Britaniya qəzeti bu həbslə Ramiz Mehdiyevin məqaləsi arasında bağlılığı qabartdı
Britaniyanın dünyaca məşhur “Guardian” qəzeti jurnalist Xədicə İsmayılın həbsilə bağlı məqalə dərc edib. “Azərbaycanlı jurnalist çirkin ittihamlarla həbs olundu” başlığı ilə dərc olunan məqalədə deyilir ki, Xədicə İsmayıl hökumətdəki korrupsiya araşdırmalarına və insan haqları ilə bağlı fəaliyyətinə görə təqib olunurdu. Bu həbs onu susdurmaq üçün 2 ildir davam edən kampaniyanın nəticəsidir.
“Xədicə İsmayılova prezident Əliyevin administrasiya rəhbəri olan Ramiz Mehdiyevin 60 səhifəlik məqaləsinin dərcindən bir gün sonra həbs edildi. Həmin məqalədə cənab Mehdiyev Xədicə İsmayılovanı tanınmış şəxslərə qarşı destruktiv mövqe tutmaqda, böhtan və şantaj yazmaqda, bununla da xaricdəki “havadarlarını” sevindirməkdə ittiham edirdi”, – deyə “Guardian” yazır.
Qəzet xatırladır ki, Ramiz Mehdiyev məqaləsində “Azadlıq” radiosunun “iyrənc yolda” olduğunu və əməkdaşlarının “xarici xüsusi xidmət orqanlarına” işlədiyini yazıb. “Guardian” radionun baş redaktoru Nenad Peciçdən sitat gətirərək yazır ki, Ramiz Mehdiyevin bu ittihamı ağılasığmazdır və “Azadlıq”ın Bakı bürosunun digər əməkdaşlarına qarşı da təhlükə kimi qəbul oluna bilər.
Qəzet ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Myatoviçin də bu həbsi pislədiyini xatırladır. Bildirir ki, Myatoviç bu həbsi Azərbaycanda azad və tənqidi səslərin boğulmasına yönəlik kampaniyanın tərkib hissəsi, eyni zamanda digər jurnalistlərin gözünü qorxutmaq cəhdi kimi qiymətlənsdirib.
“Guardian” xatırladır ki, oktyabr ayında Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub. Bu səbəbdən o, ABŞ-da korrupsiyaya qarşı mübarizəyə dair dinləmələrdə iştirak edə bilməyib. Həmçinin Praqadakı beynəlxq konfransda iştirakına da imkan verilməyib.
Qəzet qeyd edir ki, Xədicə İsmayıl İlham Əliyev və onun ailə üzvlərinin biznes fəaliyyətilə bağlı geniş araşdırmaların müəllifidir. Bu səbəbdən o, 2012-ci ilin fevralından bəri fiziki qisas alma və ya həbs olunma təhlükəsilə üz-üzə idi.
azadliq.info



