Sadiq oxucular xatırlayır, keçənlərdə yazmışdım ki, bundan sonra hər həftə sonu bu köşədə maarifçi keçmişimizin işıqlı simalarına tribuna verəcəyəm.
Istəyim sadədir. Bununla həm misilsiz xidmətlərinə görə onları bir daha tanıyaq və xatırlayaq, həm də dövrümüzün ən ağrılı, önəmli, gündəmdə olan məsələlərinə bir də onların gözləri ilə baxaq, onların hələ də aktuallığını qoruyan yanaşmalarını oxuyaq.
Beləliklə, bu gün bəndənizin köşə yerində Ömər Faiq Nemanzadə yazır:
***
“…Bəli, biz də keçmiş islam mədəniyyətlərindən indiki Avropa tərəqqisindən ibrət alırız. Amma nə cürə? Iştə bilinəcək cəhət də burasıdır. Bir çox mollalarımız, oxumuşlarımız var. Qədim islam mədəniyyətini, yalnız adı qalmış indiki zahiri şəriətimizlə o mərtəbəyə, o kamala yetmiş, çatmış zənn edirlər və bu gün də o fəsad, kar-görməz fikirlə guya tərəqqi etmək, qabağa getmək istəyirlər. Heyhat!
Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəblə də onların rəftarlarını, hallarını xoş görürlər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək, uzun arxalıqlarını, başmaqlarını çıxarıb gödək jaket, dar çəkmə geyirlər, hər kəsin 15-20 ildə yetdiyi indiki mərtəbəyə bunlar 5-10 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir obrazovannı olub qurtulurlar (qeyrətlərinə nəzər dəyməsin!) firəng köynəklərinin yaxasını qulaqlarına qədər çıxarırlar, amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayırlar…
…Bəli, dövlətlilərimiz də var, amma çoxu ömürlərini yalnız pul toplamağa vəqf etmişlər. Pul küpü, sandığı mərtəbəsinə düşmüşlər. Guya mərifət bunlar üçün lazım deyil, səhərdən axşama qədər pul hesabı ilə, axşamdan səhərə qədər pis, qorxulu yuxu, duş ilə məşğul olurlar. Bu kimilər “Insan yaşamaq üçün yeyir” qaydasını pozub “insan yemək, pul cəm etmək üçün yaşayır”a çevirirlər…
…Bir çox qəzetə oxuyanlarımız var; amma özlərindən bir qəpik pul verib alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə “Mənim də adımı çəksinlər” fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab üçün iki qəpik verməyə alışmamışlar…
…Ilahi, bizim millətimizin mərifət baharı nə vaxt gələcək? Elm çiçəklərimiz nə zaman açılacaq? Həmişə böylə gözü bağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, biz düşmüşüz. Bu nə yükdür ki, biz çəkirik? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilməyəcəyiz? Axı biz də insanız! Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür-dua edəlim. Edəlim ki, bizə öncülük, rəhbərlik edib nümuneyi-misal olmuşlar. Mərifət və cəhalətin xeyir və şərini çox əvvəl pək böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha bizə təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır. Ancaq bu gün bizə qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, ibrət almaqdır…
…Nuh zamanında deyiliz. Zəmanənin halı və təsiri ilə tərəqqi nişanəsi olaraq bizim aramızda da iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlərimiz var. Amma çoxluğumuza görə heç! Kitab, qəzet yazan əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər. Yüz ildə bir zühur edən həmiyyətlilərimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar. Iştə bunlardan biri olan qiymətli, əziz “Tərcüman”ımız min həftədir fəryad edir, qayət hakimanə bir məsləklə milləti səlamətə, mərifətə doğru sövqə çalışır. Həftədə bir dəfə bu kiçik qəzetin insaniyyətə, islamiyyətə gördüyü xidmət allah üçün pək böyük, çox-çox alidir. Amma illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. Iki milyon erməni qonşularımızın 7-8 qəzeti, minlərcə kitabları var. Heyf ki, 15-20 milyon biz müsəlmanların həftəlik kiçik bir qəzeti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməyəlim. Üləmamızın, böyüklərimizin çoxu lazımınca hümmət göstərmirlər…
…Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar…
(“Dərdimiz və dərmanımız” məqaləsindən (“Şərqi-Rus” qəzeti, 4,6,11 aprel 1903, N 3,4,5)).