
Həbsdəki tanınmış jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə müraciət edib.
Jurnalistin ailəsindən bizimyol.info-ya verilən məlumata görə, P.Həşimli saxlanma şəraiti və hüquqları ilə əlaqəli bir sıra məsələlərlə bağlı Penitensiar Xidmət əməkdaşlarının ona baş çəkməsini xahiş edib.
Ailə üzvlərinin verdiyi məlumata görə, bu günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları da jurnalistə baş çəkərək onun durumu ilə maraqlanıblar.
Xatırladaq ki, Pərviz Həşimlinin vəkilləri Bakı Apelyasiya Məhkəməsinin 07 iyul 2014 il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından kassasiya şikayəti vermişdi. Ali Məhkəmə noyabrın 12-də şikayətə baxıb təmin etməsə də, bununla bağlı qərarı hələ də Apelyasiya Məhkəməsinə göndərməyib. Vəkil Elçin Sadıqov “Bizim Yol” qəzetinə bildirib ki, Ali Məhkəmə qərarı nə zaman yazıb göndərsə, apellyasiya şikayətinə baxılacaq.
Xatırladaq ki, Pərviz Həşimli bu il mayın 15-də Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist silah saxlama və qaçaqmalçılıq maddələri ilə təqsirli bilinib. Amma Pərviz Həşimli ittihamları qəbul etmir, jurnalist fəaliyyətinə görə həbs edildiyini bəyan edir.


