Siyavuş Novruzov Hüseyn Abdullayevi niyə tanımır?

YAP-çı deputatın vaxtilə hakimiyyətin əsas adamlarından olmuş şəxs barədə yalanı 

“Mən 25 ildir aktiv siyasi fəaliyyətlə məşğulam. Hüseyn Abdullayevi isə yalnız o, Milli Məclisə gələndən sonra tanımışam”. Bu sözləri YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov virtualaz.org-a müsahibəsində bildirib. Siyavuş Novruzov daha sonra deyib: “Bəzən mətbuatda onun adını şişirdərək hakimiyyətin keçmiş nümayəndəsi kimi göstərirlər. Mən 1992-ci ildə YAP yaranandan sonra partiya aparatında çalışmışam. Mütəmadi olaraq Naxçıvana – Ümummilli liderin yanına gedib-gəlmişəm, Onunla ünsiyyətdə olmuşam, Bakıya gələndə yanında olmuşam. Mən o zamandan bəri belə bir adam tanımamışam. Abdullayevi küçədə görsəydim, bilməzdim kimdir. O, biznesmen ola bilər, kiminləsə görüşə bilər. Amma bunu bütünlüklə hakimiyyətlə əlaqələndirmək olmaz”. 

Qeyd edək ki, Hüseyn Abdullayevin mərhum Heydər Əliyevin hakimiyyətə gəlişində xidməti olmuş şəxsdir. Heydər Əliyevin çətin günlərində məhz Hüseyn Abdullayev ona dəstək verib. Naxçıvanda mərhum dövlət başçısının yanında olub. Hətta bəzi məlumatlara görə, Heydər Əliyev ona “oğlum” deyə müraciət edirmiş. Bundan başqa Naxçıvanda Heydər Əliyevə qarşı keçirilən aksiyanın dağıdılmasında da Hüseyn Abdullayevin müstəsna xidmətləri olub. Bu gün hakimiyyətdə yüksək vəzifə tutanlardan bəziləri vaxtilə Hüseyn Abdullayevin işçisi olub. Bu sırada nəqliyyat naziri Ziya Məmmədov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adlarını çəkmək olar. Bu barədə məlumatlara yayılanda adları çəkilən şəxsləri deyilənləri təkzib etməyib.

Hüseyn Abdullayevə deputat mandat verilməsi də onun xidmətlərinə görə idi. 

Siyavuş Novruzova gəlincə, məlumatlara görə, Hüseyn Abdullayev həbsdən çıxandan sonra Türkiyədə olarkən YAP-çı deputat ona zəng vuraraq görüşmək istəyib. Lakin Hüseyn Abdullayev görüşdən imtina edib və Siyavuş Novruzova bildirib ki, bir daha onu narahat etməsin. Görünür, YAP-çı deputat Hüseyn Abdullayevin bu hərəkətindən bərk incidiyi üçün indi onu aşağılamaqla əvəz çıxmağa çalışır.