Əli Kərimli nə zaman həbs ediləcək?

Bunu istəyənlərin və istəməyənlərin təəccübünə xitabən; “Yaxşı İlham Əliyev və pis Ramiz Mehdiyev” oyunu

Azərbaycan hakimiyyəti Nobel mükafatına layiq görülən Əli Kərimli faktoru ilə üz-üzə gəlmək istəmir

Azərbaycan hakimiyyəti balans siyasətindən birmənalı olaraq imtina etdimi, yoxsa, sadəcə olaraq, balansı dəyişibmi? Ramiz Mehdiyevin son yazısı belə göstərə bilər ki, hökumət daha Qərbə güvənmir və tam sürətlə Moskvaya doğru yan almağa qərar verib. Amma açığı, Moskvanın haraya yan aldığı da hələ bəlli olmadığından Azərbaycanın xarici siyasət oriyentasiyasını müəyyən etmək istəyənlərin niyyəti çox sirli görünür. Azacıq diqqət bizə yaxşı düşünülmüş köhnə ssenarinin yeni çalarlarla tamaşaya qoyulduğunu göstərir.

Ramiz Mehdiyev üçün iqtidar daxilində ayrılan rol – “Rusiyanın adamı” roludur. O, bu rolu oynamalı və Qərbə nümayiş etdirməlidir ki, Azərbaycan hakimiyyətinin daxilində Qərblə inteqrasiyanı rədd edən, Rusiya ilə yaxınlaşmaqda, onun geosiyasi bloklarında iştirak etməyə təhrik edən olduqca ciddi qüvvələr var. Bu, həm də o tamaşanı oynamaq üçündür ki, hakimiyyət daxilində fərqli fikirlər də var.

Bu tamaşanı isə Qərbə alt yazıları ilə (titrlərlə) təqdim edəcək adamlar da var. Məsələn, Hafiz Paşayev, Səməd Seyidov kimi adamlar gedib Amerikada, Avropada siyasi çevrə və ünvanları gəzib haray salırlar ki, Ilham Əliyev Qərb dəyərlərinə sadiq olan siyasi xadimdir, amma hakimiyyət daxilində başqa cür düşünənlər var, onların əlində böyük inzibati resurslar var və buna görə də bu qüvvələrlə bir qədər ehtiyatlı olmaq lazım gəlir.

Bu, cəmiyyətə və xarici siyasətə münasibətdə də avtoritar rejimlərin sevimli tryukları olub. Məsələn, uzun illər ərzində Azərbaycan rejimi Qərbə göstərmək üçün cəmiyyətdə radikal Islam elementləri bəsləyib. Eləcə də, Səməd Seyidovun məşhur Amerika bəyanatını xatırlayın: “Rusiya və İran bizi sendviç kimi əzir”.

İndi bu tryuk növbəti dəfə, guya hakimiyyət daxilindəki qüvvələr nisbətinə aid edilərək oynanılır. Sadəlövh Qərb siyasətçiləri buna inanmalı, hiyləgərlər isə bu kombinasiyaya dəstək verməlidirlər, əlbəttə.

Azərbaycan cəmiyyəti isə Rus təhlükəsinin real effektini öz dərisində hiss edib bu həbslərdən nəticə çıxarmalı, 37-ləri müzakirə edib xofa düşməlidir. Zatən, Ramiz Mehdiyev son yazısında repressiyalara haqq qazandırıb və bu yazı repressiyaların məsuliyyətini də onun üzərinə atmaq üçün planlaşdırılıb.

İndi gözlənilən mərhələ İlham Əliyevin Qərbyönümlü siyasət cəhdlərinin görsənişi ilə zənginləşdirilməlidir. Yəni ərizə yazan siyasi dustaqlardan bir neçəsi azad edilməli, Avropaya göndərilən missionerlər bu faktı qabardaraq cənab Əliyevin odioz siyasətçi olmadığını əsaslandırmalı, Qərbdən gözlənilən sanksiya təşəbbüslərini ləngitməli və repressiyaların bu zamana qədərki uğurlarını əldə saxlamalıdırlar.

Diktatura 11 addım irəli atıb, 1 addım geri çəkilib 10 addımlıq uğuru qorumaq və eyni zamanda, dünyanı yenidən aldatmaq! Əla fənddir, elə deyilmi?

Əli Kərimlini niyə öldürmürlər?

Bu repressiyalar isə dayandırılmır, arada balaca sakitlik və diplomatik əsaslandırma mərhələsindən sonra davam edir, dərinləşdirilir. Gündəlikdə isə yəqin ki, çoxlarını məşğul edən bir sual dayanır. Bu sual onsuz da, ortalığa atılıb. Bəziləri isə hətta hakimiyyəti aşkar terrora dəvət etməklə bu sual qarşısında ayaqlarını yerə döyməkdədir. “Onun siyasətdən getməsi fiziki olaraq yaşadığı dövrdə mümkün olmadığı üçün…” ifadəsinin məntiqi davamı kimi…

Söhbət Əli Kərimlinin həbsindən gedir.

Onu niyə həbs etmirlər və ya nə zaman həbs edəcəklər?

Əslində, söhbət yalnız Əli Kərimlidən getmir. Siyahıda eyni uğurla Milli Şuranın sədri Cəmil Həsənli də dayana bilərdi. Amma Cəmil Həsənli hələ ötənilki prezident seçkilərində İlham Əliyevin əsas rəqibi olub, seçkinin nəticələri məhz, onun əleyhinə və İlham Əliyevin lehinə saxtalaşdırılıb. Buna görə də, bu tezliklə Cəmil Həsənlinin həbsinin gündəlikdə dayandığı inandırıcı görünmür.

Neyləyə bilərik? Əgər gündəlikdə məsələ varsa, deməli, onu müzakirə etmək lazımdır. Üstəlik, yarımmüxalifət düşərgə onun həbsini sifariş etmək üçün israrla bu mövzunu gündəliyə daxil etməkdədirsə.

Fiziki mövcudluq məsələsini unutmaq lazım gələcək, çünki, bu terror aktı kimi tribunal qoxusu verir və hakimiyyət o qədər axmaq deyil ki, Əli Kərimlini öldürüb sonra beynəlxalq tribunal qarşısında bu terror aktı ilə bağlı suallara müttəhim qismində cavab axtarsın (Hərçənd, mən bilmirəm, Əli Kərimli belə bir perspektivə necə baxardı).

Hamı orada, Kürdəxanıdadır…

İndi vətəndaş cəmiyyətinin onlarla parlaq nümayəndəsi həbsdədir. Kürdəxanı azadlıq ideyalarının daşıyıcılarının ünvanına çevrilib. Zaman-zaman (və elə indi də) Əli Kərimlinin liderlik etdiyi Xalq Cəbhəsi üzvləri və fəalları həbsxanaları adiləşdirib və indi də oralar Xalq Cəbhəsinin fəalları olmadan təsəvvür edilmir. Vətəndaş cəmiyyətinin fəalları üçün də həbsxanalar adiləşib. Əli Kərimlinin təşkilatının üzvləri üçün həbsxanalar xüsusi bir “məhək daşı” deyilsə, onun özünün həbs edilməsi faciəli bir şey deyil.

Kənardan da, içəridən də belə görünür ki, Əli Kərimli siyasi müxalifətin əsas simasına çevrilib. Hətta özünü onun ən qatı düşməni elan edənlər də, nə qədər təmkinlərini boğa bilsələr də heyrət edirlər ki, niyə Əli Kərimli həbs edilmir. Axı, indi adamları həbs etmək üçün xüsusi bir ağıl və ya ssenari tələb olunmur. Adamlar hər hansı bir bəhanə ilə həbs edilir, sonra isə… sonra baxarıq…

Əli Kərimlinin həbsi və Xalq Cəbhəsi fenomeni

Əli Kərimlinin həbsi hakimiyyətə hansısa qazancları gətirməlidir. Əks halda, yəni bu qazanclar təsəvvür olunmadan onu həbs etmək mənasızlaşır.

İlk növbədə, əlbəttə, onun həbsi ilə Xalq Cəbhəsini, əsas müxalifət təşkilatı kimi sıradan çıxarmağa nail olunmalıdır. İş burasındadır ki, bu, faktiki olaraq, mümkünsüzdür. Əli Kərimlinin həbsi hakimiyyətin əsas alternativi barmaqla göstərməsi və etiraf etməsi olacaq və cəmiyyətdəki narazılar onun ətrafında daha sıx birləşməyə qərar verəcəklər. Hətta, indi tərəddüd edənlər də. Həbsdəki siyasi liderin təşkilatı nəinki dağılmayacaq, əksinə, daha da güclənəcək. Xalq Cəbhəsi, ekstremal situasiyalarda öz monolitliyini artıran təşkilatdır. Bu ekstremal situasiya həm Xalq Cəbhəsinin, həm də şəxsən Əli Kərimlinin siyasi reytinqinin yüksəlməsini birmənalı olaraq təmin edəcək.

Nobel mükafatı Azərbaycanda kimin üçün nəzərdə tutulub?

Həbs edilmiş vətəndaş cəmiyyəti liderləri Qərbin və Amerikanın daimi diqqətindədir. Indi hər yerdə onlar müzakirə edilir, onlarla bağlı etiraz tədbirləri keçirilir. Dünya demokratiyasının bütün mötəbər mükafatları onlara təqdim edilir. Havel mükafatı, Saxarov mükafatı və s. kimi bütün təltiflər Azərbaycandan olan vicdan məhbuslarına verilir və bu, həm də İlham Əliyevin qurduğu rejimin xoşagəlməzlik göstəricisidir. Amma bir mükafat qalır. Bu, Nobel mükafatıdır. Bu mükafat İlham Əliyevin həbsdə olan siyasi rəqibini gözləyir. Təəssüf ki, Azərbaycan Şərqi Avropanın uğurlu dövlətləri sırasında yer ala bilmədi, amma ölkəni, məhz, siyasi təqiblərlə, repressiyalarla reklam edən bir rejim faktı ilə tanıdılar. Avropada, hər halda belə hesab edirlər ki, Azərbaycanda siyasi repressiya dalğalarının nə zaman tamamilə səngiyəcəyini proqnozlaşdırmaq mümkün deyil. Azərbaycan hakimiyyətində də bu barədə məlumatın olduğunu güman edirəm. Eyni zamanda, cəmiyyətin də məlumatlandırılması yerinə düşərdi. Azərbaycan hakimiyyəti Nobel mükafatına layiq görülən Əli Kərimli faktoru ilə üz-üzə gəlmək istəmir. Məsələ yalnız Nobel mükafatında da deyil, bundan sonrakı proseslərdədir. Bundan sonrakı proses isə mahiyyəti və təyinatı üzrə tətbiq edilən sanksiyalar “təhlükəli” elan edilən rejimin birmənalı olaraq dəyişdirilməsini nəzərdə tutur. İlham Əliyevin sanksiyalar qarşısında Vladimir Putin qədər davam gətirə biləcəyini təsəvvür edənlər fərqli versiyalar yaza bilərlər.

Həbsxanaya salınmış və dünyanın gündəmində olan siyasi liderlərin mövcudluğu rejimin sadəcə olaraq, başağrısı olmur, həm də onun labüd çöküşünü sürətləndirir. Nümunələr çoxdur.

Deməli, əslində gerçək müxalifət müzakirə etməlidir ki, Əli Kərimlinin həbsi nə qədər zəruridir? Mən bu suala birmənalı cavab verməyə çətinlik çəkirəm.

Məsələ burasındadır ki, Əli Kərimlinin həbsi nə Xalq Cəbhəsinin, nə də Milli Şuranın mövcudluğunu sual altına qoyur, əksinə, onların mövqeyinin güclənməsinə, cəmiyyətdə müxalifətin birmənalı olaraq mərkəzləşməsinə təkan verir.

“Azadlıq”ın baş redaktoru kimdir və ya redaktə nə zaman senzura demək olur?

Nəhayət, sonuncu məsələ. Bu məsələnin mənim özümə də birbaşa dəxli olduğundan onun üzərindən məhz, bu kontekstdə sükutla keçə bilmərəm. Bu, “Azadlıq” qəzeti ilə bağlıdır.

Adamlar yalnız sadəlövhlük, məlumatsızlıq və ya qərəz ucbatından belə hesab edə bilərlər ki, “Azadlıq” qəzeti Əli Kərimlinin kontrolu altında çapa göndərilir. Bu iddialar mənə həm məkrin ölçüsünü göstərir, həm də çox zaman cavab vermək istəməyəcəyim qədər ironik təsir bağışlayır. “Azadlıq” qəzetinin kollektivi o qədər də böyük deyil. Son zamanların ağır basqıları bu kollektivin üzvlərinin sayını daha da azalda bilər, amma onun böyümək potensialı da olduqca böyükdür. “Azadlıq”ın çapı qəzetin kollektivinin və baş redaktorunun daimi və birbaşa nəzarəti altında həyata keçirilir. Həm də, bu, olduqca rahatdır. Ona görə ki, “Azadlıq” özünü ən müxtəlif öhdəliklərlə yükləyib baş redaktorun saatbasaat tətbiq edilən senzurasını zəruri etmir. Kollektiv isə mükəmməldir. Bu kollektivi mən iki il yarım həbsdə olduğum müddətdə bir daha kəşf etdim. Dostların və “dostların” nəzərinə onu da çatdırıram ki, hətta həbsdə olanda də həftəlik görüş qrafikinin imkan verdiyi əlaqələr mənə onun fəaliyyətini ən qaneedici şəkildə tənzimləməyə imkan verirdi. Indi isə azadlıqdayam və ölkənin ən məhsuldar jurnalistləri sırasında tərəddüdsüz olaraq yerimi tutmaqdayam. Peşəkar jurnalistlərin anlaya biləcəyi dildə desəm, həftə ərzində 120-130 min kompüter işarəsi həcmində yazı yazıram. Redaktə etdiyim (baş redaktor olaraq, heç bir senzura öhdəliyim yoxdur) yazıların həcmi bundan dəfələrlə artıqdır. “Azadlıq”da işləyənlərin neçəsinin AXCP üzvü olduğunu isə bilmirəm və bununla xüsusi olaraq maraqlanmamışam. Son zamanlar gənclərin “Azadlıq” qəzetində yazmağa başlaması məhz, mənim təhrikim və təkidimlə olur. Hesab edirəm ki, orada böyük potensial var və üstəlik, bizə qarşı basqılar onu zəruri edir ki, bizimlə əməkdaşlıq edənlərin entuziazmına güvənmək ən doğru seçimdir.

Əli Kərimlinin “Azadlıq” qəzetinə müdaxilələri haqqında informasiyalar, sadəcə olaraq, yalandır. Amma “Azadlıq” qəzetinə qarşı təqiblərin yeni dalğasını təşkil etmək üçün alışıb-yananlar da sevinməyə tələsməsinlər. Bu qəzet yaşayacaq. Əlbəttə, hakimiyyət özünün çap və yayım monopoliyasını “Azadlıq”ın üzünə tamamilə bağlaya bilər, hüquqi dibsizlik üsulları ilə qəzeti bağlaya bilər. Amma bu, nə verə bilər ki? Heç nə! “Azadlıq” elektron formatda da mövcuddur və daha kütləvidir. “Azərbaycan saatı”nın təcrübəsi kimlərəsə öyrətmirmi ki, təşəbbüsləri tamamilə məhv etmək mümkün deyil?