Fuad Əhmədli
“Nəhayət ki, alov Allahı Prometey Zevsin sarayından “oğrulanan alov”la İnsanlara nur və aydınlıq bəxş etmək üçün yer üzünə enməyə qərar vermişdi. Allahların şahı Zevs bu işdən xəbər tutdu. Fitnə Allahı Erida və Gecə-gündüz Allahı Hermesi ondan öncə yer üzünə göndərib yazıqlar ( insanlar) arasında bunun mənfi yönlərini izah etməyi tapşırdı:- “Özünüzə baxın. Necə də yazıq və çirkinsiniz? Həm də yaman günahkarsız. Alov nurdur. Nurun gəlişində bir birinizin çirkin üzünü görüncə, etdiyiniz günahlar bir birinizə agah olunca töküləcək qandan, başlayacaq qırğından xəbəriniz varmı?- deyə Fitnə və İkiüzlülük Allahı insanları inandırmağı bacardı. Zavallılar inandırıldı. Promete endirilən kimi “dəf olundu” və “müqəddəs məbədin alov sirrini açdığına görə” Qafqaz dağlarındaki qayadan asılaraq ömrünün sonuna kimi ciyərləri qarğalara yedirildi.”( Mustay Kərim “Alovu atma, Promete” əsərindən 22-23 cü fəsillər)
Bəli səhv görmədiz. Qafqaz dağlarındakı… Günümüzdə cənubunda köləliyin, şimalında işğalçılıq və fitnənin dəb olduğu dağlıq zonanın “sehirli gücünün” haradan qaynaqlandığını təxmin etmək çətin olmaz sanıram. Zona bir kənara, çəkdiyim misalın məzmunu necə, tanış gəldimi ? Ölkəni müstəqil görmək, insanımızı həqiqi istiqlaliyyətə qovuşdurmaq üçün çalışan 148 (+Xədicə İsmayıl 149) nəfər Prometeni unutmamısız? Yox yaxşıyıq maşallah… Oxunmalı, eşidilməli, tanınmalı olduqlarımızı Kürdəxanı qayalarından asıb ciyərlərini ala qarğalara yedirə-yedirə, “ə nədən narazısan? Bəlkə acsan, susuzsan? Ağıllı savadlı uşaqsan. Burax bu işlərin başını. Bunların muxalifəti də, iqtidarı da eynidir onsuz” deyərək xalq dilində desək bir-birimizlə “məzələnməyə” iradəmiz çartırsa deməli həqiqətən də yaxşıyıq.
Gəlirəm “zavyazka”ya… Yəni gözümlə gördüyümü süfrənizə sunmağa. Məhşur “sabahın xeyir, kral” videosundaki krala yazılan məktuba yumruğunu masaya vuraraq verdiyi cavab kimin yadındadı? İnanmıram ki, həmin çarxın dublyorları Rusiyada otura-otura, Xədicə İsmayılın prezident ailəsinə məxsus milyardlıq mülkləri ifşa etməsindən xəbərdar olsunlar. Yaxud kim deyə bilər ki, avropa məhkəməsində Azərbaycandaki siyasi məhbuslarla bağlı bütün proseslər məhz İntiqam Əliyevin, Leyla və Arif Yunusun, Rəsul Cəfərovun işgüzarlığı və operativliyi sayəsində gündəmdə olduğundan həmin çarxın qurucuları xəbərdar idilər? Xeyir, deyildilər. Sadəcə çox bəsit bir mesajı cəmiyyətin ən “üzüyolasından” ən mübarizinə kimi hər kəsin diqqətinə çatdırdılar. :
-Bu gündən sonra kim kralın KRAL, olduğunu üzünə vursa, KRAL onun özüdür.Ya da ki, adımı sənə qoyum, səni yana-yana qoyum. Yəni sən kralın qeyri qanuni Dubay mülklərindən yaz, “vergidən yayınma” , “saxta sənəd hazırlanması” maddən hazırdır. Sən vətəndaş üzərindəki məmur xuliqanlığından yaz, “xırda xuliqanlıq” maddən hazırdır. Daha siyahını uzatmıram. Qorxuram ki, siyasi məhbus məsələsinin üstündə ifrat dayandığıma görə, “şərləmə, qanunsuz həbs etmə və girov saxlama” maddəsilə özüm də həmin ziyalılar dərnəyinə göndərilərəm.
Adamı yandıran isə, dişinlə dırnağınla, partiyanla, düşərgənlə, sağlamlığınla cəmiyyəti fitnələrdən təmizləməyə çalışdığın halda, bayaq haqqında bəhs etdiyim Erida və Hermeslərin öz Zevslərinin tapşırığından bir an belə çıxmamalarıdır. Hə, az qala unutmuşdum. Əsərdə bir də Adəmşah var idi. O da xalqın təmsilçisi kimi görünən əslində isə tanrıların yer üzündəki fitnələrini bəzəyən birisi idi.
Maraqlısı da odur ki, nə Adəmşahın, nə Eridanın nə də Hermesin atalarının adı Arif deyildi. O zaman çox güman ki, dövran çox qocalıb, fitnəkarları, cəsartəsizləri, qorxaqları, ikiüzlüləri hərləyib fırlayıb hər erada eyni, şablon fitnələri ilə hərəkətləri ilə qarşımıza çıxarır.
Sevindirici məqam da ondadır ki, artıq kimin kim olduğunu dəqiqləşdirmək üçün heç bir mürəkkəb pazlları birləşdirməyə yaxud da, uzaq “MTN arxivlərini” eşələməyə ehtiyac qalmayıb. Hz. Əli demiş, batildən də, haqqdan da daha aşikar bir məvhumun qalmadığı dövrana gəlib çatmışıq. Meydanın bir tərəfində döyüşdüyü akopu hələ də tərk etmək fikrində olmayan, dəqiqləşmiş heyyəti ilə zərbələrdən sarsılmadan YAP fitnəsindən həm özünü həm də özündən sayılanları qorumağı yol seçmiş Vətəndaş cəmiyyəti və həqiqi liderlər, digər tərəfində isə vaxtilə iynənin ucu qədər cəsarət nümayiş etdirib, “ves”ini qaldıran, indi də Ramiz əmilərinin himayyəsinə sığınıb xımır-xımır köləpayını yeyən Arif və Cəlaloğulları həm də arxalarındaki laxlamaqda olan müvəqqəti hökümət…Təbriklər cənablar, bu mövsüm məmləkətin siyasi iqlimi daha kontinental keçəcək…
İnandırım sizi ki, onlar Əli Kərimlinin, Cəmil Həsənlinin hər çıxışını, hər kəliməsini sizdən məndən daha yaxşı oxuyub yadda saxlayırlar. Nə də olmasa ortada hakimiyyətə dəyən hər zərbəyə verilən şər böhtan qeybət dolu cavaba görə alınan avans var axı?! Amma belə muxalifətçilikdə olmur axı? Sənin evladıvın başına silah dirəyən, sənə dəyənəyin əsil ölçüsünü duyuran AXCP, yaxud Milli Şura deyildi axı qadan alım?! Ya normal mübarizə meydanında partizanca döyüşüb yerinizi tapın, ya da gec olsa da, utanın, üzr istəyin və gedin cənab 11- və “125-liklər”.Hələ ki,gec deyil. Hələ ki, xalq tam şəkildə cibinə girən oğru əllərlə burun- buruna gəlməyib. Hələ ki, xalq həmin cibindən, ailəsinin ruzisindən kəsilən pullardan sizə də pay çatdırıldığından agah deyil. Vaxtında meydandan çıxın ki, xalq sizi tapıb cəzalandırmadan, məlum demokratik cəmiyyətlərdəki kimi zibil yeşiklərinə salmadan, canınızı qurtara biləsiniz.
Belə… Oyunun əsas vaxtı 14 ay öncə bu gün bitmişdir. Hakimiyyətlə işimiz isə artırılma dəqiqələrinə qalıb. Bu dəqiqə bu yazını oxuyandan sonra , həqiqi meydanda sən də bizim kimi mübarizə səngərinə girsən inan ki, bütün ehtiyyat oyunçularını sərf edib bitirmiş unitar rejim qarşımızda neftdən daha tez düşəcək.


