Bütün ölkə bilirdi ki, Azərbaycanın bol sərvətləri talan edilir, görünməmiş oğurluq var. Bunu kimlərin etdiyini də gözəl bilirdi hər kəs. Amma hamının pıçıltı ilə danışdığı həqiqətlərə aid sübutlar yox idi, sanki bu sübutlar yalnız Tanrıda vardı. Prometey odu Tanrıdan oğurlayıb insanlara verdiyi kimi, o da bu sübutları sanki Tanrıdan oğurlayıb insanlara verdi. Bunu etmək üçün sadəcə, böyük cəsarət tələb olunurdu – odda yanmaqdan qorxmamaq qədər.
Xədicə xanım bunu etdi və əzilən, qorxudulan, xof altında saxlanılan bir toplumda Cəsarəti ən yüksək ölçü və keyfiyyət səviyyəsinə qaldırdı.
Hamı gözəl anlayır ki, onun yazdıqları Ilham Əliyev və ətrafı üçün təkcə təkzibedilməz ifşa faktları deyil, cinayət əməllərinin hazır ittiham sübutlarıdır. Indi hər şeyi özünüz təsəvvür edin ki, o niyə təqib edilib, niyə ona qarşı çamurlar atılır, niyə həbs edilir.
Onu təkzib edə bilmirdilər, ona görə də onu susdurmaq və məhv etmək üçün gözdən salmaq yolunu tutdular. Bir neçə ildir hakimiyyətin ən qəddar təzyiqləri ilə üzləşir və onu gözdən salmaq üçün ən amansız hiylə və üsullara əl atırlar. Həbsinin “intihara çatdırma üzərində qurulma”sı da bu xəttin davamıdır. Hakimiyyət istəyir ki, qurama intihar təfərrüatları üzərindən Xədicə xanımı gözdən salsın, “gördünüzmü bu necə adamdır?!” böhtanlarını davam etdirsin. Elə indi də bu işi geniş miqyasda aparmaqdadırlar. Açıq və gizli xidmətçilər yenə Xədicə Ismayıla bu xidməti göstərirlər, amma iş-işdən keçib…
Od oğurlanıb və insanlarda var. Xədicə Ismayıl bunu bacardı…
Illərin jurnalistiyəm, ali təhsilim də bu sahəyə aiddir. Nəzəri biliklərimlə yanaşı bəzən uğurlu təcrübələrim də olub. Tam əminliklə deyirəm və bu sözümə inanmaqla yanılmazsınız, peşəkarlıq rakursundan baxdıqda Xədicə Ismayıl kimi bacarıqlılar Azərbaycanda çoxdur.
Təbii ki, Xədicə Ismayılın çoxlarında olmayan bacarıqları da var, bir neçə dil bilir, çox mütaliəlidir, amma aşağı-yuxarı götürsək, Xədicənin jurnalistikada elədiklərini bacara biləcək peşəkarlar qədərincə var bu ölkədə. Heç Xədicə xanımın özü də iddia etmirdi ki, o, peşəkarlığa görə jurnalistikada yeganədir və ya yaxşıların yaxşısıdır. Azərbaycanın vicdanlı yazarlarına, hətta onların ən təcrübəsizlərinə, sayğı bəsləyir, onlardan özünü ayırmırdı. Onların ən xırda uğuru ilə də öyünür, təbliğ edirdi. O, bu qədər gözəl insandır!
Deyə bilərsiniz ki, bəs niyə Xədicə xanımın gördüyü işi başqaları görə bilmirdi. Özü sübut etdi ki, görənlər ola bilər. Hətta təlim də keçdi, öyrətdi, jurnalistlər anladı ki, ofşor gizlinləri bir neçə ildir açılıb ortaya tökülüb və üzərində işləyib, izinə düşüb eynən onun elədiyi araşdırmaları aparmaq olar. Amma bunun üçün çox vacib bir keyfiyyət… cəsarət gərəkdir. Insanların bəzən adi həqiqətləri pıçıltı ilə dediyi bir ölkədə bu işləri görməyə olduqca böyük cəsarət tələb olunur, peşəkarlıq bunsuz Ezop dairəsindən çox da kənara çıxmır. Müxtəlif səbəb və bəhanələr gətirmək olar, amma onun gördüyü işlərə sadəcə özündə cəsarət tapmalısan.
Xədicə isə elə cəsarətlidir ki, onun yazdıqları barədə yazmaq və danışmaq belə cəsarət tələb edir. Bu cəsarətlə o, nəinki Azərbaycan jurnalistikasının seçilmişi oldu, bütün dünyada tayı-bərabəri olmayanlar sırasına düşdü. Onun yazdıqları tarixidir və bu tarixi davam etdirir.
Gəlin jurnalist araşdırmalarını bir anlığa kənara qoyaq, ictimai mövqeyində, verdiyi suallarda, yazdığı şərh və statuslarda, yerli və beynəlxalq tədbirlərdəki çıxışlarında sərgilədiyi cəsarəti yada salaq. Eyni xüsusiyyət burada da görünür – Cəsarət.
Odda yanmaqdan qoxmamaq qədər cəsarətli olmaq!