Kərimliyə şər atmaqla evə çörək aparmaq

“Yeni Müsavat” Əli Kərimlinin hesabına tiraj yığmaq istəyir

 

 

 

Bütün yalanlar həqiqət doğulana qədər yaşaya bilir. Bütün yalanlar məğlub olmaq üçün doğulur. O da doğrudur ki, bütün həqiqətlərin yalan boyda düşməni var.

Son günlər ölkənin ictimai-siyasi həyatında ciddi aydınlaşma gedir. Geniş informasiya imkanı, külli miqdarda pulu, yüzlərlə əlaltıları olan YALAN, çox cüzi resursları olan, heç bir maddi təminatı olmayan HƏQIQƏTƏ qarşı hücuma keçib.  Ümumiyyətlə, tarixin bütün dönəmlərində HƏQIQƏT azlıqda olub. Amma tarixin bütün dönəmlərində bu azlıq, şər çoxluğu məğlub edib və tarixin səhifələrinə qızıl hərflərlə düşüb.

Bugün avtoritar bir hakimiyyətə qarşı qətiyyətli mübarizə sərgilənir və bu mübarizənin 21 illik tarixi var. YALAN 21 ildir ki, HƏQIQƏTI sıradan çıxarmağa çalışır. Amma bu mümkün olmur və olmayacaq. 

Mənzərəni daha da aydınlaşdıraq. YAP hakimiyyəti bütün resursları ilə demokratik düşərgənin üzərinə yeriyir və bu prosesdə satılmışlar, sındırılmışlar, susdurulmuşlar “piyada” kimi istifadə olunur.

Indi yarınaraq, yaltaqlanaraq yüksəlmək istəyənlər alçalmağın ən müxtəlif yollarından isitfadə edirlər. 

Vəziyyət o həddə çatıb ki, uzun illər əsl kimliyini gizlədənlər, boğazdan yuxarı müxalifətçilik etmiş adamlar simalarını gün işığına çıxarıblar.

Bu adamlar açıq şəkildə AXCP və onun lideri Əli Kərimlini hədəf seçiblər. Daha dəqiq desək, Əli Kərimliyə şər atmaq, tənqid etmək “iş yeri”nə çevrilib. Xeyli adam var ki, hər gün evindən çıxıb, “Əli Kərimlini söymək” işinə gedir. Çünki, siyasətdə uğur qazana bilməyənlərin, rejimin zəhmi qarşısında kövrələnlərin, böyük küpədən pay umanların  “arzu”sunu, Əli Kərimlini tənqid və təhqir etmək həyata keçirə bilər.

Amma yuxarıda qeyd etdiyimiz kimi HƏQIQƏTƏ söykənənləri YALANIN sıradan çıxarması qeyri-mümkündür.

Yüzlərlə sayt və qəzet AXCP-ni, Əli Kərimlini gözdən salmağa çalışsa da, ictimai-rəy onları boykot edib.

Məsələn, “Yeni Müsavat” qəzeti Əli Kərimli əleyhinə olan yazıları təkrar-təkrar manşetdən verir, eyni yazını rus dilində yenidən efirə buraxır, “Yeni Müsavat”ın “facebook” səhifəsində bir daha həmin materiallar paylaşılır və reklam edilir. Nəticə isə dəyişmir. Adamlar bu xəbərləri oxumur. Təsəvvür edin ki, “Yeni Müsavat”ın “facebook” səhifəsinin 48000 üzvü var. Amma şər materiallara sutka ərzində 2-3 “like” gəlir.  Bu qədər pullu reklam, canfəşanlıq öz bəhrəsini vermir. 

Əziyyət çəkməyin, cənablar. Əgər pulla bu problemi həll etmək olsaydı, “Səs”, “Yeni Azərbaycan” oxunma sayına görə rekord vurardı. 

Amma “Yeni Müsavat” qəzeti “səngər”i dəyişəndən sonra “Səs”lə səsləşməyə başladı. Artıq sağlam təfəkkürü olan, orta məktəbi bitirmiş adamlar bilirlər ki, Əli Kərimlinin Isveçrə bankına 2 milyon yatırması, Azər Əsgərovun mülkünə görə 2 milyon alması kimi “xəbər”lər şərdir, böhtandır və hakimiyyətin sifarişidir.

Haqlı mövqedə olan insanları hədəf seçə-seçə “Yeni Müsavat” mətbuatın AzTV-sinə çevrilir.

Artıq adamlar bilir ki, Ilham Əliyevdən yazmamaq öhdəliyi, Əli Kərimlidən yazmaq öhdəliyi yaradır. 

Bir sözlə, AXCP-dən yazaraq yalnız hökumətin qarşısında “tiraj” qazanmaq olar. Əli Kərimlidən yazaraq avtomobil, mənzil, mandat almaq olar.

Amma bu vicdanlı adamlardan yazıb ictimaiyyətin sevimlisinə çevrilmək olmaz. Yaxşı olar ki, Rauf Arifoğlu nəinki sosial şəbəkələrdə AXCP-nin mövqeyindən çıxış edənlərin də, “Yeni Müsavat”ın mövqeyini dəstəkləyənlərin də tirajına diqqət yetirsin. Istər mətbuatda, istərsə də sosial şəbəkələrdə prinsipial müxalifətin üstünlüyü aydın görünür.

Səbəb isə sadədir. Həqiqətin yanında olmaq və yalanı sona qədər ifşa etmək.  

Görünür, təkcə incəsənət deyil, səngəri dəyişmək də qurban tələb edir.

Amma bu qurbanı nə Allah, nə də bəndələr qəbul edir.

Akif