Bəxtiyar Hacıyev Müsavatı “yaman yerdən” yaxaladı FOTO

Partiyanın başqan müavininə Praqadan tərs cavablar gəldi

“Son aksiyaya çıxan adamların sayı cəmiyyətin Müsavata etimadını göstərir; Özünüzə təsəlli verirsiniz, fakt isə ortadadır: çağırışınıza öz üzvləriniz belə cavab vermir”

Müsavat Partiyasının sədr müavini Səxavət Soltanlı ilə hazırda Praqda yaşayan ictimai-siyasi fəal Bəxtiyar Hacıyev arasında facebook-da maraqlı mübahisə yaşanıb. Mübahisə Səxavət Soltanlının paylaşdığı bir qeydə şərhlərlə olub.

Səxavət Soltanlı iddia edib ki, Müsavatın atdığı addımları daim başqa təşkilat və şəxslər müzakirəyə çıxarır, bu isə onun üstünlüyünü göstərir. “Müsavat Partiyası Gənclər Təşkilatına seçki keçirir başqa təşkilatlar və insanlar müzakirə edirlər. Qurultay keçiririk, başqa təşkilatlar və insanlar müzakirə edirlər. Biz mitinq keçiririk başqa təşkilatlar və insanlar müzakirə edirlər. Narahat deyilik, davam edin!..”, – deyə o yazıb. Soltanlı daha sonra ad çəkmədən kimlərəsə “dərs verməyə” başlayıb: “Başqalarını müzakirə etmək əvəzinə çalışın təmsil etdiyiniz təşkilatlarda elə işlər görün ki, başqaları sizi müzakirə etsinlər. Məsələn: Gizli səs vermə tətbiq edin, alternativ namizədlərlə partiya strukturlarına seçkilər keçirin, daxili demokratiyanı bərpa edin, bir şəxsin ardıcıl iki dəfədən çox namizəd olmasına qadağa qoyun, namzidələrin iradəsi ilə seçki komissiyaları formalaşdırın, İnsan Haqları və demokratiyanı müdafiə edin və s…”.

Onun bu qeydinə Bəxtiyar Hacıyev partiyanın öz üzvü İkram İsrafilin hazırda xaricdə olan oğlunun təzyiqə məruz qaldığı haqda bəyanatını “saxtakarlıq” adlandıraraq, irad tutmaqla şərh yazıb. Bundan sonra isə iki fəal arasında “söz atışması” başlayıb. Qarşılıqlı yazılan şərhləri birləşdirmək və ixtisar etməklə, amma mübahisənin mahiyyətini saxlamaqla diqqətə çatdırırıq:

Bəxtiyar Hacıyev: Səxavət, Müsavat Partiyasının 26 noyabr bəyanatı ilə bağlı nə deyə bilərsən bəs? Siyasi məhbusların adından (NİDA-çı gənclərin məhkəməsində iştirak etdi deyə, guya döyüldüyü yazılan) istifadə edib kiminsə öz övladına sığınacaq almaq üçün partiya bəyanat verməli idimi? Hakimiyyətə gəlməyə, ədalətli idarəçiliyə iddia edən partiyaya yalandan bəyanat yaymaq yaraşır?..
Hakimiyyətə gəlmək istəyib, saxtakarlıq edirsinizsə, müzakirə etməməlidir cəmiyyət? Yoxsa, tam ignore-a qoyulmaq istəyirsiniz? Şəxsən mənim üçün qurultay və bu bəyanatdan sonra Müsavatın nə etdiyi qətiyyən əhəmiyyətli deyil. Sadəcə sənin bu fəxrlə yazdığın statusu görüb sorğulayıram: İkram İsrafilin oğlunu hansı polis bölməsində, kim döyüb, niyə döyüb, bu barədə harasa müraciət edilibmi, mətbuata niyə verilməyib bu məlumat? İkram İsrafilin oğlu hazırda haradadır və İngiltərədədirsə, bizim hökümət buradan ora onun həyatına necə təhlükə yaradır? Niyə NİDA-çı məhbusların adından istifadə etmisiniz. Bu suallara cavab verin, sonra Müsavat haqqında böyük-böyük statuslar yazın lütfən.

Səxavət Soltanlı: Sən də bilirsən ki, müxalifət partiyasının rəhbərlərindən birinin övladı olmaq bu ölkədə hansı çətinliklərlə yaşamaq deməkdir, o zaman polis bölməsində döyülüb, mətbuatda getməsini isə istəməyib ki, təhsil aldığı yerdə sıxışdırıla bilər. Bu sadə gerçəkləri guya bilmirsiz?.. Bir gəncin burda təhsil alma imkanları tükəndiyi üçün, xaricdə təhsilini davam etdirməsinə qarşı niyə belə narahat olursuz? Belə xırda hisslərdən uzaq olun…

Bəxtiyar Hacıyev: Səxavət, İkram İsrafilin oğlu hansı fəaliyyətinə görə təqibə məruz qalmışdı? Xədicə İsmayıl illərlə yazdı, sonra həbs etdilər. Seymur Həzi illərlə “Azərbaycan Saatı”, “Azadlıq” qəzetində yazdı, sonra həbs etdilər. İkram İsrafilin digər oğlunun toyuna YAP-çılar gəldiyi halda, İsrail İsrafilin indiyə qədər “məhkəmə önünə getmək”dən başqa hansısa ciddi fəaliyyəti var idimi ki, onu döydülər, öldürdülər? Saxta bəyanat idi bir nəfərin oğlunun sığınacaq alması üçün. Nə qədər malalasanız da, cəmiyyət kor deyil, görür!..
Bu da üz qarası saxtalaşdırmanın başqa bir tərəfi – NİDA-çıların məhkəməsində saxlanılanları da, döyülənləri, inzibati cəza alanları da hamı bilirdi, fotosunu, videosunu çəkirdi, yazırdı, görürdü. Həmin gün bütün sosial şəbəkələrin, saytların diqqəti bu hökmə etiraz edənlərin taleyi üzərində idi. Belə adam yox idi döyülənlər, həbs cəzası alanlar, nə də cərimələnənlər arasında. Polis döydü və buraxdı ki, get evinə dincəl? Saxtakarlıqdır, özü də Müsavat kimi bir partiyaya üz qarası olan saxtakarlıq.
Mənim üçün artıq Müsavatın nə etdiyi, nə edəcəyi maraqlı deyil. Zatən 100 illik partiyanın 100 siyasi məhbusla bağlı keçirdiyi son aksiyaya çıxan adamların sayı da cəmiyyətin Müsavata etimadını göstərir.

Səxavət Soltanlı: Bərəkallah, sən də sayanlardansan? 🙂 Lap cılızlıq oldu bu. O tədbirin mahiyyəti insan haqları, siyasi məhbus problemini gündəmə gətirmək idi, qorxu xofuna qarşi getməkdir.

Bəxtiyar Hacıyev: Mən saymıram, topdan (optom) baxıram və yuvarlaqlaşdırıram. Fakt odur ki, cəmiyyət Müsavata inamını itirib artıq. 100 illik partiya 100 siyasi məhbusla bağlı mitinq keçirib 1000 nəfər gətirə bilmirsə, deməli etimad itib. Etimadı isə qurultaydakı Putin-Medvedev oyunları, İkram İsrafilin oğlunun Britaniyada rahat yaşaması üçün saxta “NİDA-çıları müdafiə etdi, döyüldü” bəyanatları və s. əməllər itirib.

Səxavət Soltanlı: Hətta siz həbsdə olanda sizə görə 15 nəfərlə belə aksiya keçirmışik. Hakimiyyəti dəyişirik deyib, xalqi ora səsləməmişdik. Sənin məntiqinlə insanların siyasi məhbuslara verdiyi qiymətdir? Eyibdir.

Bəxtiyar Hacıyev: İnsanların siyasi məhbuslara münasibəti deyildi təbii ki. Hər siyasi məhbusun 5-10 qohumu, dostu ona dəstək verir yəqin. Bu isə 500-1000 nəfər etməlidir. Əgər hər siyasi məhbusun 5-10 qohumu da gəlməyibsə, deməli Müsavatın siyasi məhbuslar adından istifadə etdiyini düşünüb gəlmirlər, etimad etmirlər. Müsavat isə bu etimadı siyasi məhbusların adlarından istifadə edərək bəyanat yaymaqla itirdi…
Müsavat partiyasının mitinq çağırışına heç Müsavatın öz üzvləri də qoşulmurlarsa, bu faciə deyil sizin üçün? Yoxsa, elə olan Müsavat üzvü oradakı bir neçə yüz nəfər idi?

Səxavət Soltanlı: Qarşımıza minlərin mitinqini keçirəcəyik deyə məqsəd qoymamisdıq.

Bəxtiyar Haclyev: Özünüzə təsəlli verirsiniz, bəylər. Fakt isə ortadadır, çağırışınıza öz üzvləriniz belə cavab vermir artıq. Cəmiyyətdə Müsavata qarşı ən sərt ittihamları elə Müsavatın tanınmış simaları irəli sürürlər. Sizcə, problem başqalarındadır, yoxsa siz də böyük səhvlər edirsiniz?

Səxavət Soltanlı: Daxili demokratiya, tənqid imkanları, narazılıqin bildirilməsi imkanları sizə yad olduğu üçün, demokratik davranışlardan uzaq olduğunuz üçün sizi qınamırıq.

Bəxtiyar Hacıyev: Düz deyirsiniz, biz fərqli fikir söyləyənlərin qurumdan, üzvlükdən xaric edilməsi kimi “demokratik davranış” tanımırıq, uzağıq. Neçə tənqidçi qovuldu Müsavatdan?..

Səxavət Soltanlı: Yoxdur belə fakt!

Bu yerdə Bəxtiyar Hacıyev qurultayın nəticəsindən narazı qalan müsavatçılardan Kamil Xəlilbəylinin partiyadan çıxarılması haqda məlumatın və Xəlilbəylinin Müsavat başqanı Arif Hacılının şəxsi göstərişi ilə partiyadan çıxarıldığına dair açıqlamasının linklərini şərh yerinə paylaşıb və daha sonra belə davam edib:

Bəxtiyar Haclyev: Sən haqlısan, Müsavat yekdir, ən demokratik qurumdur, heç bir səhvi yoxdur. Onlarla üzv, hətta tanınmış Hikmət Hacızadə Müsavatı elə-belə tərk edib, xeyli tanınmış və sevilən iqtisadçı Qubad bəy də zarafatla etiraz edir qurultay nəticələrinə, hər şey yaxşıdır, Müsavat üzvləri də elə-belə gəlmədilər Müsavatın mitinqinə. Heç bir problem yoxdur, Müsavat analoqu olmayan inkişaf tempini yaxalayıb.

Səxavət Soltanlı: Hər şey qaydasinda deyil, hakimiyyətə gəlməmişiksə deməli hər şey qaydasında deyil…

Bəxtiyar Hacıyev: Yəni, 100 illik partiya 100 siyasi məhbusla bağlı İCAZƏLİ mitinqə 200-300 nəfər çıxarıb, 9 milyonluq ölkədə hakimiyyətə gələcəyinə inanır? Yeri gəlmişkən, son mitinqdə polis Müsavatın mətbuat xidmətinin reportyor köməkçilərindən neçə nəfəri döyüb, bəyanatlar hazırlanırmı? Bir neçə nəfər xaricə mühacirət etmək istəyir, belə bəyanat yaya bilərsinizmi onlarla bağlı da? Ödənişi nədirsə, edərlər. 🙂

Bundan sonra mübahisə və yazışma dayanıb.