Ekspertlər Türkiyənin siyasətini təhlükəli sayır
Son günlər dünyanın əsas müzakirə mövzularından biri də Rusiya-Türkiyə münasibətləridi. Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinə müxtəlif şərhlər verildi, müxtəlif nəticələr çıxarıldı.
Amma daha çox Rusiya ilə Türkiyə arasında imzalanan qaz anlaşması üzərində dayanıldı. Əvvəla, bütün dünyanın Rusiyaya qarşı birləşdiyi, ölkənin ağır sanksiyalara məruz qaldığı vaxtda, Türkiyənin Rusiyaya qucaq açması birməanalı qarşılanmır. Bəzi ekspertlər bunu Türkiyə üçün “çətin mərhələ” kimi qiymətləndirir.
Tərəflər arasında qaz anlaşmasına gəlincə, bu anlaşma “cənub axını” layihəsini əvəz edək. Qeyd edək ki, Avropa Komissiyasının qərarı ilə 4 ölkə “cənub axını” layihəsindən imtina etdi. Buna səbəb isə Rusiya amili olmuşdu. Belə ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti bu layihəni ikinci plana keçirdi.
Belə bir vaxtda Türkiyənin yenidən bu layihənin dirilməsinə “nəfəs” verməsi bəzi ehtimallar yaradır. Qeyd edək ki, bu anlaşmaya görə Rusiya qazı Avropaya Türkiyə vasitəsilə çatdırılacaq.
Türkiyə NATO ölkəsidir. Ərdoğan da seçki platformasında bildirmişdi ki, Avropa Birliyi ilə əməkdaşlıq prioritetlər sırasında olacaq. Yəni Türkiyəni Qərblə bağlayan xeyli məqamlar var.
Qərbin Rusiyaya qarşı hirsli olduğu bir vaxtda, Qərbə inteqrasiyada maraqlı olduğunu iddia edən Türkiyənin Rusiyaya “nəfəs” verməsi necə qarşılancaq.
Bəzi ekspertlər hesab edir ki, Türkiyə Rusiyanın aqibətini yaşaya bilər.
Belə ki, Avropa Birliyinin Xarici Əlaqələr Komitəsi Türkiyənin Rusiya ilə münasibətlərini mənfi qiymətləndirib. Açıq şəkildə bəyan edilib ki, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi bir vaxtda Türkiyənin addımları Rusiyanı vəziyyətdən çıxarmaq cəhdidir. Ona görə də belə bir münasibət formalaşıb ki, Türkiyə maddi fayda naminə belə addımlar atmamalıdır. Bu isə o deməkdir ki, Türkiyənin Rusiyaya jesti bu ölkənin Avropa Birliyi ilə münasibətlərini gərginləşdirə bilər. Nəticə etibarilə yaranmış vəziyyət Türkiyənin öz maraqlarına zərbə vura bilər.
Qeyd edək ki, Qərb Irana qarşı sanksiyalar tətbiq edəndə, Irana dəstək verən ölkələr də sanksiyadan nəsibini almışdı.
S.Novruz


