
Dövlət Departamentindən Xədicə İsmayılla bağlı ikinci açıqlama
ABŞ Dövlət Departamenti jurnalist Xədicə İsmayılın həbsinə ikinci dəfə münasibət bildirib. Bu dəfə Departamentin sözçüsü Cen Psaki bəyan edib ki, Amerika hökuməti Xədicə İsmayılın həbsi də daxil olmaqla, Azərbaycanda vətəndaş cəmiyyətinə, jurnalistlərə olan basqılardan təşviş keçirir.
“Biz Azərbaycanda jurnalist Xədicə İsmayılovanın həbsindən olduqca narahatıq. Biz Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə basqılardan dərin təşviş keçiririk. Azərbaycan hökumətinin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bizi artan şəkildə narahat edir”, – deyə Cen Psaki qeyd edib.
Psaki Departament adından rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırıb.
“Onlar gələcək sabitliyi və firavanlığı açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilərlər”, – deyə o əlavə edib.
Cen Psaki qeyd edib ki, ABŞ rəsmiləri vəziyyətlə bağlı Azərbaycan rəsmilərinə öz narazılıqlarını çatdırırlar.

Xatırladaq ki, Xədicə İsmayıl həbs edilən gün Dövlət Departamentində gündəlik brifinq zamanı Cen Psakinin müavini Mariya Harf da məsləyə buna bənzər açıqlama ilə münasibət bildirmişdi.



