Doğurdan da insan psixologiyası çox mürəkkəb “labirint” kimidir. Bəzən adamlar elə vəziyyətə düşür ki, ifşa olunmaqdan, masqası cırılmaqdan zövq alır. Sanki bu adamlar “xahiş edirik bizi ifşa edin” deyə yalvarırlar. Yəni, narkoman iynəyə düşkün olduğu kimi, bu adamlar da daha çox kiçilməyə düşkün olublar.
Bütün bunları niyə yazıram? Yazmaq istəyirəmmi? Etiraf edim ki, bacardığım qədər “Yeni Müsavat”ın yazılarına cavab verməməyə çalışıram. Çünki, arqumentsiz, şər-böhtanla bəzədilmiş yazıların cavabını ictimaiyyət verib. Onu da etiraf edim ki, cəmiyyətin “qara siyahı”sına düşmüş adamlara cavab verdiyimizə görə bizə irad da tuturlar.
Amma bəzən yazmamaq, cavab verməmək də olmur. Biz bilirik ki, “Yeni Müsavat” lar üçün ən ağır cəza, cavabsızlıqdır.
Məhz bunun nəticəsidir ki, son 2 gündə “Azadlıq” qəzetinin keçmiş müxalifətçilərə cavab verməməsi, “həmkar”larımızı narahat edib.
Heç kimə sirr deyil ki, “Yeni Müsavat”ın planlaşdırması Əli Kərilmi və AXCP üzərində qurulur. Ona görə də Kəmaləddin Heydərovdan yox, Kəmaləddin Rəhimovdan yazmaq zərurəti yaranıb.
Keçək yazının əsas hissəsinə. Gəlin, məsələyə səmimi yanaşaq və etiraf edək.
Əli Kərimli prezident, nazir, icra başçısı, deputat, jek müdiri, məktəb direktoru deyil. Yəni, bu adam heç bir vəzifə tutmur, dövlətdə hansısa səlahiyyətə malik deyil.
“Yeni Müsavat”ın “Ceyms Bond”ları da yaxşı bilir ki, ölkəni talayan, cəmiyyəti cəhalətə aparan, insanları şərləyərk həbs edən kimlərdi.
O zaman “Yeni Müsavat” Əli Kərimlini nədə ittiham edir?
Cavab çox sadədir. “Yeni Müsavat” Əli Kərimlini müxalifətçi olmaqda ittiham edir. Bəli, bu qəzet bir daha sübut etdi ki, Əli Kərimli inadkar, prinsipial, sözündən dönməyən, heç bir qüvvənin qarşısında təslim olmayan müxalifətçidi, liderdi.
Eşq olsun, bəyənilsin, təqdirəlayiqdir. Əgər müxalifətçi olmaq günahıdrsa, cinayətdirsə, ağır ittihamdırsa, Əli Kərimli bu ittihamları qəbul edir. Siz haqlısınız. Biz də etiraf edirik ki, Əli Kərimli çox prinsipial, inadkar, mübarizəsindən dönməyən insandır.
İndi növbə siznidir. Hamının bildiyini, siz də etiraf edin. Axı, biz də sizə sübut etmişik. Sübut etmişik ki, siz də müxalifətə qarşı prinsipial mübarizə aparırsınız. Dostlar, yayın isti, qışın soyuq olduğunu kiməsə sübut etməyə ehtiyac da yoxdur. Sizin hansı “fəsil”i təmsil etdiyiniz aydındı.
Özünüzdə güc tapın, nəfsinizə qalib gəlin, cığallıq etməyin. Siz də ittihamlarla barışın. Onsuz da sizdən prinsipiallıq, fədakarlıq, müxalifətçilik tələb olunmur. Biz, enerjimizi “rəhmətlik”lərə xərcləmək fikrində deyilik.
Bir daha təkrar edirəm. Siz sübut etdiniz ki, Əli Kərimli bu hakimiyyətə qarşı ən prinsipial mövqe tutan liderdi. Biz də sübut etdik ki, siz ən prinsipial müxalifətə qarşı döyüşən “dviziya”lardan birisiz.
İstəsəniz, bu mənada vəziyyəti heç-heçə kimi də qəbul edə bilərik. Amma bu hesab bizi qane edir. Çünki, belə heç-heçə bizi növbəti mərhələyə çıxarda bilir. Sizə isə cəmiyyət çoxdan “qırmızı kart” göstərib. Təmiz oynaya bilmədiniz.
İndi skamyada əyləşib, “komanda”nıza azarkeşlik edin.
Bu qədər “simulyasiya” yetərlidir.
Amma yenə də seçim sizindir. Şər atmağa, təhqir etməyə davam edə bilərsiniz. Tarixdə bu təcrübə də var ki, hakimiyyətə Əli Kərimlini söyənlər lazımdı və belə adamlar Milli Məclisə qədər irəliləyə bilirlər.
Bizi isə üzrlü sayın. hafizhacıyevlərə, etibarhüseynovlara cavab verməyi o qədər də uyğun saymırıq.
Tarixdəki yeriniz mübarək olsun!