Həbslər təkcə qorxu yaradır?

Əbülfəz Qurbanlı, ebulfezgurbanli.wordpress.com

Deyirlər, evinə girmiş oğrunu görüb tanımısansa, adını çəkmə. Onu tanıdığını bildiyi halda səni ya öldürəcək, ya da buna cəhd edəcək. Azərbaycandakı siyasi həbslərdə də başlıca səbəb oğrunun ifşası idi. Xədicə İsmayıl sərvətləri talayanları, Anar Məmmədli və Bəşir Süleymanlı səsləri oğurlayanları ifşa etdiyi üçün həbs olunub.

Demək olar, hər kəs, bütün siyasi məhbuslar, təzyiqlərə məruz qalanlar ölkəni çapıb talayanları adı ilə çağırdığı üçün azadlıqdan məhrum ediliblər. Günahsız şəxslərin həbsxanaya atılması qısasçılıqdan və qəzəb hissindən doğmayıb. Rejim “ata, oğul və müqəddəs ruh”un əbədiliyinin pozulmaması naminə özünü müdafiə etməli və onu tənqid edənlərin, ondan qorxmayanların səsini kəsməlidir deyə bu cəza tədbirlərinə davamlı əl atıb. Bütövlükdə ardıcıl həbslərin iki əsas məqsədi var: susdurmaq və qorxu mühiti yaratmaq. Konkret fərdlər susdurulur, geniş müxaliflər sırasında isə xof mühitinin yaradılmasına cəhd olunur. İlk halda Seymur Həzi kimi adamlar yazmaq, hüquq müdafiəçiləri vətəndaşların adi hüquqlarını müdafiə etmək imkanlarını hansısa bir zaman kəsimində itirirlər. Kürdəxanı “qəsr”indən kənarda olan dəyişiklik tərəfdarları riskləri göz önünə alaraq davam edirlər. Əlbəttə, Əliyev iqtidarının həbs dalğası bu gedişatı dəyişmək üçün savaşanların ovqatına hansısa formada mənfi təsir edir. Ancaq bütövlükdə hamını etirazçı fikirləri ifadə etməkdən çəkindirə, özünüsenzura yarada bilmir. Rejim üçün ən yaxşı halda bu həbslərdən azərhəsrətlər, raufarifoğlular peyda olur.

Hər hansı təskinlik vermək düşüncəsindən uzaq olaraq, həsblərin müxalifət hərakatına verdiyi pozitiv tərəflər üzərində də dayanmalıyıq.

Hər ifşa yazısında, rejimin repressiya maşının hədəfi olacağını bildiyi halda prinsiplərə bağlanıb yola davam etmək parlaq şəxsi nümunələr yaradır. Bizim kimi qanunların işləmədiyi, məhkəmələrin prezidentin bir əl işarəsi ilə qərar verdiyi ölkədə bu cür nümunələr olduqca önəmlidir. Cəsarətli şəxsi nümunələr cəmiyyət tərəfindən şərəf kimi qiymətləndirilir, etirazçı qüvvələr sırasında dayanmağa tərəddüd edən narazıları ruhlandırır. Bir çoxlarının qorxu hissi ilə meydanı tərk etməsi, susması, mövqeyini dəyişməsi kənardan seyr edənlərdə ümidsizlik yaratdığı kimi, cəsarətlilik nümayişi də qoşulmaq istəyənlərə ümid və inam verir. Prinsiplərini təhlükəsizliyə və maddiyyata qurban verənlər ikrah hissi doğurduğu kimi, prinsiplər naminə meydanda davam edənlər, şərlənib azadlıqdan məhrum olunanlar da ləyaqət və qürur hissi yaradır. Məqsədə doğru getdiyin yolda sona qədər dəyərlərdən imtina etməmək cəsarətin göstəricisidir. Bu göstərici dəyişiklik arzusunda olanlar və bu arzunu qərara çevirməkdə tərəddüd edənlər üçün əhəmiyyətli dəstəkdir. Cəmiyyət həbs olunanlara görə iztirab hissi yaşadığı kimi, bu şəxsi nümunələrdən – cəsarət örnəyindən də ruhlanır. Bu, bizim kimi tıranlığa qarşı savaşmış bütün xalqlara aiddir, dinc mübarizə tərəfdarları üçün həlledici məqamdır. Azərbaycanda isə o cəsarət nümunəsini bəxş edənlər sırasında iki qadının olduğun nəzərə alsaq,  götür-qoy üçün yer qalmamalıdır.

Ardıcıl həbslər təkcə şəxsi nümunlər yaratmır. Cəmiyyətin müxalifətə olan etimadını artırır. İllərdir rejimin ştatlı mirzələrinin İlham Əliyevə qarşı çıxanlar, meydandan çəkilməyənlər haqda təbliğ etdiyi “şəxsi mənafe naminə müxalifətçilik edirlər”, “onlar da hakimiyyətə işləyir” kimi yaramaz tezisləri darmadağın edir. Axı şəxsi mənafe üçün ortada dolananlar gözümüzün qabağındadır. Onlar ucadan danışmazlar, müəyyən olunmuş hədləri keçməzlər, başlıcası azadlıqdan məhrum olunma riskini göz önünə almazlar. Cəmiyyətin bu etimadı yola davam edənlərə inam, sevgi deməkdir. Meydanda tək qoymamaqdır.

Qeyri-zorakı mübarizə demək olar ki, bütün mərhələlərdə bəşəri dəyərlər uğrunda olub. Tarixin bütün məqamlarında dinc mübarizə dağıdıcılığa, geridəqalmışlığa qarşı olub. Bu mübarizədə cəsarətli olanlara etimad başqa şərtlərlə bərabər bəzən o mücadilələri qələbə ilə nəticələndirən əsas faktora çevrilir.