«Xarici jurnalistlər Xədicənin işini davam etdirəcəklər – Azərbaycan prezidentinin biznesinin araşdırılması da bura aiddir»
«Tagesspiegel»: «Bu qadından və onun gördüyü işdən Azərbaycan hökumətinin qorxusu həqiqətən də çox böyük imiş…»
Araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi dünyanın aparıcı mətbuat orqanlarının gündəmindən düşmür. Jurnalistin həbsi fonunda Azərbaycandakı acınacaqlı vəziyyətdən bəhs olunan yazılarda bu ölkədə avtoritarizmin hökm sürdüyü vurğulanır. Almaniyanın “Tagesspiegel” qəzeti hazırda Azərbaycanda yaşananları Stalin dövrünün repressiyaları ilə müqayisə edib. “Azərbaycanda ən cəsarətli jurnalist həbsdədir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Bir neçə ildir ki, jurnalist Xədicə Ismayıl Azərbaycan prezidenti və onun ailəsinin biznesini araşdırırdı. Indi isə onun özü həbsdədir. Avtoritar ölkədə hazırda repressiyalar dalğası yaşanır.
Dostları və həmkarları ona xəbərdarlıq etmişdi ki, Bakıya qayıtmasın, onu da həbs edəcəklər. Lakin Azərbaycanda ən tanınmış araşdırmaçı jurnalist olan Xədicə Ismayılova Avropada yaşamaq barədə bütün təklifləri rədd etdi. O bilirdi ki, korrupsiya araşdırmaları ilə əlaqədar həbs təhlükəsilə üz-üzədir. Buna baxmayaraq, Avropa səfərindən geri qayıtdı.
Dekabrın 5-də jurnalist həbs olundu. Onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçildi.
Xədicə Ismayıl avtoritar ölkə olan Azərbaycanda başqa jurnalistlər üçün tabu olan mövzularda araşdırma aparırdı. Məsələn, son illərdə o, Ilham Əliyevin ailəsinin necə böyük sərvət sahibi olduğunu üzə çıxarmışdı. Söhbət ölkədəki əsas mobil şirkətlərin, həmçinin 2012-ci ildə Bakıda “Eurovision” musiqi yarışmasının keçirildiyi zalın tikintisini həyata keçirmiş şirkətin prezidentin ailəsinə məxsusluğuna dair araşdırmalardan gedir.
38 yaşlı jurnalist iyun ayında Almaniyaya səfəri zamanı ölkəsindəki çoxsaylı siyasi məhbuslar barədə məlumat vermişdi. Bu yay Berlində olmuş hüquq müdafiəçisi Rəsul Cəfərovun digər həmkarları ilə birlikdə hazırladığı siyasi məhbuslar siyahısında 90 nəfərdən çox adamın adı var idi. Bu siyahı daha da böyüyüb, hətta Rəsul Cəfərovun özünün də adı artıq siyasi məhbuslar siyahısındadır. Çünki bir qədər sonra o da həbs olundu.
Əliyev rejiminin repressiyaları bu il daha da şiddətli olub. Hazırda hakimiyyətin tanınmış rəqiblərinin, tənqidçilərinin az qala, hamısı dəmir barmaqlıqlar arxasındadır: hüquq müdafiəçiləri və jurnalistlər, siyasətçilər və bloggerlər, seçki müşahidəçiləri, gənc fəallar. Bir çoxları da ölkədən qaçmaq məcburiyyətində qalıb.
Stalin dövrü ilə bağlı xatirələr oyanıb
Son aylarda Xədicə Ismayıl siyasi məhbuslar və onların ailələri üçün pul yığırdı. O, Berlində olarkən NIDA Vətəndaş Hərəkatının həbsdə olan üzvlərindən birinin anasının pula təcili ehtiyacı olduğu haqda danışmışdı. Həmin ananın oğlu astma xəstəliyindən əziyyət çəkir, onun saxlanıldığı kamerada yayda vəziyyət dözülməz olur. Ana nəzarətçiyə pul vermək istəyirdi ki, heç olmasa, kameranın kiçik pəncərəsini açsın, oğlu nəfəs ala bilsin.
Həmin vaxt ölkəsindəki vəziyyətdən danışan Ismayılova deyirdi ki, Azərbaycanda hazırkı durum Stalin dövrünü xatırladır: Məsələn, məhbuslardan biri azadlığa çıxmaq üçün NIDA-dan çıxdığı haqda məktub yazdı, digəri həbsxanadan birbaşa Əliyevin atasının məzarı önünə gedib əklil qoydu.
Xədicə Ismayılın dostları ona görə narahatdır. Azərbaycanlı fəal Emin Milli deyir ki, Xədicə əməliyyat olunub və bu səbəbdən xüsusi dietik yeməklərlə qidalanmalıdır. O, ötən həftə həbsdən əvvəl işlədiyi “Azadlıq” radiosuna zəng edərək, özünün güclü olduğunu bildirib və həmkarlarına da mövkəm olmağı, işi davam etdirməyi arzulayıb.
Ona qarşı ittiham əslində, çirkin qarayaxma kampaniyasıdır. Hakimiyyət onu intihar həddinə çatdırma cinayətində ittiham edir. Guya, o, həmkarını şəxsi münasibətlər zəminində özünü öldürmə həddinə çatdırıb.
Federal hökumət jurnalistin həbsindən narahatdır
Almaniya hökuməti də jurnalistin həbsilə bağlı narahatlığını ifadə edib. Federal hökumətin Insan Haqları üzrə komissarı Kristof Ştrasser bildirib ki, Azərbaycanda ciddi şəkildə demokratiya çatışmazlığı var: “Bu baxımdan, Xədicə Ismayıla qarşı ittihamlar da çox şübhəlidir”.
Xədicə Ismayıl xeyli müddətdir ki, ən müxtəlif üsullarla təqib və təzyiqlərə məruz qalırdı. 2012-ci ildə o, evinə gizli quraşdırılmış kamera vasitəsilə yataq otağında lentə alınmış şəkillərlə birlikdə bir şantaj məktubu almışdı. Həmin məktubda xəbərdarlıq olunurdu ki, araşdırmalarını dayandırmasa, yataq otağında çəkilmiş video yayılacaq. Lakin Ismayıl prezidentin ailəsinin biznesi haqda araşdırmalarını davam etdirdi və həmin videogörüntülər hökumətyönlü mediada yayıldı.
Xədicə Ismayıl qorxmur
Amma təzyiqlər, hətta son aylarda həbs təhlükəsi də onu qorxutmurdu. O, oktyabr ayında Avropa səfərindən qayıdarkən Bakı aeroportunda gömrükçülər tərəfindən bir neçə saat saxlanılmışdı. Onlar polis çağırmışdılar. Gömrük işçisi Xədicə Ismayılın flaş kartına baxış keçirmək istəyirdi, lakin jurnalist buna heç bir qanuni, hüquqi əsasın olmadığını əsas gətirərək, buna imkan vermirdi. Bir qədər sonra Xədicə Ismayıl açıqladı ki, ümumiyyətlə, kartın içi boşdur. Sadəcə, hüquq pozuntusu olduğuna görə karta baxış keçirilməsinə imkan vermirdi.
Xədicə Ismayıl hələ fevral ayında yazırdı ki, bu qədər insan həbsxanaya göndərilirsə, deməli, beynəlxalq ictimaiyyət bağlı qapılar arxasındakı diplomatiyadan imtina edib, Azərbaycan hökumətinin ünvanına daha açıq şəkildə və gur səslə tənqidçilərini ifadə etməlidir. O, Azərbaycan hökumətinin həbsdən azad etmək vədilə insanlara əfv ərizələri yazdırmasına qarşı çıxırdı.
Xədicə Ismayıl deyir ki, Azərbaycan hökuməti Qərbdən müsbət rəy almaq üçün həbsxanadan sanki fırlanan qapı kimi istifadə edir. Bir siyasi məhbus azad edilir, bu addım alqışlanır, amma həmin o birinin əvəzinə ikisi həbsxanaya göndərilir.
Xədicə Ismayıl hələ fevral ayında yazırdı ki, həbs olunarsa, bunun əsl səbəbi korrupsiya mövzusunda araşdırmalarıdır: “Mənim gördüyüm iş hökumətin xoşuna gəlmir”.
Həqiqətən də bu qadından və onun gördüyü işdən hökumətin qorxusu çox böyük imiş…
Xədicə Ismayılın hüquqlarını müdafiə edən vəkilin də fəaliyyətinə ötən çərşənbə günü xitam verildi.
Dünyanın bir çox ölkələrindən jurnalistlər son günlərdə Xədicə Ismayıla dəstəklərini, onunla həmrəy olduqlarını ifadə ediblər. Onlar Xədicənin işini davam etdirəcəklərini bildiriblər – Azərbaycan prezidentinin ailəsinin biznesinin araşdırılması da bura aiddir.



