Odu oğurlayan Leyla Yunus

Hər şeyin zamana ehtiyacı var…

Fransanı bir qadın məhv edəcək, amma sonra bir bakirə qız xilas edəcək…” – bu qədim el məsəli 100 illik müharibədə ingilislərə məğlub olub sonuncu istehkam kimi Orleana sığınmış fransızların yaddaşında dolaşırdı. Məğlub fransızlar xilaskarını – o bakirə qızı – Janna Darkı axtarırdı.

1431-ci il martın 30-da Ruan şəhərinin Köhnə bazar meydanında tonqala od vurulmuşdu. Ölümlə üz-üzə, göz-gözə dayanan Janna Dark çox məğrur görünürdü, sanki əlində ağ bayraq, ağ geyimdə, ağ atın belində qalib sərkərdə kimi Orleana daxil olurdu. Alov içində qara tüstüyə bürününcə, son anda xaç çəkib, tonqalı əhatəyə alan on minlərlə fransıza vida salamı göndərdi. Katolik kilsəsinin – inkvizisiya məhkəməsinin hökmü ilə cadugər kimi tonqalda yandırılan Janna Dark yüz illər sonra elə həmin Katolik kilsəsinin hökmü ilə bəraət alıb, müqəddəslər sırasına daxil edildi.

Bəli, gerçəkdən zaman ən böyük hakimdir: tarixin sınağından çıxıb bəraət hökmü alan Janna Dark Fransanın azadlıq simvoluna çevrildi.

Hər xalqın öz Janna Darkı var…

Azadlıq uğrunda mücadilə aparan xalqların hər zaman belə qəhrəmanlara ehtiyacı olur. Tarixin həlledici məqamlarında, taleyi sual altına düşən xalqların son anda öz Janna Darkı ortaya çıxır. Çünki tarix Xeyir və Şər arasında əbədi mübarizənin fonunda bu və ya başqa formada təkrar olunur. Məsələn, Janna Darka ölüm hökmü çıxaran inkvizisiya məhkəməsi ilə ağır xəstə olan Leyla Yunus barəsində həbs-qətimkan tədbiri seçən məhkəmə arasında nə fərq var?!
Əslində, hökmün fərqli zamanlarda, fərqli məkanlarda, fərqli hakimlər tərəfindən verilməsinə, formaca fərqli olmalarına baxmayaraq, məzmunu dəyişməyib. Sadəcə, o zaman Fransanın azadlığı uğrunda mübarizə aparan 19 yaşlı Janna Darkın əvəzinə bu gün müttəhim kürsüsündə Azərbaycanın azadlığı uğurunda mübarizə aparan 60 yaşlı Leyla Yunus əyləşib. Bəs görəsən, bu nə olan işdir ki, ötən yüz illər ərzində insanlığın mahiyyəti heç dəyişməyib?! Nədən dünya üzü gələcəyə – iyirmi birinci əsrə doğru gedir, biz isə keçmişə, sanki orta əsrlərə qayıdırıq?!

Azərbaycanda demokratiya adına bir müqəddəs ünvan var idi. Hüquqları pozulanlar, haqqı tapdananlar son anda ümid yeri kimi, o ünvana pənah aparırdılar. Adi vətəndaşdan tutmuş, keçmiş vəzifəlilərə qədər, təqib və təzyiqə məruz qalan hər kəs o qapını ərklə döyüb aça bilirdi. Işə bax ki, hər kəsin üzünə qapı açan Leyla Yunus, indi özü bağlı qapılar arxasında qalıb. Bir zamanlar hamının ərklə döydüyü o qapını indi ölüm döyür…

“Məni anamın yanında basdırarsınız…”

Deməli, təcridxanada vəziyyəti təsəvvür edilməz həddə ağırdır ki, Leyla xanım ölümdən danışır. Çünki onunla təqsirləndirilən şəxs kimi deyil, bir əsir kimi davranırlar: yaşlı, xəstə qadına qarşı mənəvi işgəncələrdən tutmuş, fiziki zorakılığa qədər hər cür alçaldıcı üsullardan istifadə edirlər.
Leyla xanımın məktublarından iki sitatı yada salaq.

Son məktubundan məlum olur ki, dekabrın 11-də onu “kars”a salıblar: “Həbsdə olduğum beş ay ərzində bu, ən dəhşətli məqam idi”.

Leyla xanımın yaşadığı o, dəhşətli məqamları bir zamanlar mən də yaşamışam. Təcrübəmdən deyə bilərəm ki, qadının, xüsusilə də kübar bir xanımın “kars”a salınması heç bir çərçivəyə sığmır – nə əxlaqa, nə də mentalitetə. Deyəsən, Leyla xanımın əlindən cilov gəmirənlər unudublar ki, Leyla xanım residivist deyil, hüquq müdafiəçisidir. Özü də beynəlxalq səviyyəli bir ekspert kimi, Azərbaycanı dünyada təmsil edir. Bu zavallılar unudurlar ki, dünyanın hər üzünü görmüş və ömrünün müdrük çağına qədəm qoymuş mübariz bir xanımı sındırıb sıradan çıxarmaq, onların düşündüyü qədər də sadə və asan məsələ deyil. Bunu Leyla xanımın son məktubu bir daha təsdiq edir: “Məni sındırmaq istəyirlər. Məni öz yolumdan döndərmək istəyirlər. Amma mən bütün ömrümü bu işə həsr etmişəm. Mən bu yoldan qayıtmağı qəbul etmirəm”.

Bəli, bu ağır, əzablı, amma şərəfli yolu Leyla xanımın özü seçib. Çünki onun özü seçilmişlərdəndir. Seçilmişlər isə dünyaya xüsusi bir missiya ilə gəlirlər…

Fədakar qadın simvoluna çevrilən Leyla xanım düz 59 il əvvəl ÿsoyuq bir dekabr günü dünyaya göz açıb. Işə bax ki, dünyanın ən xeyirxah və humanist bir qadını dünyanın ən qəddar və anti-humanist bir kişisi ilə (Iosif Stalinlə) eyni gündə – 21 dekabrda anadan olub. Görünür, burada da bir qanunauyğunluq var. Bəlkə də tarixi araşdırsaq, görərik ki, hər diktatorla eyni gündə bir demokrat doğulub.

Qədəmlərin mübarək olsun, Leyla xanım! Açıq məhbəsdə yaşayanlar adından qapalı məhbəsdə Sizi ad günü münasibəti ilə təbrik edirəm!

P.S. Cəmil bəyin təbirincə desək, bu da bir tarixi faktdır ki, XX əsrin ən böyük diktatoru ilə eyni gündə doğulan Leyla xanım XXI əsrin ən kiçik diktatorunun həbsxanasında yatır.