qəlbdən təbrik edirəm!
Yaşa dolduqca qəzetiniz yeni-yeni heyranedici keyfiyyətlər əldə edir. Bu gün sizi başqalarından fərqləndirən əsas keyfiyyət və həm də üstünlüyünüz gənc nəsillə səmimi dioloq qurmaq bacarığındadır. Kollektiviniz azad fikirli, fəal, ölkəmizin inkişafını düşünən gəncliyin yetişdirilməsində əvvəzsiz rol oynayır. “Azadlıq” həm də bütün vətəndaşlar, bütün sosial təbəqələr arasında olduqca böyük populyarlığa malikdir. Qəzetnizın hər bir sayı məmurlar, deputatlar, həm rəhbərlər, həm də sıravi işçilər, müəllimlər, həkimlər, yaşlı və gənc nəsillər tərəfindən sevə-sevə oxunur. Əminliklə qeyd edirəm ki, ölkəmizin hər bir guşəsində azadlığın dəyərini bilən, Vətənimizin gələcəyinə inamla baxan bütün insanlar qəzetin növbəti sayını səbirsizliklə gözləyir. “Azadlıq” millət üçün həm də ümid çırağına çevrilib.
Hamımıza bəllidir ki, “Azadlıq” qəzetinin kollektivi həmişə yüksək və təkrarolunmaz peşəkarlıq qabiliyyətinə malik olub və indi də belə davam edir. Siz başda olmaqla qəzetin bütün yazarları müasir Azərbaycan jurnalistikasının, azad sözün, azad fikirin, fərqli baxışların, azad mətbautın yorulmayan, əyilməyən, sınmayan, əqidəyə sadiq qalan fədakar əsgərlərisiniz. Bəli, döyüş alnınıza yazılıb!
“Sükanı belə tutun!”, ümidləri qırmayın! Doğrudan da, siz təkcə qəzet deyil, həm də tarix yazırsınız! Tanrı sizlərə yar olsun!
Yaşa, yaşa, yaşa “Azadlıq”!
Yaşadıqca sən
Yaşayar arzular
Basılmaz Vətən!
Çoxlu yubileylər, yaradıcılıq uğurları, əzm və döyüş ruhu arzuları ilə, Yaşar Cəfərli”.