Hüzurun ən gözəl rəsmi

Ölkəsində çox sevilən bir kral hüzurun ən gözəl rəsmini çəkən sənətçiyə böyük mükafat vəd edir. Sonda iki əsəri bəyənir. Tabloların birində bir göl vardı, bir güzgü kimi ətrafında yüksələn dağların görünüşünü əks etdirən göl. Yuxarıda səmadan baxan ağ buludlar… Rəsm insanlara tam bir dinclik hissi verəcək qədər gözəl idi. Ikinci tabloda da dağlar vardı, amma kələ-kötür və çılpaq dağlar. Dağların üstündəki qaralmış səmadan tökülən yağmur və çaxan şimşək rəsmi daha  vahiməli göstərirdi. Dağın ətəklərindəki şəlalə insana səs-küyü, yorğunluğu xatırladacaq qədər tünd cizgilərlə təsvir edilmişdi. Amma  kral bu gərginlik təsiri bağışlayan mənzərə fonunda qayalıqlardakı çatlaq yerdən suya tərəf əyilmiş kiçik bir kolluq gördü. Kolluğun üstündə isə bir ana quşun yatdığı yuva gözə dəyirdi. Axan suyun orta yerində ana quşun qurduğu yuva izləyənləri heyran qoyacaq qədər gözəl təsvir edilmişdi. Mükafatı kim qazandı sizcə? Təbii ki, ikinci tablo… Kral bunun səbəbini belə açıqladı: “Hüzur heç bir səs-küy, sıxıntı və ya çətinliyin olmadığı yer demək deyil. Hüzur bütün bunların içində belə ürəyimizin rahatlıq tapa bilməsidir”.

Indi siz deyin, bu ölkədə insanların ən çox nəyə ehtiyacı var? Şübhəsiz ki, bir azacıq hüzura. O rəsmi dəyərləndirən adil kralın ifadə etdiyi kimi, hüzur heç bir problem olmadan bolluq və kef-damaq içində yaşamaq  deyil axı. Hüzur, əlləri torpaqda işləməkdən qaralıb çatlamış insanın heç bir əngəllə üzləşmədən  ovcuna aldığı halal haqqının zövqünü yaşamasındadır. Hüzur, haqsızlığa məruz qalmış bir insanın tapdanmış haqlarını nəyin bahasına olursa-olsun özünə qaytarıb, evinə gülümsəyərək gedən bir hüquq adamının ədalət ölçüsünə sədaqətindədir. Hüzur, savaşda qollarını itirmiş bir qazinin onu bağrına basan dövlətin himayəsində verdiyi qurbandan tərəddüdsüz qürur duymasındadır. Hüzur, vicdanlı bir qələm sahibinin ölkənin başında duran hər hansı dövlət rəsmisinin qüsurlarını çəkinmədən tənqid edərkən, təhdid və təhqirə məruz qalmadan öz yoluna davam etməsindədir Hüzur, bir inanclı insanın qorxusuz və maneəsiz şəkildə ibadət haqqına sahib çıxaraq, istədiyi yerdə öz fikirlərini açıq səsləndirə bilməsindədir. 

Yaşadığınız ölkədə özünüzü nə qədər hüzurlu hesab edirsiniz? “Bunca toz-duman, hədə-qorxu, həbslər içində hüzurmu qalar?” – deyə düşünəcəksiniz bəlkə. Haqlı sözə nə deyim ki… Axı hüzur əslində artıq bir şey istəmək də deyil. Hüzur istəmək yaşadığın ölkədə öz insanlıq haqqını istəməkdir sadəcə. Hüquq çərçivəsində çalışmaq, qazanmaq, bəhrələnmək, dəyərləndirilmək, oxumaq, yazmaq, tənqid etmək, qanundan faydalanmaq istəyidir. Öz insanını, öz hökumətini, öz rəhbərini ixtiyarsız sevmək istəyidir həm də. Məcburiyyətsiz, maskasız, saxtakarlıq və riyakarlıq etmədən sevə bilmək… Nədən bütün bunlardan məhrumdur yaşadığımız ölkənin vətəndaşları? Nədən insanların rahat, təhlükəsiz, arxayın yaşamaq haqqı əlindən alınıb bu ölkədə? Ən ilkin səbəb qanunların gücünü itirməsi və onun ayrı-ayrı şəxslərin maraqlarına tabe edilməsindədir. Hüquqlarını qoruya bilmədiyiniz insanlara nə hüzuru vəd edə bilərsiniz ki? 

Bütün insan cəmiyyətləri üçün tez-tez vurğulanan önəmli bir amil var-sabitlik. Əslində, o sabitlik deyilən şey zora söykənən recim yaratmaq və səsini çıxaran hər kəsi həbsə atmaq demək deyil. O sabitlik elə hüzurun özü deməkdir. Bizim yuxarılarda hüzurun cizgisini doğru görə bilənlər yox, sadəcə.