ABŞ səfirliyi Leyla Yunusu nüfuzlu mükafata təqdim etdi

Azərbaycan hakimiyyətinin hüquq-müdafiəçisilə bağlı iddiaları alt-üst oldu

 

ABŞ-ın Bakıdakı səfirliyi hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusu “Mərdliyə görə” nüfuzlu beynəlxalq mükafata namizəd irəli sürüb (International Women of Courage Award). Bu barədə “Azadlıq”a Leyla Yunusun qaynı Ramiz Yunus məlumat verib.

 

Mükafatı 2007-ci ildə ABŞ Dövlət Departamenti o zamankı dövlət katibi Kondaliza Raysın təşəbbüsü ilə təsis edib. Mükafat sosial ədalət və insan haqları uğrunda mübarizədə liderlik keyfiyyətləri ilə xüsusi olaraq fərqlənən qadınlara verilir. Mükafat bu zamana qədər dünyanın 27 ölkəsindən olan 36 qadına təqdim edilib.

Xəbəri dekabrın 10-da Leyla Yunusun vəkili ona ABŞ hökuməti adından Kürdəxanı təcridxanasında çatdırıb. Leyla Yunus bu mükafata namizədliyinə görə ABŞ hökumətinə təşəkkürünü bildirib. Onun təşəkkürü ABŞ səfirliyinə çatdırılıb.

Leyla Yunusun nüfuzlu mükafata namizədliyinin irəli sürülməsi Azərbaycan hakimiyyətinin hüquq müdafiəçisi ilə bağlı iddialarını alt-üst edib. Qeyd edək ki, hökumət Leyla Yunusun siyasi motivlərlə deyil, konkret cinayət əməlinə həbs olunduğunu iddia edir. Lakin görünən odur ki, hakimiyyətin bu iddiaları ABŞ və Avropa tərəfindən əsassız hesab edilir. Bu həm də onu göstərir ki, artıq Azərbaycan hakimiyyəti ilə ABŞ arasında gərginlik pik həddə çatıb.

Yeri gəlmişkən, araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsilə bağlı ABŞ Dövlət Departamenti ikinci dəfə bəyanat yayıb. “Biz Azərbaycanda jurnalist Xədicə Ismayılovanın həbsindən olduqca narahatıq. Biz Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə basqılardan dərin təşviş keçiririk. Azərbaycan hökumətinin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bizi artan şəkildə narahat edir”, – deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki bəyan edib.

Bütün bunlar göstərir ki, hakimiyyətin cəhdlərinə baxmayaraq insan haqları sahəsində Qərbin mövqeyindən geri çəkilməsinə nail ola bilmir.

azadliq.info