Vəfa Quluzadə: «Amerikanın bu qarşıdurmada əsas məqsədi Rusiyanın rezervlərini zəiflətməkdir»
Rusiyanın xarici işlər naziri Sergey Lavrov maraqlı açıqlama ilə çıxış edib. Lavrov bəyan edib ki, Moskva Vaşinqtonla dialoqa hər zaman hazırdır. Amma Rusiya öz maraqlarından, mövqeyindən geri çəkilmək niyyətində deyil. Lavrovun bu açıqlaması bir daha təsdiqləyir ki, Rusiya Qərblə qarşıdurmanı davam etdirmək niyyətindədir. Amma bu qarşıdurma növbəti mərhələdə Azərbaycana da təsir edə bilər. Çünki ekspertlər vurğulayırlar ki, növbəti mərhələdə Qərblə Rusiyanın mübarizə meydanı məhz Cənubi Qafqaz olacaq.
Bu arada regionda Rusiyanın aqressiyasının gücləndiyi bir zamanda Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər Ibrahimdən maraqlı açıqlama gəlib. O bildirib ki, Azərbaycanın NATO ilə tərəfdaşlığı sıx əlaqəli şəkildə davam edir. NATO-nun sammitlərində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin birmənalı olaraq dəstəkləndiyini deyən X.Ibrahim “Azərbaycan NATO-ya üzvlüyün tərəfdarı olmasa da, ölkəmiz bu üzvlüyü reallaşdırmadan da çoxlu mənfəətlər əldə edə bilər” qənaətindədir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, ABŞ-la Rusiya qarşıdurma vəziyyətindədir və baş verənlərdə məğlub tərəf məhz Rusiyadır. Amerikanın bu qarşıdurmada əsas məqsədinin Rusiyanın rezervlərini zəiflətmək olduğunu deyən V.Quluzadə bildirdi ki, Rusiya məhz bu rezervlərin çoxluğu nəticəsində aqressiv siyasət yürütməyə başlamışdı: “Amerika açıq bəyan edir ki, onların məqsədi Rusiyada hakimiyyət dəyişikliyinə nail olmaqdır. Amma bu niyyətə bir qədər düzəliş etmək lazımdır. Amerikanın niyyəti Rusiyanı tam formada çökdürmək deyil. Məsələ orasında deyil ki, Qərbin buna gücü çatmaz. Əgər Rusiya çöksə, Çin daha da güclənərək bütün Sibirin resurslarını ələ keçirəcək. Deməli, Rusiyanın çökməsi Çinin güclənməsinə gətirib çıxaracaq. ABŞ isə bunu istəmir”.
V.Quluzadə hesab edir ki, Amerikanın məqsədi Rusiyanı özünə partnyor etməkdir. Amma Kreml öz yerini də yaxşı bilməlidir. “ABŞ Putini dünya hegemonluğundan yayındırmaq istəyir. Ona görə də müəyyən şərtlər daxilində Putin hətta hakimiyyətdə də qala bilər. Amma Rusiya iqtisadiyyatı baş verənlərdən ciddi zərbə gördü”, deyə V.Quluzadə vurğuladı.
Azrəbaycanın NATO ilə bağlı yürütdüyü siyasətə gəlincə, V.Quluzadə bunu doğru yanaşma sayır. Çünki Rusiyanın aqressiv siyasət yürütdüyü bir zamanda Azərbaycan NATO ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bəyan edərək Kremlin təzyiqini öz üzərinə yönəldə bilməz.
Xəyal


