Ekspert: «Bu, çıxış yolu deyil, başqa pul buraxsalar, o da kağız kimi bir şey olacaq»
Rusiya Dövlət Dumasında rublun digər valyuta ilə əvəzlənməsinə dair müzakirələr gedir. Bu barədə “Mir 24″ telekanalı Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Anatoli Vıbornıya istinadən məlumat yayıb.
Vıbornının sözlərinə görə, böhrandan çıxış üçün bir neçə variant var. Bu mənada, rubla alternativ valyutanın yaradılması da nəzərdən keçirilə bilər. Deputat iddia edir ki, bu halda Rusiya vətəndaşlarının avro və dollardan istifadəsinə zərurət olmayacaq.
Duma üzvünün sözlərinə görə, prezident Putinin Federal Şuraya müraciətindən sonra deputatlar şifahi şəkildə layihə üzərində işləyir. Vıbornı istisna etmir ki, yeni valyutanın yaradılmasına Avrasiya Ittifaqının və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri də cəlb edilə bilər.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev rubldan imtina edib alternativ valyuta yaratmaq ideyasını absurd sayır. Iqtisadçı deyir ki, Rusiyada yeni pul yaratmaq asan iş deyil. Yeni valyutanın tutumluğuna diqqət çəkən ekspert, rublun qiymətdən düşməsini onun tutumluğunda heç nəyin olmamasıyla əlaqələndirir: “Rublun tutumluğunda bizim manatda olduğu kimi, yalnız neft və qaz var. Başqa pul buraxsalar, elə o da kağız, yəni rubl kimi bir şey olacaq. Ümumiyyətlə, bu, ağlasığan tədbir deyil. Rublun dəyərinin aşağı düşməsinin qarşısını almaq üçün tamam başqa tədbirlər görülməlidir. Rusiya Mərkəzi Bankı ölkənin valyuta bazarını tənzimləməyi daha da gücləndirməlidir. Həmçinin, neçə illərdir həll edə bilmədikləri neft və qazdan asılılıq məsələsini hələ də reallaşdıra bilmirlər”.
Nigar


