Vəfa Quluzadə Türkiyənin Avropanı qəzəbləndirən qaz layihəsini reallaşdıracağına inanmır
Putinin Türkiyəyə son səfəri zamanı iki ölkə arasında əldə olunan razılıqlarla bağlı narahatlıq ifadə olunmaqdadır. Qeyd edək ki, Avropa Birliyinin reallaşmasına qadağa qoyduğu “Cənub Axını” Türkiyə ərazisindən keçə bilər. Artıq bu istiqamətdə ilkin razılıq əldə olunub.
Amma gözlənildiyi kimi bu addım həm Avropa Birliyinin, həm də qonşu dövlətlərin narazılığı ilə qarşılandı. Rusiya ilə Türkiyə arasında Gürcüstan, Azərbaycan və Türkiyə XIN rəhbərləri dekabrın 10-da Qars görüşü zamanı birgə bəyanat imzalayıblar. Sənəddə eyni zamanda energetika, iqtisadiyyat və nəqliyyat sahəsində birgə layihələrin reallaşmasının vacibliyi qeyd olunub.
Türkiyənin xarici işlər naziri bəyan edib ki, Türkiyənin Rusiya ilə enerji məsələləri ilə bağlı imzaladığı anlaşma memorandumu TANAP-ın reallaşmasına təsir etməyəcək. O bildirib ki, Türkiyə üçün TANAP Rusiyanın təklifindən daha prioritetdir.
Bundan başqa, Türkiyənin energetika naziri Taner Yıldız da TANAP-ın Türkiyə üçün daha önəmli olduğunu dilə gətirib.
Putinin Türkiyə səfərindən sonra yeni həyat qazanan “Cənub axını” layihəsinin Azərbaycanın enerji maraqlarına zidd olduğu dilə gətirilmişdi. Amma Türkiyənin bu addımı ilə Avropaya ciddi zərbə vurduğu qeyd edilmişdi. Yəni Avropa Birliyi öz maraqlarını üstün tutaraq Rusiyanın bu proyektinin qarşısını almışdı. Amma Türkiyənin gözlənilmədiyi halda belə bir addım atması Avropanı da baş verənlərə seyirçi qoya bilməzdi. Avropa Birliyi baş verənlərə gözlənildiyi kimi reaksiya verdi. Türkiyə şəxsi mənfəət naminə Avropa Birliyinin maraqlarını zərbə altına atmaqda ittiham olundu. Bu baxımdan Böyük Britaniyanın baş naziri Kameronun Türkiyəyə səfərinin məqsədinin məhz bu addımları müzakirə etmək olduğu vurğulanır.
Bəs Türkiyə bu məsələdə hara qədər gedə bilər?
Politoloq Vəfa Quluzadənin fikrincə, Türkiyə və Rusiya arasındakı razılaşmaya uyğun kəmərin çəkilməsi qeyri-realdır. Çünki bu layihə üçün 30 milyard pul lazımdır. Bu vəsaiti isə kimin verəcəyi məlum deyil: “TANAP isə hazır layihədir və reallaşmaq üzrədir. Rusiya ilə olan qaz sazişinin isə neçə müddətə başa çatacağı məlum deyil. Və o da bəlli deyil ki, bu müddət ərzində Rusiyada hansı dəyişikliklər baş verə bilər. Rusiyadakı bu iqtidar qalacaqmı? Bəlkə bir müddət sonra Rusiyada elə iqtidar oldu ki, həmin hakimiyyət qaz xəttini həm Avropa, həm də Türkiyəyə nəql etməyə üstünlük verdi”.
Xəyal


