Səttar Mehbalıyevin mirzələri

«Azadlıq» «hamı»nın yox, xalqın qəzetidir

Görünən odur ki, “Yeni Müsavat”ın “Azadlıq” qəzeti və müxalifətə qarşı şər-böhtan kampaniyası  parlament seçkilərinə qədər davam edəcək. Hətta Müsavat partiyası belə bu şərləmənin heç də yaxşı qurtarmayacağını hiss edərək, bu günlərdə qəzetin arxasından çəkildi. Yeni başqan Arif Hacılı birbaşa, əski başqan Isa Qəmbər isə, bunu həmişə olduğu kimi, dolayısı ilə etdi. Onun sözlərindən belə çıxdı ki, Qarabağ qazisi Əfqan Muxtarlını ermənipərəstlikdə suçlamağın özü ermənipərəstlikdir.

“Yeni Musavat” bizi bir firqənin, AXCP-nin qəzeti olmaqda ittiham edir. Qəzet kollektivini də Əli Kərimlinin muzdlu mirzələri kimi qələmə verir. 

Özləri haqqında isə, belə deyirlər – biz müxalifət qəzetindən (!) hamının qəzeti olmağı bacardıq. 

Ondan başlayaq ki, Azərbaycan dilində hamı və xalq heç də eyni mənanı vermir. Məsələn, belə bir cümləyə fikir verək: “Prezident içəri daxil olarkən, daxili işlər naziri Ramil Usubov başda olmaqla, rəislərin hamısı ayağa qalxdı”. Yəni bu cümlədəki hamı xalq mənasını vermir. Nazirlərin hamısı, icra başçıların hamısı və s. ifadələr müəyyən bir qrupun cəm halda bir yerdə olmasına, yaxud birlikdə nəsə etməsinə işarədir. Məsələn, “hamı rüşvət alır”, “hamısının xaricdə villası var” kimi ifadə və cümlələr işlədildikdə bəlli bir kəsimdən söhbət getdiyi anlaşılır. Hamı sözünü axırıncı hərfsiz söyləmək isə, ayıb sayılır. 

Azərbaycanda xalqın qəzeti olmaq, çox ağır, fəqət şərəfli bir missiyadır. Avtoritar bir rejimdə “Azadlıq”ın fəaliyyəti buna əyani sübutdur. Əməkdaşlarının həbs və təqib edilməsi, hakimiyyət tərəfindən yaradılan mərhumiyyətlər – süni maneələr, hər an təhlükə ehtimalı yalnız bu qəzetə aiddir. 

Bir anlığa təsəvvür edək ki, “Azadlıq” qəzeti oriyentasiyasını dəyişərək, nə ölkə başçısını, nə Ramiz Mehdiyevi, nə də ki Ramil Usubov başda olmaqla söz sahibi olan beş naziri tənqid etmir… 

Arqumentimiz də belə olur ki, biz “hamı”nın qəzetiyik (Xalq arasında belə qəzetlərin kollektivinə “balaşka”lar deyirlər).

Altı aydır ki, həftədə 50 manat alan qəzet kollektivimiz üçün bundan böyük təhqir ola bilməz. Bax budur bizim fərqimiz.

“Yeni Müsavat”ın baş redaktoru, eləcə də onun vicdanını itirmiş və itirməkdə olan əməkdaşları bizi zombi kimi qələmə verirlər. Təəccüblənməyin, haradasa haqlıdırlar. Onlara elə gəlir ki, yaxşı yaşamaq nə olduğu, ölkədəki bunca haqsızlıqlara göz yummağın “mükafatları” haqqında bizim təsəvvürümüz yoxdur. Hər iki qəzet arasında yüzlərlə paraleldən birinə nəzər salaq.

“Ötən ilin dekabrında Qarabağ qazisi Zaur Həsənov Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandırdı. Çünki onun beş uşağını dolandırdığı kiçik kafesini AHK sədri, deputat Səttar Mehbalıyev ələ keçirmişdi. Erməni gülləsindən ölməyən Zaur Həsənov Bakının mərkəzində intihar etdi. 

Zaur Həsənov AXCP üzvü deyildi, xalqı uğrunda əlil olmuş qazi idi. Səttar Mehbalıyev isə, əksinə, xalqın fəlakətləri üzərindən var-dövlət sahibi olan iri məmur idi. 

“Azadlıq” həmişə olduğu kimi, xalqın qəzeti olduğunu bir daha sübut etdi. “Yeni Müsavat” isə sona qədər Səttar Mehbalıyevi dəstəklədi. Qəzetin Zaurun ölümündən sonra manşetə çıxardığı və Səttar Mehbalıyevi müdafiə edən çoxsaylı yazılarından birindən sitat gətirirəm, buyurun:

“Onun ailəsinə dövlət yardım edəcək, uşaqlarının hər birinə aylıq 300 manat pul veriləcək. Ailəsinin hər bir problemi də həll ediləcək. Həyat yoldaşı və uşaqları işlə təmin olunacaq. 100 min manat isə birdəfəlik yardım verilib. Axı bundan artıq nə olmalıdır”(“Yeni Müsavat” 29 dekabr, 2013 -cü il)?..

Göründüyü kimi, burda “hamı” Səttar Mehbalıyevdir, intihar etmiş qazinin qiyməti də 100 min manatdır. Biz “zombi”lər isə, qazi Zaur Həsənovun ölümünün günahkarı olan deputatın cəzalanmasını istədik… Yazımı Müsavat başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqovun o məhşur bəyanatından Rauf Arifoğlunu xarakterizə edən iki fraza ilə bitirməyi  özümə borc bilirəm, buyurun: “Müxalif düşərgə haqqında böhtanlar, hakimiyyətin işinə yarayan dezinformasiyalar yayan… və …mənsub olduğum partiyaya qarşı böhtan atan”…ÿ

Razılaşın ki, bundan sonra qəzetində “Yadigar Sadıqov ona təcridxanada ”Yeni Müsavat”ın verilməməsindən şikayət edir” başlıqlı yazı vermək üçün yalnız Rauf Arifoğlu olmaq lazımdır…