Şəmsəddin Xanbabayev: «Ümumi rayon üzrə 500 nəfər vəhhabi təriqətinə qoşulub»
“Son bir ay ərzində Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanılının da iştirakı ilə rayonumuzda üç dəfə geniş tərkibli müşavirə keçirilib. Ciddi müzakirələr aparılıb. Ümumi rayon üzrə 500 nəfər vəhhabi təriqətinə qoşulub”. Bu sözləri virtualaz.org saytına müsahibəsində Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev bildirib. Icra başçısı deyib ki, onlar arasında radikalları da var:
“Onlardan 3-4 nəfəri daha radikaldır. Sizə deyim ki, bu cür halların rayonumuz üçün, ümumiyyətlə, ölkəmiz üçün heç bir təhlükəsi ola bilməz. Çünki hüquq-mühafizə və müvafiq dövlət orqanları bu məsələni ciddi nəzarətdə saxlayır, bütün lazımi tədbirlər görülür. Ümumiyyətlə, gənclərin, bu cür radikal təriqətlərə meylli olanların maarifləndirilməsi istiqamətində də işlər görülür”.
Qeyd edək ki, bu günlərdə Xaçmazda əməliyyat keçirilib.
Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən təşkil olunan əməliyyat zamanı Nizami Seyidov adlı şəxsin saxlanılıb. Onun keçmiş polis işçisi olduğu vurğulanıb. Bildirilib ki, Nizami Seyidov Bakının Xətai rayonunda pasport-qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.
Onun Xudat şəhərində vəhhabi təriqətinin üzvlərindən olduğu bildirilir.


