Hakimiyyət ABŞ-ı “viran” qoyub

Demokratiya tələbi artdıqca, AzTv-lər ABŞ-da üsyan qaldırır

Insafən deyək ki, 21 ildir xalqa stress yaşadan, insanların taleyi üzərində alver edən, ölkə sərvətlərini talayan hakimiyyətimiz, bəzən üzümüzə təbəssüm də qondura bilir. 

Belə ki, bizim analoqu olmayan YAP hökumətimiz hansı ölkədən küsürsə, həmin ölkədə “fəlakət” baş verir. Almaniyadan tənqid gələndə, alman səhiyyəsini, təhsilini yıxıb sürüyürlər. Britaniyadan tənqid gələndə, bu ölkədəki işsizlikdən, kriminaldan yazırlar. Beynəlxalq təşkilatlar Azərbaycanla bağlı tənqidi hesabat yayanda, həmin təşkilatlar “ermənipərəst” olur.

Son günlər isə Azərbaycan-ABŞ münasibətlərinin kəskinləşməsi bu ölkəyə qarşı anti-təbliğatı gücləndirib. PA rəhbəri Ramiz Mehdiyevdən tutmuş, MM-in deputatına qədər ABŞ-ı ikili standartlarda, Azərbaycana təzyiq göstərməkdə ittiham edirlər.

Səbəb isə ABŞ-ın siyasi məhbuslar, demokratiya məsələsində israrlı olmasıdır.

Ən maraqlı fəaliyyəti isə telekanallar həyata keçirir. Diqqət etmisinzə hər gün xəbər proqramlarında ABŞ-ın xüsusi “pay”ı olur. AzTv isə daha “şəffaf” olsun deyə, ABŞ-da baş verənləri saatı ilə nümayiş etdirirlər. Sən demə 100 nəfər etirazçı ölkəni dağıdırmış, ölkədə qara dərililərə qarşı diskriminasiya var imiş, hakimiyyət insan haqlarına hörmət etmirmiş.

AzTv-lərin qənaətinə görə Bakıda “Məhsul” stadionunda minlərlə insanın etirazı əsassızdır. Ancaq, 300 milyon əhalisi olan ABŞ-da 100 nəfərin etirazı fəlakətdir.

Bizim telekanallar hakimiyyətin sifarişi ilə bu məsələni gündəmdən düşməyə qoymurlar. Əvvəla, ABŞ prezidentinin özü də qaradərilidir. Ikincisi, Azərbaycandan fərqli olaraq ABŞ-da insanların etiraz hüququna hörmətlə yanaşılır.

Indi AzTv-lər intizarla gözləyir ki, Barak Obama televiziya qarşısına çıxıb “bu adamlar ünsürdü, elementdi. Bunlar Çinpərəst, Rusiyapərəstdilər. Ölkəmizdəki inkişafı gözləri götürmür” formasında açıqlama versin.

Tutalım ABŞ-da insanlar nəyəsə etiraz edir, tutalım Vaşinqtonda insan haqları pozulur. Bütün bunlar Azərbaycandakı qanunsuzluğa, korrupsiyaya, hüquqsuzluğa haqq qazandırırmı?

ABŞ-da 100 nəfərin etiraz aksiyası keçirməsi, Azərbaycanda 100-dən artıq ictimai-siyasi fəalın şərlənərək həbs edilməsini sığortalayırmı?

ABŞ-a qarşı nifrət o həddə çatıb ki, az qala bu ölkədə baş verən qasırğaları, tufanları da ABŞ hakimiyyətinin günahı kimi qələmə verələr.

Diqqət etsəniz görərsiniz ki, AZTv-nin xarici xəbərlər bölümü Avropa və ABŞ-da baş verən təbii fəlakətləri əhatə edir. Guya, Azərbaycanda eyni fəlakətlərin baş verməməsi, YAP hakimiyyətinin uğurudur.

Sanki, insanlara mesaj verilir ki, sərvətləriniz talansa da, korrupsiya dövlət siyasətinə çevrilsə də, insanlar şərlənərək həbs olunsa da, buna şükr edin. Əsas odur ki, ölkəmizdə tufan olmur, qasırğa qopmur.

Bir sözlə hakimiyyətin biabırçı ABŞ təbliğatı, televiziyaların simasında daha da bayağı forma alıb.

Demokratiya tələbləri artdıqca, AzTv-lər ABŞ-ı tamam “fəlakət zonası”na çevirəcək. 

Akif