O maddə Xədicə İsmayıla şamil edilə bilməz

Müzəffər Baxışov: «Prokurorluğun bəyanatı bir daha göstərdi ki, bu qurum sifarişlə fəaliyyət göstərir»

Hakimiyətin repressiya siyasəti davam edir. Amma hər dəfə ictimai-siyasi fəalların həbsi ilə bağlı “səbəb” tapılanda, hakimiyyətin nə qədər cılız olması daha da aydınlaşır. Hətta 37-ci ildə belə adamları belə tutmurdular. Bir yazıçını həbs edirdirdilərsə, yazdıqlarına görə həbs etdiklərini də etiraf edirdilər. Bizdə isə danışanı narkoman kimi, yazanı xuliqan kimi həbs edirlər.

Son olaraq araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl siyasi sifariş əsasında həbs olundu.  Xədicə xanımın həbs xəbəri gözlənilən idi və dəfələrlə ən yüksək səviyyədə buna işarə olunmuşdu.  

Budəfəki “ssenari” yə görə, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmişÿ Tural Mustafayev ÿ2014-cü il oktyabrın 20-də zəhər qəbul edərək, özünü öldürmək istəyib. Bunun səbəbi isə Xədicə Ismayılın bu şəxsi işdən uzaqlaşdırması və sonradan işlədiyi “Meydan TV”-dən də məhz Xədicə Ismayılın göstərişi ilə çıxarılması olub. Yəni “qəhrəman” işdən çıxarıldığına görə intihara cəhd edib.

Qeyd edək ki, Meydan TV-nin icraçı direktoru ÿEmin Milli (Abdullayev)ÿXədicə Ismayılın həbsi ilə bağlı bəyanat yaydı və Tural Mustafayevin işinə laqeyd yanaşdığı, verilən tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına görə Meydan TV-dəki işindən uzaqlaşdırıldığını bildirdi.

Amma operativ hüquq mühafizə orqanlarımız Tural Mustafayevin şikayəti əsasında işə başlayıb və Cinayət Məcəlləsinin 125-ci “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb. “Tural Mustafayev Baş Prokurorluğa müraciət edərək,ÿ”Azadlıq” radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuşÿ Xədicə Ismayıl tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi haqda məlumat verib. O, həmçinin mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar Xədicə Ismayıl barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib”- deyə prokurorluğun açıqlamasında bildirilir.

Məsələnin maraqlı tərəfi də burdan başlayır. Il ərzində yüzlərlə intihar hadisəsi qeydə alınır. “Koroğlu” metrosunun yaxınlığındakı körpü “intihar körpüsü” adlanır. Statistika göstərir ki, belə intiharların böyük əksəriyyəti məmur özbaşınalığı ilə bağlıdır. Amma bu faktlarla bağlı kiminsə həbs olunduğunu, kiminsə haqqında cinayət işi başladığının şahidi olmamışıq.

Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması isə bütün ölkə ictimaiyyətini sarsıtdı. Bu hadisə sosial şəbəkələrin, mətbuatın əsas mövzusuna çevrildi. Məlum oldu ki, Zaur Həsənova məxsus obyekt tanınmış bir məmur tərəfindən mənimsənilib. Bu intihar cəhdi ölümlə nəticələnsə də, heç kimi həbs etmədilər və məsələ belə də unuduldu. 

Necə olur ki, insanların faciəvi taleyinə biganə qalan, vətəndaşı intihar həddinə çatdıran məmura qarşı tədbir görməyən aidiyyəti orqanlar, psixi problemi olan birinə görə tanınmış jurnalısti həbs edir? Bu nə ziddiyyətdir?

Göründüyü kimi, Azərbaycanda qanunun qüvvəsi insanlara görə dəyişir. Qanun hakimiyyəti mədh edənlərlə tənqid edənlər arasında seçim edə bilir.

Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Xədicə Ismayılın həbsi tamamilə absurddur: “CM-nin 125-ci maddəsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma, cinayət məsuliyyəti yaradır. Indiki halda Tural Mustafayev Xədicə Ismayıldan asılı şəxs ola bilməz. Tural Mustafayev müstəqil şəxsdir. Eyni zamanda Xədicə Ismayıl nə ”Azadlıq” radiosunun, nə də “Meydan TV”-nin rəhbərliyində təmsil olunmur. O hər hansı şəxsi işdən çıxarmaq iqtidarında deyil”.

Ekspert onu da əlavə etdi ki, baş verənlər Prokurorluğun sifariş əsasında işlədiyini bir daha ortaya qoydu: “Prokurorluğun yaydığı bəyantdan sonra aydın olur ki, bu ölkədə istənilən adamı istənilən ittihamla həbs etmək olar. Bu bir daha sübut edir ki, prokurorluq bərbad vəziyyətdədir və sifarişlə fəaliyyət göstərir. Prokurorluğun bəyanatında bildirilir ki, Xədicə Ismayıl öz imkanlarından istifadə edərək Tural Mustafayevi işdən azad edib. Prokurorluq bunu necə sübuta yetirdi, necə müəyyən etdi? Sadəcə olaraq prokurorluq insanları törətmədikləri cinayətə görə, şər-böhtan yolu ilə həbs edir. Əvvəlcə Xədicə Ismayılı 181-ci  maddə (dövlət sirrini yayma) ilə ittiham etdilər. Bu mümkün olmadı və ictimaiyyətin ciddi təpkisi ilə qarşılandı. CM-nin 125-ci maddəsiylə Xədicə Ismayılı həbs etmək mümkün deyil. Bu nə hüququn, nə də əxlaqın prinsiplərinə uyğun gəlmir. Bu, qondarma ittihamdır və Xədicə Ismayılın qələbəsi ilə nəticələnəcək”.

Akif