Apelyasiya məhkəməsi vicdan məhbuslarının hökmünü dəyişmədi

SMDT-çilərin işi üzrə qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək

Vicdan məhbusları – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli, mərkəzin icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” Ictimai Birliyinin rəhbəri Elnur Məmmədovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşdı.

Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə çıxarılan qərara əsasən, adıçəkilən şəxslərin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanıldı.

Dünən qərar elan edilməmişdən əvvəl vəkillər, eləcə də təqsirləndirilən şəxslərin özləri apelyasiya şikayətinin dəlillərini müdafiə edərək bildiriblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunsuz və ədalətsizdir. Çünki onların əməlində cinayət tərkibi yoxdur. Üstəlik, onlara qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsindəki araşdırmalar zamanı sübuta yetirilməyib, əksinə, təkzib olunub.

Xatırladaq ki, Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb.

Məhkəmənin hökmü ilə Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edilib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.

SMDT-çilərin vəkilləri Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Xatırladaq ki, Anar Məmmədli və Bəşir Süleymanlı “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan olunub. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları hesab edir ki, onlara qarşı irəli sürülən ittihamlar saxtadır. Əslində, onlar Azərbaycanda ötən ilin oktyabrında keçvirilmiş prezident seçkilərində kütləvi qanunsuzluq və saxtakarlıq hallarına yol verildiyinə dair hesabat hazırladıqlarına görə qondarma ittihamlarla həbs olunublar.

Informasiya şöbəsi