Bu il torbasız gəl, Şaxta baba!..

“Başqalarından fərqli olaraq, mən hakimiyyətin ”Yeni Müsavat” qəzetinin baş redaktorunun əli ilə qəzetimizə “torba” tikəcəyinə o qədər də inanmıram. Özünüz düşünün, 20 ildir bizimlə uğraşan, bizi susdurmağa çalışan Əliyev iqtidarı üçün bu həqiqətən də “utancverici” bir olay olardı. Rejim bizimlə nə qədər düşmən olsa da, bu lüksü başqasına buraxmaz. Bu bizim qələbəmiz, rejimin isə məğlubiyyəti olardı.
“Tarixdən azacıq anlayanlar, normal düşünmək qabiliyyəti  olanlar gözəl bilirlər ki, Azərbaycan hansı qanunlarla idarə olunur. Qərb tələssə də, biz inkişafdayıq, hər şeyin öz vaxtı var. Məsələn, bir qardaşın nazir, o birisinin deputat, bu iki qardaşın qardaşı uşağının(!) polis rəisi işləməsi kimi hallar, nə vaxtsa Fransada olub, Ingiltərədə də…
Bakıda “Gənclik” metrosu yaxınlığında olduğu kimi, o vaxt Parisdə də Sena çayının sol sahilində varlılar məhəlləsi deyilən məkan var idi. Parisdə də gecələr deputat, nazir, prokuror balaları o dövr üçün əlçatmaz olan bahalı, lüks faytonlarda “at..toşluq” edir, eyş-işrət məclislərinə tələsirdilər…
PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla, rejimin ixtisasca tarixçi olan ideoloqları vaxtaşırı Qərbə bunu xatırladırlar. Deyirlər, bizdən nə istəyirsiniz, “gedin öz tarixinizi varaqlayın, gilyotinizi, inkivizisiyanızı xatırlayın”. Ədalət naminə deyək ki, ovaxtkı məmur balaları daha harın idilər…
Bəlkə də qəribə səslənəcək, amma mən Azərbaycan hakimiyyətindən “Azadlıq”a münasibətdə orta əsrlər “ədalət”ni istəyirəm.
Daha aydın olsun deyə, bu dəfə Qərbin yox, bir az xətalı olsa da, öz orta əsrlərimizdən sitat gətirəcəm…
“Dədə Qorqud” dastanındakı “Salur Qazanın evinin yağmalandığı boy”u yəqin ki, xatırlayırsınız. Qazan xan Qaraca çobanın yardımından imtina etdi. Dedi get qoyunlarını otar, bu dava bir şərəf məsələsidir, sənlik deyil.
Qəzetimizə qarşı hücuma orta əsrlər prizmasından baxsaq, xəyali mənzərəni təxminən belə təsəvvür etmək olar – Qazan Qaraca çobana bəylik vəd edir və döyüşə göndərir…
Bu ölkədə ədaləti şahın mərhəməti kimi qəbul edənlərin hamısı bu gün üzərimizə gəlir. Onlar çoxdurlar. Lakin xalq onlardan da çoxdur. Onlar qalib gələ bilər. Amma bu, müvəqqətidir. Zülm və hakimiyyət əbədi deyil, əbədi olan xalqdır. Biz xalqın qarşısında öhdəlik götürmüşük və ona əməl edirik.
Iş o yerə çatıb ki, qarşı tərəf “Azadlıq”a qarşı bu absurd qarayaxma kampaniyasında tərəddüd edənlərə, laqeyd qalanlara, əlqərəz, “nə şiş yansın, nə kabab” ritorikasına geniş meydan verir. Axırıncı dəfə dindar-şahmatçı bizə maraqlı bir “endşpil” dərsi keçdi. 
Həyatımız qədər qəliz(!) olan bu açıqlamalara, yazılara  münasibət bildirmək fikrindən uzağam, amma bir Həzrət Əli (ə) hekayəsini danışmaqdan özümü saxlaya bilməyəcəm…
“Həzrət Əli (ə) şəhəri Kufədən Müaviyənin hakim olduğu Şama dəvə ilə bir tacir gəlir. Bazarın girişində bir şamlı dəvənin noxtasını kufəlinin əlindən alır. Deyir ki, bu dişi dəvə mənimdir. Kufəli tacir and-aman edir ki, dəvə mənimdir, özü də bu, erkək dəvədir. Mübahisə qızışdığını və hər kəsin dəvəyə dişi dediyini görən kufəli təklif edir ki, Müaviyənin yanına gedək, qoy o ayırd etsin. Razılaşırlar…
Müaviyə hər iki tərəfi dinlədikdən sonra, hökm verir:
– Bu dişi dəvə şamlınındır.
Kufəlinin etiraz etdiyini görən Müaviyə üzünü xalqa tutur.
– Camaat, bu dəvə kimindir?
Minlərlə insan “bu dişi dəvə şamlınındır”, deyə bağırır.
Müaviyə bu dəfə dönüb kufəliyə deyir:
– Bilirəm, kufəli, bu dəvə erkəkdir, özü də sənindir, amma Kufəyə dönərkən Əliyə de ki, Müaviyənin erkək dəvəni dişidən ayırmayan və nə deyirsə, hə deyən 10 min adamı var…”
…O ki qaldı şahmata, xatırladaq ki, “endşpil” oyunun sonluğu deməkdir. Şahın mat təhlükəsi olmur… və strateji məqsədi piyadalardan birin vəzir olur…
Oyunun sonunadək…